Körpələrin ölümünə görə bu vəzifəlilər məsuliyyətə cəlb edildi

11.01.2024 - 11:07

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Xəbər verildiyi kimi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilmiş, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmamış, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılmış, bununla da, 4 körpə ölmüş və müəssisəyə ciddi əmlak ziyanı dəyib.

İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=197423

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829