Firuzə Sultan-zadənin “Firuzəyi nağıllar” adlı fərdi sərgisinin açılışı olub-FOTOLAR
Dekabrın 21-də paytaxtın “QGallery” (“Qız Qalası”) rəsm qalereyasında Firuzə Sultan-zadənin milli motivlərə əsaslanan “Firuzəyi nağıllar” adlı fərdi sərgisinin açılışı olub.
Tədbirin açılışında ictimaiyyət nümayəndələri, rəssamlar, təsviri-sənətsevərlər iştirak ediblər.
Tribunainfo.az saytının əməkdaşının iştirak etdiyi sərgidə nümayiş olunan 75 əsər xüsusi bədii texnika və qrafika ilə rəngarəng karandaş, akvarel və yağlı boyalardan istifadə olunaraq ərsəyə gəlib və rəssamın yaradıcılığının tam spektrini əhatə edib.
Dekorativ, misilsiz ornamentlər və bir çox maraqlı detallar – Firuzə Sultan-zadənin rəsmlərində xüsusi möhtəşəm reallıq yaradır. Firuzə Sultan-zadənin canlı obraz və ifadələrlə dolu rəgngarəng illüstrasiyaları klassik rəssamlıq ənənəsinə sadiq qalmaqla yanaşı, həyat, hərəkət və dinamika ilə zəngindir.
Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və Şərq fəlsəfəsinə aid mövzulara da istinadlar edib.
Paytaxtın QGallery (“Qız Qalası”) rəsm qalereyası paytaxt sakinlərini və qonaqlarını Firuzə Sultan-zadənin Firuzəyi nağıllar sərgisini ziyarət etməyə və sizi ən qayğısız və xoşbəxt anlarınıza, uşaqlığınıza qaytara biləcək füsunkar illüstrasiyalardan həzz almağa dəvət edir. Sərgi 21-27 dekabr 2022-ci ilədək davam edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=186551