Bankdan kredit götürməmək və kreditlə alış-veriş etməmək üçün 15 səbəb-FAYDALI

24.01.2023 - 14:51

Banklar, hava təmizkən zorla çətirini verən, amma iki damla yağış düşdüyündə çətiri zorla əlinizdən alanlardır

Mark Tven

Bir şey almaq üçün kredit götürəndə borc pula görə faiz ödəyirsiniz, yəni öz pulunuzu faizi ödəməyə sərf edirsiniz, lakin həmin pul başqa bir şey almaq üçün xərclənə bilərdi.

Ölkədə sosial vəziyyət ağır olduğundan çətin vəziyyətə düşən əksər insanlar banklardan kreditlə pul götürməyə  və ya nağd almaq imkanı olmadığına görə lazım oldu-olmadı kreditə nəsə almağa çalışır.

Və yaxud da, tez bir zamanda ev, maşın sahibi olmaq arzusu ilə düşünmədən yüksək faizlə ev, avtomobil almaq istəyənlərin sayı kifayət qədərdir. Lakin sonradan həmin şəxslər əksər hallarda banklara olan borcları vaxtında verə bilmir və ağır maddi duruma düşürlər.

Təəssüf ki,  çoxları səhv olaraq düşünür ki, kreditsiz yaşamaq və borc götürmədən bahalı şeyləri əldə etmək mümkün deyil. Amma başa düşmək lazımdır ki, kredit yoxsulluğa  və böyük problemlərə doğru bir addımdır. Bir çox insanlarda hətta həmişə kredit götürmək “xəstəliyi” yaranır, əksər ailələrdə isə ailə üzvlərinin hamısı harasa kredit ödəyir.

Kreditin gətirdiyi problemlər onun həll etdiyi problemlərdən çoxdur. Məgər kreditsiz  yaşamaq olmazmı?! Əlbəttə ki, olar.

Bizdə tez-tez bank faizlərinin çox olmasından, bankların vətəndaşları iflas etməsindən və müştərilərin mədəni surətdə cibinə girərək hər cür vasitələrlə aldatmasından, başına oyun açması ilə bağlı şikayətlər yetərincədir. Və bu yerli mətbuatda tez-tez işıqlanır.

Amma gəlin bütün bu haqlı narazılıqları kənara qoyaq . Və düşünək ki, bankdan pul götürmək ümumiyyətlə nəyə lazımdır?!

Çoxları əmindir ki, kreditsiz böyük alış-veriş etmək mümkün deyil. Əslində kreditlə əşya almısınızsa, o zaman demək onu kreditsiz də almaq imkanınız var. Paradoks kimi görünür? Gəlin görək, niyə kredit götürməməlisən və o maliyyə vəziyyətinizə necə mənfi təsir edir.

Kreditin həyatınıza gətirdiyi fəsadları və çətinlikləri təqdim edirəm:

1. Kreditlə almaq kreditsiz almaqdan baha başa gəlir

Kreditlə, taksit kartlarla əşya alarkən onun dəyərindən əlavə faiz də ödəyirsiniz. İstehlak kreditlərində bu əhəmiyyətli ola bilər. Siz başqa şeylərə xərcləyə biləcəyiniz pulları banklara verirsiniz.

Elə insanlar var ki, pula qənaət etməkdə çətinlik çəkirlər. Hər ay banka müəyyən məbləğ vermək üçün kreditə əşyalar almağa üstünlük verirlər. Bəs eyni məbləği banksız yığmağa nə mane olur? Belə çıxır ki, psixoloji problemlər və ya maliyyəni idarə edə bilməmək, iradəsizlik səbəbindən özünüzə ziyan verirsiniz.

Məişət texnikası satan əksər şirkətlər alıcıları “ilkin ödənişsiz, faizsiz, 6 aylıq, 1 illik ödəmə” kimi yalançı reklamlarla aldadırlar.

Əslində onlar yalançı vədlərlə müştəriləri şirnikləndirərək mağazalarına dəvət edərək süni şişirdilmiş qiymətlərlə istehlakçılara malın faktiki dəyərinin az qala ikiqat qiymətinə “sərfəli kreditlə” məhsullar satırlar. Hansı ki, siz həmin məhsulu digər yerdən nağd qat-qat ucuz alaraq pulunuza qənaət etmiş olarsınız.

2. Kredit üçün müraciət edərkən banklar sığorta tətbiq edirlər.

Əksər banklar iri alış-veriş edərkən müştərini sığorta müqaviləsi bağlamağa məcbur edirlər və bununla onlar əlavə qazanc əldə edirlər. Bankın istəyi başa düşüləndir. Borcalana bir şey olarsa, sığorta şirkəti krediti ödəyəcək. Lakin borcalan üçün sığorta, malın son qiymətini artıran əlavə artıq xərcdir.

3. Kredit götürmək imkanı insanları kortəbii, impulsiv alışlara şirnikləndirir.

Mağazaya gəlirsən və yeni smartfon görürsən. Onu almaq istəyirsən, amma pul yoxdur. Satıcı sizə  onu kreditə götürməyi təklif edir, siz də razılaşırsınız.

İki həftədən sonra isə alış sevinci keçir və amma krediti daha bir-iki il ödəməli olursuz.

İlkin ödənişsiz və ya minimum ödənişlə kreditlə bir şey almaq imkanı impulsiv alışları stimullaşdırır. Bu zaman həqiqətən ehtiyacınız olmayan bir şey ala bilərsiniz və bunu sadəcə emosiyaya qapılaraq edə bilərsiz. Pula qənaət edib onun yığanda isə insan ağılla, soyuqqanlıqla alış-veriş edir.

Çünki vəsaitlərin yığılması vaxt tələb edir və bu zaman emosiyalar keçir.

4. Kreditlər gələcək gəlirlərin səviyyəsini azaldır

Faiz ödəməyə məcbur olduğunuz üçün gələcək gəliriniz azalacaq.

Kreditdən əvvəl siz müəyyən bir yaşayış səviyyəsinə alışırsınız, lakin kredit götürəndən sonra  onu qaytarmalı və faiz ödəməlisiniz. Beləliklə, adi, gündəlik xərclərinizi  azaltmalı olursunuz.

Kreditdən əvvəlki həyat standartınızı qorumaq istəyi sizi yeni kreditlər götürməyə məcbur edə bilər ki, bu da gələcəkdə əlinizdə olan vəsaitinizin daha da azalması ilə nəticələnə bilər.

5. Kredit əldə edəndə siz vaxtınızın xeyli hissəsini onun sənədləşməsinə sərf edirsiniz

Hesablayın, kredit üçün müraciət edərkən kreditin sənədləşməsinə, bankın tələb etdiyi  ödənişilərə, müxtəlif araylşlara siz nə nə qədər çox vaxt sərf etməlisiz.

Məcburi ödənişlər üçün son tarixləri izləməyi, yadda saxlamağa, bankın edə biləcəyi səhvdən yaranan problemlərin həllinə sərf edəcəyiniz zaman haqda fikirləşin.

Bu vaxt ərzində siz şəxsi işlərinizlə məşğul ola bilərdiz.

6. Kreditin gecikdirilməsinə görə cərimələr

Bu da xərc maddəsidir. Borcalan krediti vaxtında qaytarmasa, cərimələrə məruz qalır. Cərimələrin ölçüsü əhəmiyyətli ola bilər. Əşyanın dəyəri təkcə faiz məbləği ilə deyil, həm də bu cür cərimələrin miqdarı ilə artacaq.

Bununla da şəxsi vəsaitiniz əlinizdən alınır və həyat səviyyəniz aşağı düşür.

7. Kredit tarixçəsinin əhəmiyyəti şişirdilir

Banklara yaxşı gəliri olan, krediti qaytaracağına zəmanət olan şəxsə kredit verməsi sərf edir. Ona görə də kredit almaq üçün sabit iş və rəsmi gəlirin olması kifayətdir. Kredit tarixçəsi qazanmaq və gələcəkdə daha yaxşı faizlə ipoteka götürmək üçün xüsusi olaraq kiçik kreditlər götürməyin mənası yoxdur. Ən azından Azərbaycanda.

8. Əmanətdən gəlir əldə etmirsiniz

Kreditlə yaşayanda əmanət yaratmırsınız. “Yağışlı gün üçün” vəsaitiniz yoxdur və istənilən fors-major sizi iflas edə bilər. Kreditlə yaşamaq əvəzinə pul yığmaq və faiz gəliri əldə edə biləcəyiniz əmanət formalaşdırmaq daha yaxşıdır.

9. Özünüzü borclu hiss edirsiniz

Kreditlə yaşamaq psixoloji cəhətdən çətindir. Alış-verişin sevinci tez keçir və amma borcları ödəmək vaxtı çatır. Üstəlik maaşınız gecikirsə əsəbləşirsiniz. Köhnələrini ödəmək üçün yeni kreditlər götürməyə məcbur olursunuz. Və bütün bunlar tez ucuzlaşan (hər hansı bir avadanlıq, avtomobil) və bəlkə də ehtiyacınız olmayan şeylər (impulsiv alışlar) almaq naminədir. Dəyər?!

10. Kreditlərin çox vaxt gizli tələləri olur.

Kreditlər üçün müxtəlif şərtləri ehtiva edən müqavilələrdə xırda şriftlə yazılan şərtlərin olması hər kəsə məlumdur. Çoxları  müştərinin gözündən gizlədilən ödənişlər haqqında eşidib.

Bəzən kreditin bütün şərtlərini başa düşmək çətindir və bəzi şərtlər borcalanlar üçün sonradan pis sürpriz olur.

11. Kreditlər insanları gəlirinə uyğun olmadan yaşamağa sövq edir

Siz “ayağınızı yorğanıza uyğun uzadaraq” büdcəli xarici avtomobil ala bilərsiniz, lakin cəlbedici bahalı avtomobil almağa qərar verirsiniz. Nəticədə maaşın böyük hissəsi krediti ödəməyə və bahalı avtomobil saxlamağa gedir. Benzin çənini doldurmaq üçün yeməyə qənaət edirsiniz.

Kredit olmasaydı, imkanınız daxilində avtomobil alardınız və bahalı avtomobil sürmək üçün hər şeyə qənaət etməzdiniz.

12. Kreditlər iflasa səbəb ola bilər

Kreditlər çox olarsa və borcalan gecikməyə başlayırsa, hesablanmış faizlərin və cərimələrin məbləği iflasa və həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb ola bilər.

13. Faizlə borc alıb-vermək haram sayılır

Ümumiyyətlə, kredit faizli borc deməkdir. Bu isə sələmin bir növü hesab edilir. İslam dininə görə riba, yəni faizlə borc alıb-vermək haram sayılır. Əslində hazırkı bankların əksəriyyəti faiz verməklə məşğuldur. Buna şəriət terminologiyasında riba deyilir. Banklar əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etməkdənsə, əksinə, onları yüksək faizlərlə yükləyib lap pis vəziyyətə salırlar. Bu isə şəriətlə haramdır.

Düzdür, qeyd etmək lazımdır ki, dünyada İslam bankçılığı adlı iqtisadi mexanizm var  ki,  şəriət qaydalarını özündə ehtiva edən  bu tip banklar ənənəvi kommersiya banklardan fərqlidir.

14. Kredit  götürən gələcəyini xərcləyir

İnsanlar zövq almağa tələsirlər. Əgər siz 4 yaşlı uşaqlara seçim təklif etsəniz: indi bir parça tort və ya iki tam eyni, lakin sabah, böyük əksəriyyəti “bugünkü” tortu seçəcək. Daha çox qənaət etmək üçün istehlakı gələcəyə təxirə salmaq çətin və qeyri-populyar strategiyadır.

Kredit bunun əksidir. Bu, hələ vəsaitiniz olmayan mal və xidmətlərdən istifadə edərək, onların əvəzini gələcək gəlirinizlə ödəməklə cari istehlakınızı artırmağın bir yoludur. Kredit borc alanın bu gün qabiliyyətini artırır, sabahkı qabiliyyətini isə azaldır. Gələcək gəlirin bir hissəsi krediti ödəmək üçün istifadə edilməlidir. Kredit istehlakın vaxtında köçürülməsidir: gələcəkdən bu günə. İndi sən “daha ​​zənginləşirsən”, amma bu sərvəti bankdan yox, əslində öz gələcəyindən götürmüsən.

Bu “zaman maşını” üçün ödəniş kredit faizidir. Çox vaxt bu, krediti bir yarım, iki, hətta bir neçə məbləğdə ödəmək ehtiyacıdır. Buna görə də, kredit götürmək qərarı gələcək onilliklər üçün həyatınızı  müəyyən edə bilər. Deməli, kredit yüklülüyü bir çox insanın xoşagəlməz hala gələn işi tərk edib bir müddət ara verməsinin qarşısını alır. İpotekadakı mənzil başqa şəhərə köçmək üçün maneə ola bilər. Əgər kredit böyükdürsə və bahadırsa, məsələn, gəlirin yarısına qədəri onun qaytarılmasına xərclənirsə, o zaman borc alan iqtisadi vəziyyətin cüzi dəyişməsi ilə belə problemlər yaşaya bilər. Düzdür, bəzən ağır xəstəliyə düçar olan doğma,yaxın adamın təcili əməlliyat edilməsi zərurətindən böyük məbləğdə pul lazım olur.  Ancaq bu halda belə kimdənsə borc olmaq, dövlətətdən kömək istəmək, ictimaiyyətə müraciət etmək mümkündür.

15. Kreditlə yaşayan insan daim gərginlikdə qalır

Kreditlə yaşayan insan daim qorxu hissi yaşayır – müflisləşmə, işini itirmək, kollektorlarla görüş qorxusu və s.

Daimi gərginlik və krediti ödəmək üçün nədənsə imtina etmək ehtiyacı səbəbindən əsəbilik yaranır, depressiv vəziyyətlər ağırlaşır. Borcalanları daimi və ya uzun müddət davam edən stress vəziyyəti ilə təhdid edirlər. İnsan daim təzyiq hiss edir, xüsusən də kreditin qaytarılması yalnız onun üzərindədirsə.

İnsan özünə qapanır, başqa insanlarla ünsiyyətdən qaçmağa başlayır. Pul xərcləməli olduğu üçün dostları ilə görüşə bilmir. Buna görə tez-tez kredit götürən insanlar bütün əlaqələri dayandırırlar.

Yaxınlarınızla münasibətlər pisləşir. Borclu hər hansı səbəbdən, xərclənən hər qəpiyə görə qohumlarına qarşı iddialar irəli sürməyə başlayır. Sağlamlıq da pozulur. Daimi stress şəraitində fəaliyyət göstərən orqanizm bərpa olunmur. Qanda yüksək səviyyədə adrenalin saxlanılır, bu da immunitet sisteminin işinə mane olur. İnsan hər cür viruslara, bakteriyalara qarşı daha həssas olur.

Stress səbəbindən çətin vəziyyətlərin öhdəsindən gəlmək qabiliyyəti itir. İstənilən kiçik şey balansınızı poza bilər.

Təbii ki, belə vəziyyətdə heç bir istirahətdən danışmaq olmaz. Beyin davamlı olaraq “təhlükə” siqnalı göndərir və bədən döyüşməyə və ya qaçmağa hazırlaşaraq cavab verir. İnsan özün sanki müharibədə olmuş kimi hiss edir.

Çoxları yuxusuzluqdan, istirahət edə bilməməkdən şikayət etməyə başlayır. İstənilən istirahət dəqiqəsi günahkarlıq hissi yaradır, insan borcunu ödəmək üçün işləyə biləcəyini düşünür. Belə hallarda çox vaxt insanlar baş verənlərdən əlaqəni kəsmək üçün alkoqol və ya narkotikə, siqaretə  müraciət edirlər. Amma bu çıxış yolu deyil.

Psixoloqların fikrincə, bütün kredit sistemi borcalanın yaşadığı diskomfort üzərində qurulub. İnsan daimi təzyiq altında o qədər olur  ki, bu yükdən azad olmaq üçün hər şeyə hazır olur.

Çox vaxt gecikmələri olan insanlar bank işçilərinin və kollektorların hörmətsiz münasibəti ilə üzləşməli olurlar. İnsan naməlum nömrədən gələn hər hansı zəngdən qorxmağa başlayır, gecələr çölə çıxmaqdan qorxur, özünə qapalı və əsəbi olur.

Sonda belə bir nəticə çıxartmaq olar ki, kredit həm maliyyə, həm də emosianal baxımından pisdir.

Tərcümə və tərtib etdi: İmran Kərimli

 Tribunainfo.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187250

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031