Kamera yoldaşları İlkinin əleyhinə yalan ifadə verib – MƏHKƏMƏ
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Cumhuriyyet.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadəsini davam etdirən, təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyev bildirib ki, kamera yoldaşları İlkin Süleymanovun əleyhinə yalan ifadə veriblər.
“İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi”, – şahid deyib.
Proses iyunun 3-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=176139