“Press kart” niyə zəruridir?

17.12.2021 - 14:06

“Press kart” niyə zəruridir?

“Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli “Media haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirib. 

cumhuriyyet.net “Qafqazinfo”-ya istinadən sözügedən yazını təqdim edir:

“Media Reyestrinin yaradılması kimlər üçün faydalıdır? 

İnternetin inkişafı frilans jurnalistlərin fəaliyyətlərini stimullaşdırıb. Yeni media mühiti onlar üçün əlverişlidir. Milli seqmentdə “sərbəst çalışan” və ya “müstəqil jurnalist” adlandırdığımız frilanslar kəmiyyətcə çoxalır, yeni imkanlar əldə edirlər. Amma yolları rahat, hüquqi statusları bəlli deyil. Frilanslar de-fakto mövcuddurlar, sayları artıb. Amma  de-yure tanınmırlar. Qarşılaşdıqları maneələr barədə təsəvvür formalaşdırmaq üçün nümunələr var.

Sərt karantin rejiminin tətbiqi yaxın tarixdə olub. “SMS-li icazə”nin  qrafikimizə təsir etdiyini,  planlarımızı yönəltdiyini hər kəs xatırlayır. Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin günlərində sərbəst fəaliyyətini  (SMS-siz hərəkt)  zəruri saydığı sahələrin siyahısını  tərtib edərkən, KİV-lərə də yer ayırdı (https://www.bbc.com/azeri/azerbaijan-54988240 ). İşçi  sayını 30 faizə qədər azaltmaq şərtilə fəaliyyət sərbəstliyi qazanan 8 sahə arasında KİV-lərin də yer tutması dövlətin  informasiya işinə verdiyi  önəmin göstəricisi idi. Amma prosesin  gedişində göründü ki, karantin dövründə jurnalistlərin fəaliyyəti ilə bağlı sənədləşmə tamamlanmayıb.

Daha doğrusu, əmək müqaviləsi olmayan, VÖEN alıb xidmət  müqaviləsi ilə çalışan, bir sözlə,  frilans adlanan jurnalistlər üçün məhdudiyyət var. Məşhur  imza sahibi olan çox sayda  həmkarımız frilans olduqları, sərbəst çalışdıqları  üçün karantin dövründə jurnalistlərə verilən imtiyazdan məhrum oldular.

Bu, əslində karantin rejiminə bağlı problem deyil. İşin bünövrəsi  ölkədə “sərbəst çalışan jurnalist”lərin statuslarının qanunla tanınmamasına dayanır. Karantin rejimi sadəcə bu kontekstdə mövcud olan boşluqları yenidən üzə çıxardı, aktuallaşdırdı. Problem lokal xarakterli də deyil. Qlobal platformalarda media mövzuları müzakirə edilərkən, frilanslar məsələsinə də yer ayrılır, onlara status verilməsi üçün mexanizmlər axtarılır. Bu yöndə uğurlu həll yolları tapmış ölkələrin sayı çox deyil, barmaqla sayılır.

Karantin rejimi dövründə Mətbuat Şurasına gələn zəngləri xatırlayıram. Onlarla, yüzlərlə həmkarımız zəng vurur, müraciət edir, problemin həlli üçün yardım istəyirdi. Məsələ təkcə onların hazırlaya biləcəkləri ictimai faydalı informasiyalarda deyil. Bu kateqoriyadan olanların dolanışıq problemləri də qabardı. Fəaliyyətsiz olmaq həm də qazancsız, gəlirsiz qalmaq deməkdir. Daxil olan müraciətlər  Mətbuat Şurası  tərəfindən toplanıldı,  Nazirlər Kabinetinə, Operativ Qərargaha yönləndirildi. Hökumət də humanist davrandı,  problemi ciddiyə aldı və onu aradan qaldırdı. VÖEN-lə, xidmət müqaviləsi ilə çalışan jurnalistlər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilən istiqamətlər sırasında yer tutdu (  https://apa.az/az/xeber/media-xeberler/Mtbuat-Surasi-jurnalistlrin-siyahisini-Operativ-Qrargaha-tqdim-edib-581485  ).

Məlumat üçün bildirim ki, qeyd olunan hadisə Azərbaycanda sərbəst çalışan (freelance ) jurnalistlərin  fəaliyyətinin rəsmi qurumlar müstəvisində de-fakto  tanınması yönündə ilk epizoddur. Sərbəst çalışan jurnalistlərin sayı yüksək rəqəmlərlə ifadə olunsa da, onların fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud olmayıb. İlk  dəfə 2020-ci ildə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən epizodik hal olaraq tanınıb.

Amma bu, frilans fəaliyyəti üçün təməlli həll deyil. Vəziyyətə bağlı,  keçici qərar idi. 2020-ci ilin sentyabr-noyabr  aylarında, 44 günlük Vətən Müharibəsi günlərində eyni problem təkrarən üzə çıxdı. Peşəkar, hərbi vəziyyət rejimini dərk edən, ekstremal durumlarda, savaş bölgələrində  davranış bacarıqlarına malik olan  həmkarlarımız məhz frilans olduqları üçün təcrid durumuna düşdülər.  Sərt karantin dönəmində yaşananlar  təkrarlandı.Yaxşı ki,  hökumət yenə də humanist davrandı, çətinlikləri aradan qaldırmağa çalışdı, müvəqqəti də olsa, vəziyyətdən çıxmaq imkanı yarandı.

Bu məqamda bir nüansa da diqqət yetirək. Belə ki, müharibə dövründə akkreditasiya problemi ilə üzləşən jurnalistlər təkcə frilanslar olmadı. Ekstremal durumda seleksiya aparmaq, döyüş xəttində fəaliyyət göstərə biləcək media təmsilçilərini müəyyənləşdirmək asan məsələ deyil.Ekstremal bölgələrdə fəaliyyət göstərmək bacarığı olan jurnalistlər öncədən seçilib müəyyənləşdirilməli, peşəkarlıq kurslarında iştirakları təmin edilməli, zərurət yaranan anda lazımi ünvanlarda görünməlidirlər.

Bu, son il yarım ərzində ortaya çıxan iki məşhur nümunədir. Geriyə getsək, onlarla, yüzlərlə nümunələr görərik. Çıxan nəticə budur ki, hansı kateqoriyaya aid edilməsinin fərqinə varmadan, jurnalistin fəaliyyəti hüquqla tanınmalıdır, qanuniləşdirilməli, peşə bacarıqları artırılmalıdir.

Yeni qanun problemi həll edir

“Media haqqında yeni qanun layihəsi” problemi kökündən  həll edir. 70-ci maddə ( “Press kart” ) göstərir ki, “Media Reyestrinə daxil edilmiş jurnalistlərə “Press kart” verilir”. Bu maddə ayrı-ayrı KİV subyektlərində çalışan jurnalistlərlə yanaşı, VÖEN-lə fəaliyyət göstərən, xidmət müaviləsi ilə çalışan, bir sözlə, frilans jurnalistlər üçün də keçərlidir. Bu ifadə layihədə  “mülki hüquq müqaviləsi ilə xidmət göstərən jurnalistlər” kimi əks olunur. “Press kart”ı əldə edən şəxslərin imtiyazları yaranır, hüquqları tanınır, informasiya istehsalında iştirakları hüquqi müstəvidə tənzimlənir.  “Press kart” verilmiş şəxslər “əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara daxil olmaq hüququ qazanırlar”. Bu tərtibat yuxarıda təsvir edilən hallarda jurnalistlər üçün əlavə şans yaradır, rahat fəaliyyəti təmin edir. Layihədə o da göstərilir ki, Media Reyestrinə daxil edilmiş, “Press kart” almış şəxslər  “dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunurlar”. Ən əsası isə, “peşə bacarılarını inkişaf etdirmək üçün müxtəlif platformalarda təşkil edilən kurs və təlimlərdə ödənişsiz, yaxud güzəştli əsaslarla iştirak edirlər” və sair. Qısası, normal jurnalist kimi fəaliyyət göstərmək üçün rahat müstəviyə çıxırlar. Paralel olaraq, sosial təminatlarının daha da yaxşılaşdırılması, peşəkarlığın  artırılması, fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində layihələrə qatılmaq üçün də şans və səlahiyyət  qazanırlar.

Media Reyestrinə daxil olmaq prosedurları sadədir. Müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən “Press kart” almaq imkanı əldə edir.

Beynəlxalq praktika

Məlumat üçün qeyd edək ki, “Press kart”ın tətbiq edilməsi, “Press kart” almış şəxslər üçün imtiyazların təmin edilməsi təcrübəsi dünyada var, geniş yayılıb. Nümunə üçün deyək ki, Avropanın 28 ölkəsində mövcuddur (  https://medium.com/@support_90918/how-to-get-a-press-pass-in-28-countries-11d0f81b6db ).

Bundan əlavə, beynəlxalq jurnalist təşkilatları da jurnalistlərə “Press kart” təqdim edirlər. Məsələn, beynəlxalq “Frontline Club” (FCO) onunla əməkdaşlıq edən, yaxud, müstəqil fəaliyyət göstərib peşəkar olan jurnalistlərə “Press kart” verir. FCO bəyan edir ki, “Mətbuat Kartı”nın verilməsi təşəbbüsü dünya üzrə müstəqil jurnalistlərin, xüsusən də çətin yerlərdə  və ya cəbhəyə yaxın ərazidə işləyənlərin təhlükəsizliyini təmin etmək istəyindən qaynaqlanır: ““Press kart”  peşəkar jurnalistlər üçün vacib elementdir.  Onlar jurnalistin legitimliyini  və etibarlılığını sübut edir. Mühüm xəbərlərə və hadisələrə çıxış imkanı yaradır. Özündə mətbuat kartını daşıyan jurnalistlər təcridə məruz qalmırlar, tədbirlərə rahat giriş imkanı qazanırlar, ekstremal durumlarda özlərinə qarşı şübhələri asanlıqla  aradan qaldırırlar” (https://www.frontlineclub.com/new-international-press-card-will-help-to-keep-freelance-journalists-safe/ ).

Düzdür, “Press kart”ın hansı qurum tərəfindən verilməsi də diqqət çəkən məqamlardan biridir. Yuxarıda nümunə olaraq verdiyimiz ölkələrin bəzilərində “Press kart”ın təqdimatı milli jurnalist ittifaqları tərəfindən icra olunur. Jurnalist birlikləri, assosiasiyaları, həmkarlar ittifaqları  bu missiyanın daşıyıcısı qismində çıxış edirlər. Amma bu, demokratik ölkələrədə mövcud olan tək model deyil. Məsələn, İsraildə “Press kart”ı təqdim etmək səlahiyyəti Hökumət Media Ofisinə  ( GPO-Government Press Office  ) aiddir. “Press kart”ı ilk dəfə almaq istəyən, yaxud, mövcud kartının  yenilənməsini istəyən jurnalist İsraildə   Hökumət Media Ofisinə  ( GPO) müraciət etməlidirlər (https://www.gov.il/en/service/government_press_card).

Türkiyə də  bənzər təcrübədən faydalanır. “Sarı Basın Kartı” adlanan “Press kart” Türkiye  Cumhurbaşkanlığı İletişim Offisi tərəfindən verilir.  Dövlətin  bütün qurumları bu kartları tanıyır ( https://tr.wikipedia.org/wiki/Sar%C4%B1_Bas%C4%B1n_Kart%C4%B1 ). Bir sözlə, “Press kart”ın tərtibatı və təqdimatı ayrı-ayrı ölkələrdə milli şəraitə uyğun olaraq müxtəlif formalarda həyata keçirilir. İnkişaf etmiş ölkələrdə bu tərtibat həm dövlət, həm də peşə birlikləri tərəfindən icra edilir.  Azərbaycanda hazırlanan “Media haqqında yeni qanun layihəsi”  də bənzər praktikanı bölüşür.

Məlumat üçün qeyd edək ki, milli jurnalist ittifaqları və dövlət qurumları ilə yanaşı beynəlxlq statuslu media təşkilatlarının da “Press kart” vermək praktikası mövcuddur. Beynəlxalq Mətbuat İnstitutunun (İPİ), Beynənəlxalq Jurnalistlər Federasiyasının (İFJ) və digər təşkilatların da praktikasında “Press kart”ın verilməsi var. Burada bir nüans da diqqət çəkir. Məsələn, BJF “International Press Card (IPC)”-ı jurnalist statusunu  yoxlamadan vermir. Ərizəçinin müraciəti qəbul edilir, üzərində monitorinq aparılır. Monitorinqin nəticələri müsbət olarsa, müəyyən prosedurlar keçdikdən sonra “Press kart” verilir. Beləliklə,  hüquqi nəticə yaradan sənədin, o cümlədən “Press kart”ın verilməsinin müəyyən tələblər əsasında həyata keçirilməsi kifayət qədər normal yanaşmadır.

Azərbaycanda hazırlanmış “Media haqqında yeni qanun layihəsi”ndə diqqət çəkən  digər məqam odur ki, “Press kart” yalnız əmək müqaviləsi ilə işləyən jurnalistləri deyil, eyni zamanda mülki hüquq müqaviləsi ilə xidmət göstərən jurnalistləri də əhatə edir. Halbuki müvafiq sahədəki beynəlxalq təşkilatlar nəinki “vətəndaş jurnalistikası” ilə məşğul olan şəxslərə, hətta xidmət müqaviləsi əsasında fəaliyyət göstərən jurnalistlərə də “Press kart”ın verilməsini istisna edirlər.

Tənqid edənlər kimlərdirlər? 

Qeyri-adi hal odur ki, “Media haqqında yeni qanun layihəsi”ni tənqid edənlər bəzən “Press kart”ın verilməsi və ya Media Reystri üzərində də dayanır, onları hədəfə çevirməyə çalışırlar. “Press kart”ın verilməsi Layihədə  müzakirələrə səbəb olan məqamlardan biridir. Məsələ ondadır ki, tənqidlərinin əsası yoxdur, arqumentləşdirilməyib. Əvvəla, bu “Press kart”ın əldə edilməsi üçün müraciət tamamilə könüllü xarakter daşıyır. Belə ki, Media Reyestrinə daxil olunmaq üçün müraciət etmiş jurnalist qanunla nəzərdə tutulmuş məlumatları özü  təqdim etdikdən sonra Reyestrə daxil olunmaq və bu prosesin hüquqi nəticəsini göstərən “Press kart” almaq imkanı əldə edir.  Əgər istək yoxdursa, “Press kart” almaq istəmirsənsə, alma. Əvvəlki qaydada fəaliyyətinə davam et. Kimsə səni məcbur edə, zorla  reystrə daxil edə bilməz.  Öz fəaliyyətini istədiyin kimi davam etdirə bilərsən.
Digər bir məsələ: “Press kart” həqiqətən jurnalist olduğunu deyil, jurnalistin həqiqətən Media Reyestrinə daxil edildiyini sübut edir. Bu təklifin isə olduqca xoşməramlı və medianın inkişafına yönəlmiş məqsədi var. Amma tənqidçilər, nədənsə, məsələni fərqli yöndə təqdim etməyə çalışırlar. Bəyanatlarını da elə formada qururlar ki, guya jurnalistləri müdafiə edirlər.

Məqsədləri nədir? Nə üçün frilansların hüquqlarının tanınmasını, jurnalitlərin statuslarının qanunla müəyyənləməsini, çevrələrinin cızılmasını istəmirlər? Bu barədə konkret fikir söyləmirlər. Ya beynəlxalq təcrübəni bilmirlər, ya da tənqid etmək xatirinə tənqid yolunu tutublar. Növbəti yazımızda bu məqam üzərində daha geniş dayanacağıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168832

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930