İlham Əliyev forum iştirakçılarına müraciət etdi

15.12.2022 - 11:20

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumun iştirakçılarına müraciət ünvanlayıb.

Cumhuriyyet.az-ın məlumatına görə, mətndə deyilir:

“Hörmətli forum iştirakçıları!

Sizi – “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” mövzusunda keçirilən beynəlxalq forumun iştirakçılarını səmimi-qəlbdən salamlayır, forum çərçivəsində səmərəli müzakirələr və faydalı əməkdaşlıq arzulayıram.

Özünəməxsus inkişaf modeli ilə tanınan Azərbaycan, idarəetmə və əhaliyə dövlət xidmətləri göstərilməsi sahəsində də effektiv və çoxşaxəli islahatlar həyata keçirərək, konseptual yeniliklərin müəllifi olmuşdur.

Belə unikal təşəbbüslərdən biri “ASAN xidmət” konsepsiyasıdır. Bununla da dövlət orqanları tərəfindən xidmətlər göstərilməsində vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi, korrupsiya hallarının qarşısının alınması, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu – vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması ideyalarını rəhbər tutan yeni xidmət modeli yaradılmış və bu model özünü uğurla doğrultmuşdur.

Bu uğur həm ölkə vətəndaşlarının müsbət rəyində, həm də beynəlxalq səviyyədə göstərilən maraq və münasibətdə özünü təcəssüm etdirir. “ASAN xidmət” təcrübəsi artıq bir sıra ölkələrdə tətbiq edilir. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət xidmətləri mükafatına, 2019-cu ildə isə Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülən “ASAN xidmət” Azərbaycan brendinə çevrilmişdir. “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” yaradılmış, ICESCO-ya üzv olan dövlətlərdə və Afrika ölkələrində dövlət xidmətləri sahəsində müvafiq beynəlxalq təşkilatlarla birgə ASAN mükafatları təsis olunmuşdur.

BMT-nin İnsan Hüquqları Şurası “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə qəbul edərək, beynəlxalq təşkilatları “ASAN xidmət”in uğurlu təcrübəsini təşviq etməyə çağırmışdır.

2022-ci ilin dekabr ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.

Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil etmişdir.

“ASAN xidmət” konsepsiyasının gətirdiyi digər bir yenilik xidmətin fəaliyyətə başladığı ilk gündən könüllülərin cəlb edilməsi olmuşdur. Könüllülər öz müsbət enerjiləri və müasir dünyagörüşləri ilə vətəndaşlara xidmət sahəsinə yeni nəfəs gətirmiş, beləliklə də Azərbaycanda könüllülük hərəkatı geniş vüsət almış və hazırda ictimai həyatın bütün sahələrində öz səmərəsini göstərməkdədir.

Ümidvaram ki, forumda aparılacaq geniş fikir mübadiləsi və məhsuldar müzakirələr dayanıqlı və innovativ dövlət xidmətlərinə nail olunmasına öz töhfəsini verəcəkdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=186450

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728