Səlim Müslümovun məhkəməsində şok faktlar açıqlandı

12.12.2022 - 19:52

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Cumhuriyyet.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda bir sıra şahidlər dindirilib.

Hakim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tikilməkdə olan obyektlər idarəsinin rəis müavini işləmiş Bəxtiyar İsgəndərovdan 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılan 20 milyon manatın müqabilində nə iş görüldüyünü soruşub.

Bəxtiyar İsgəndərov qeyd edib ki, 2013-2016-cı illərdə tikilməkdə olan obyektlər idarəsini rəis müavini, 2016-cı ildən isə tender komissiyasının üzvü olub.

Şahid deyib ki, sosial evlərin tikilməsi üçün tenderlər elan olunub: “Tenderlər sənəd üzərində keçirilib. Həmin tenderlərin nəticəsi əvvəlcədən bəlli idi. Tenderlərdə adı keçən şəxslərin vəzifəsi isə işdə olan sənədlərə imza etməkdən ibarət olub”.

Bəxtiyar İsgəndərov qeyd edib ki, dövlət büdcəsindən ayrılan vəsait sosial evlərin tikintisinə xərclənib, amma necə və hansı qaydada xərclənməsindən xəbəri olmayıb.

Hakim şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğunu deyib. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan olunub.

Bəxtiyar İsgəndərov istintaqa verdiyi ifadəsində göstərib ki, dövlətin ehtiyat fondundan sosial evlərin tikintisinə 20 milyon manat ayrılıb. Qeyd olunub ki, evlərin tikintisi üçün tenderlər elan olunub: “Bütün tenderlər formal olaraq həyata keçirilib. Bütün bu işləri Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlər idarəsinin rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Tender iştirakçıları yalnız sənədlərə imza ediblər”.

Digər şahid Mahir Şükürov bildirib ki, Dövlət Əmək Müfəttişliyinin Salyan, Şirvan Neftçala, Hacıqabul rayonları da daxil olmaqla 11 saylı dövlət Əmək müfəttişliyinin rəisi olub, hazırda işsizdir.

Hakim deyib ki, istintaqın gəldiyi nəticəyə görə, 2014-cü ilin may və oktyabr ayları ərzində nazirliyin Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə çatdırılması üçün rüşvət qismində sektor müdiri Emil Allahverdiyev vasitəsi ilə pul çatdırıb. Məlum olub ki, şahidin Fuad Əlizadəyə çatdırdığı pulun məbləği hər ay 4 min manat olub.

Şahid istintaqa verdiyi həmin ifadəsini təsdiq etməyib. O, heç kimə rüşvət qismində pul vermədiyini açıqlayıb.

Hakimin “Pulu bəs nə qismində vermisiniz”, sualına şahid belə cavab verib: “İndi bir işdir də düşmüşük”.

Prokuror şahidə irad bildirib: “Siz rəhbər vəzifədə işləmisiniz. İstintaqda ifadə vermisiniz, imzanız da var. Nədən çəkinirsiz?”

Şahid isə bir daha heç kimə pul vermədiyini deyib.

Digər şahid Mirsəlim Seyidov Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əmək müfəttişi işlədiyini bildirib. O, ən böyük məbləğlərdə cərimə yazdıqlarını bildirib. Qeyd edilib ki, yazılan cərimələr ümumilikdə 1 milyon 500 min manat təşkil edib.

Hakim onun istintaqa verdiyi ifadəsini elan edib. Şahid ifadəsində göstərib ki, xırda müəssisələrə cərimələr tətbiq olunub: “Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı”.

Proses dekabrın 19-da davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186313

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031