2116-cı ildə süni intellekt insan əməyi olan əksər işləri ələ keçirəcək
Maraqlı araşdırma: “2116-cı ildə süni intellekt əksər işləri ələ keçirəcək”
Dünyada süni intellektin inkişafı son illərə damğasını vuran inkişaflar sırasındadır. Mütəxəssislər arasında aparılan sorğu süni intellektin insanların işlərini əlindən alması üçün nə qədər vaxt aparacağı ilə bağlı proqnozlar ortaya çıxarıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, alimlərin süni intellektlə bağlı apardıqları son araşdırmalara görə, 2116-cı ilə qədər süni intellekt texnologiyası işlərin çoxunu insanlardan alacaq.
Oksford Universitetinin ABŞ və Almaniyadan olan mütəxəssislərin iştirakı ilə keçirdiyi “Süni intellektin inkişafı üzrə ekspert araşdırması” adlı sorğuda süni intellektin bütün işləri insanların əlindən alması ehtimalının 50 faiz olduğu bildirilib.
2700-dən çox mütəxəssisin iştirak etdiyi sorğu, süni intellektin 2116-cı ilə qədər bir çox işlərdə insanlardan daha yaxşı və daha ucuz işləyə biləcəyinə diqqət çəkib. İştirakçılara camaşırları qatlamaq və Taylor Swift kimi sözlər yazmaq da daxil olmaqla tapşırıqların siyahısı verilib. Mütəxəssislər süni intellektin nə qədər tez bu işləri insanlardan daha yaxşı görəcəyini təxmin ediblər.
Süni intellekt mütəxəssislərinin fikrincə, 100 ildən sonra işlərin az qala yarısı maşınlar tərəfindən görüləcək və milyonlarla insan işini itirəcək. Gələcəkdə cərrahiyyə və yük maşını sürmək kimi işlərin süni intellektin üzərinə götürüləcəyi gözlənilir.
Digər tərəfdən araşdırmaya qatılan mütəxəssislər elektrik xətlərinin çəkilməsi kimi daha mürəkkəb işlərdə süni intellekt və robotlar yerinə insanlara üstünlük verilə biləcəyini vurğulayıblar.
Goldman Sachs, dünyada təxminən 300 milyon iş yerinin süni intellekt təhlükəsi altında olduğunu bildirdi. Dünya İqtisadi Forumu vurğulayır ki, süni intellekt bəzi işləri insanların əlindən alacaq, lakin bir çox yeni iş yerləri yaradacaq.
İlahin, Bizimyol.info
Short URL: http://www.cumhuriyyet.net/?p=197574