“Azərbaycanın böyük kənd təsərrüfatı potensialı mövcuddur” – “Agricola” şirkətinin direktoru
“Agricola” şirkətinin direktoru Xaliq Məmmədovun “Tribuna” informasiya agentliyinə müsahibəsi
– Ənənəvi sualdan başlayaq. “Agricola” aqrar sektorda öz dəsti-xətti ilə seçilən şirkətlərdən biridir. Şirkətin fəaliyyəti hazırda nə yerdədir və hansı yeniliklər gözlənilir?
– İlk növbədə onu qeyd etmək istərdim ki, beynəlxalq münasibətlər sistemində baş verən hadisələr, qarşıdurmalar və müharibələr dünyanın iqtisadi nizamına da təsirsiz ötüşməyib. Bu xüsusda ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr aktuallaşır və təsadüfi deyil ki, inkişaf etmiş və etməkdə olan ölkələr bu məsələyə xüsusi diqqət ayırırlar. Hələ 2010-cu ildə dünyanın nüfuzlu ekspertləri, beyin mərkəzləri bununla bağlı beynəlxalq ictimaiyətə xəbərdarlıq edir, ərzaq təhlükəsizliyi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edirdilər. Onlar açıq şəkildə bildirirdilər ki, bəşəriyyəti qarşıda çox ağır iqtisadi təlatümlər gözləyir və yerli istehsalı artırmaq, eləcə də qida təhlükəsizliyini təmin etməklə gözlənilən itkilərin qarşısını almaq mümkündür.
Avropa və Asiya qitələrinin qovşağında yerləşən, strateji əhəmiyyətə malik olan Azərbaycanda 3 iqlim qurşagının 8 tipi var. Eyni zamanda zəngin təbiətə malikdir və kənd təsərrüfatı, ərzaq yetişdirmək üçün geniş imkanları və potensialı mövcuddur. 44 günlük vətən müharibəsindən və lokal antiterror əməliyyatından əldə edilən tarixi Zəfər bir millət olaraq, dövlət olaraq şanlı qələbəmizi təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının inkişafı üçün də münbit şərait yaradıb. Xüsusən işğaldan azad edilən torpaqlarda fermer təsərrüfatlarının, əkin sahələrinin və otlaq sahələrinin yaradılması imkanları yaranıb. Unutmaq lazım deyil, cəmiyyətin inkişafı, gənc nəslin gələcəyi sağlam qidalanmadan bilavasitə asılıdır. Məhz elə bu səbəbdən də müasir dünyamızda ərzaq təhlükəsizliyi və sağlam qidalanma məsələlərinə xüsusi önəm verilir və prioritet istiqamətlər olaraq götürülür.
Bu gün dünyanın ən böyük ölkəsi ABŞ-da “Fast-food” tipli qidalara üstünlük verilir ki, Amerika hökuməti bundan çıxış yolları üzərində işləyir. Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı və bir alim kimi ildə bir neçə dəfə Azərbaycanln demoqrafik vəziyyətini dərindən araşdırıram. Əhali artımı, doğuş və ölüm nisbəti, nikahlar və boşanmalar, bir sözlə, demoqrafik vəziyyət şirkətimizin fəaliyyət istiqamətinin müəyyənləşməsində başlıca yerlərdən birini tutur. Konkret fəaliyyətimizə gəldikdə isə, “Agricola” şirkəti mineral və orqanik kübrələr, maye kübrələr, bitki mühafizə vasitələrinin idxalı və satışı ilə məşğuldur. Biz təkcə ticarət sahəsində deyil, eləcə də konsaltinq sahəsində də fəaliyyət göstəririk. Yeni aqrar müəssisələrin fəaliyyətində sahibkarlara yaxından dəstək göstərir, onlara bələdçilik edirik. Orqanik və daha çox məhsul istehsalı, satış potensialının artırılması istiqamətində fəaliyyətlərinə dəstək oluruq.
Rusiyanın nəhəng transmilli korporasiyaları ilə əməkdaşlıq edirik. Qida Təhlükəsizliyi Agentliyinin standartlarına cavab verən anbar sistemimiz də mövcuddur. Eyni zamanda Rusiyadan Azərbaycana məhsul idxalını həyata keçiririk. Dünyanın ən nüfuzlu şirkətlərinin məhsullarını idxal edən bir müəssisələrdən biriyik. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, yerli şirkətlər arasında aparıcı mövqedə yer alırıq və heç şübhəsiz bu, sistemli, ardıcıl, elmi-metodiki fəaliyyətimizin nəticəsidir. Ailə-fermer təsərrüfatlarına, kiçik və orta biznes subyektlərinə, iri aqroparklara və istehsalçılara kübrə və bitki mühafizə vasitələrindən istifadə qaydaları barədə konsaltinq xidmətləri göstəririk. Misal üçün, torpağın analizini götürür, onu laborator müayinələrdən keçirir, uyğun kübrələmə proqramını təqdim edir, növbəti mərhələdə isə yarpaqdan analiz götürərək, mümkün xəstəlik ehtimallarını nəzərdə keçiririk. Əgər hər hansı bir xəstəlik aşkar edilərsə, bu zaman müvafiq resepturanı təqdim edirik. A-dan Z-yə qədər aqrar konsaltinq xidmətlərini təkil edirik. Həm Azərbaycanda, həm də xaricdən cəlb etdiyimiz mütəxəssislərlə birlikdə prosesi maksimum yüksək peşəkarlıqla təşkil edir, nəzarətdə saxlayır, həm məhsuldarlığın artmasına, həm də sağlam məhsul yetişdirilməsinə nail oluruq.
– “Agricola”nın fəaliyyət istiqamətlərindən danışdınız. Şirkət ticarət və satış strategiyasını hansı formada və üsullarla həyata keçirir?
– Qeyd etdiyim kimi, “Agricola” şirkəti olaraq dənli bitkilər üçün torpaq kübrələrini idxal edirik. Əsasən də qarğıdalı üçün. Məlumdur ki, qarğıdalı ölkəmiz üçün strateji əhəmiyyətli bir məhsuldur və yüksək ixrac potensialı mövcuddur. Lakin qarğıdalının maya dəyəri hazırda çox yüksəkdir. Bunun da öz növbəsində müxtəlif səbəbləri var. Bu sahədə əsaslı dönüşə nail olmaq üçün ilk növbədə yerli istehsalı stimullaşdırmaq lazımdır. Misal üçün, Qəbələ İnsulin Zavodu qarğıdalı istehsalı üçün xammal rolunda çıxış edə bilər. Hansı ki, Mərkəzi Asiyada belə bir müəssisə mövcud deyil. Rusiyada isə müasir tələblərə cavab vermir. Kifayət qədər imkanlarımız var ki, onlardan düzgün istifadə edilməlidir. Aidiyyatı dövlət qurumları bu istiqamətdə ciddi araşdırmalar aparmalı və nəticələr ortaya qoymalıdır.
Məsələn, texniki bitkilərə daha çox torpaq ayıranda qoyunçuluğu sıradan çıxarmış oluruq. Bununla bağlı mətbuatda da çıxışlarım olub. Məhz buna görə də, quzu və mal ətinin, süd məhsullarının qiymətləri çox yüksəkdir. Nəzərə alanda ki, qida rasionumuzda ət və süd məhsulları mühüm yer turur, qiymət artımlarını doğuran səbəbləri aradn qaldırmaq barədə düşünməliyik. Torpaqlarımız daha çox texniki bitkilər üçün ayrılıb və nəticədə mal-qara üçün qışlaq-otlaq sahələrinin sayı azalıb. Çıxış yolu olaraq alternativ dövlət proqramları qəbul edilməlidir. Ya qapalı, ya da yarımqapalı qoyunçuluq təsərrüfatını genişləndirməliyik. Dünya təcrübəsində bundan geniş istifadə olunur və kifayət qədər uğurlu nəticələri var. Azərbaycanda yem bahadır, amma yemdən də düzgün və qaydasında istifadə edilmir.
– Müsahibə zamanı bildirdiniz ki, şirkətiniz bir çox göstəricilərinə görə rəqiblərindən fərqlənir. Bu, konkret hansı cəhətlərdə özünü daha çox göstərir?
– Qürurla deyə bilərəm ki, “Agricola”nın istehsal etdiyi məhsullar oqranikdir. Hansı ki, orqanik məhsul idxalı kübrə bazarı üçün olduqca zəruri bir amildir. Digər yandan dünyanın aparıcı, böyük inkişaf yolu keçmiş və brend şirkətləri ilə əməkdaşlıq edirik. Anbarlarımızda məhsulların saxlanma şəraiti Qida Təhlükəsizliyi Agentliyinin bütün normativlərinə cavab verir. Yalnız mövsümə uyğun məhsulları idxal edirik. Mineral və orqanik kübrə idxalına xüsusi diqqət ayırırıq və bu sahə bizim üçün strateji əhəmiyyət kəsb edir. Məhsulların təşviqatı istiqamətində fəaliyyətimiz davam edir. Yaxın günlərdə regionlara səfərlərimiz olacaq. Daha ucuz və keyfiyyətli kübrələrin təqdimatı təşkil olunacaq. Fermerləri maraqlandıran suallara cavab verərək onları orqanik məhsullarımızla tanış edəcəyik.
Yaxın üç il ərzində bazarın təxminən 25-30 faizinin mineral və orqanik kübrələrə adaptasiya olunmasını özündə ehtiva edən proqram layihəsi hazırlamışıq. “Agricola”nı digər şirkətlərdən fərqləndirən əsas cəhətlərdən biri də konsaltinq fəaliyyəti göstərməsi, fermerlərə bələdçilik etməsi, hərtərəfli dəstək göstərməsidir. Yaxın üç il ərzində bazarda liderliyi ələ almağı hədəfləyirik və buna nail olacağımıza şübhə etmirik. “Aqronomlar klubu”nu yaratmaq, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən aqrar islahatlara dəstək olmaq, fermerlər arasında maarifçilik səviyyəsinin yüksəltmək niyyətindəyik.
– Regionlarda fəaliyyətinizi necə təşkil edirsiniz? “Agricola”nın hansı bölgələrdə nümayəndəlikləri mövcuddur?
– “Agricola”nın regionlarda da nümayəndəlikləri fəaliyyət göstərir. Biz təkcə satış fəaliyyəti ilə deyil, eyni zamanda qeyd etdiyim kimi, fermerlərin maariflənməsi işinə də xüsusi önəm veririk. Yaxın günlərdə cənub bölgəsində çiyələk və kartof istehsalçılarının iştirakı ilə tədbir keçirməyi nəzərdə tuturuq. Cənub regionunda, Qarabağda və digər bölgələrdə uğurla fəaliyyətimiz davam edir. Regionlardan ümumilikdə 31 satış məntəqəmiz mövcuddur. Altı adda torpaq kübrəsinin satışını təşkil edir və daha çox kükürdlü kübrələrin satışını stimullaşdırırıq. Baxmayaraq ki, bu sahə az rentabellidir, bəzən gəlir gətirmir, lakin potensialı çox yüksəkdir. Eyni zamanda bitkinin mineralları daha yaxşı mənimsəməsinə səbəb olur. Açıq torpaq sahələrində yetişdirilən dənli bitkilər, xüsusən qarğıdalının yetişdirilməsi zamanı istifadə olunan bütün növ kübrələri Azərbaycana idxal edirik.
Bu kübrələr Rusiya istehsalıdır və keyfiyyət baxımından tam zəmanətlidir. Yerli qanunvericiliyə uyğun olaraq laborator müayinələrdən keçib və yüksək keyfiyyətli məhsullar qrupuna daxil olub. Ən çox ixtisalaşdığımız sahə isə pomidor becərilən istixanalar və intensiv bağlardır. 20 adda həm saf, həm də mürəkkəb qarışıqlı kübrələri ölkəmizə idxal edirik. Maye kübrələrin idxalı da fəaliyyətimizdə xüsusi yer tutur. Burada onu da deyim ki, maye kübrələrlə bağlı fermerlərin bütün suallarına cavab verməyə və sınaq üçün müəyyən miqdarda həmin kübrələrdən pulsuz olaraq təqdim etməyə də hazırıq. Bu kübrələr məhsuldarlığı artırmağa, ekologiyanın daha az ziyan görməsinə səbəb olur. Torpaqdan yox, yarpaqdan verilir və orqanik məhsulların ərsəyə gəlməsinə rəvac verir. Eləcə də qeyd etdiyim kimi, torpağın zərər görməsinin qarşısını alır. Çünki yarpaq lazımi miqdarda kübrəni özünə çəkdikdən sonra digər hissəsi havada buxarlanır.
– Belə başa düşdüm ki, fermerlərin maariflənmə səviyyəsi yetərli deyil. Bunu artırmaq üçün hansı addımlar atılmalıdır?
– Çox təəssüf ki, Azərbaycanda fermerlərin maarifçilik səviyyəsi aşağıdır. Dövlət tərbiyəsi alan bir mütəxəssis kimi bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm. Azərbaycanda Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyası, hətta kübrə satan sahibkarların cəmləşdiyi assosiasiya fəaliyyət göstərir. Biz də o assosiasiyalara üzv olmaq istəyirik. Lakin onların fəaliyyətini müşahidə etmirik. Bazarda rəqabət aparmaq olar, ancaq assosiasiyalar hər hansı şirkətin maraqları kontekstində çıxış etməməlidir. Onların missiyası bazarda sağlam rəqabətin formalaşmasına, fermerlər arasında qarşılıqlı, faydalı və kordinasiyalı fəaliyyətin təşkilinə nail olmaqdır. Fermerlərin maarifləndirilməsi isə ilk növbədə elə onların işidir. Dövlət təkbaşına maariflənmə işlərini həyata keçirə bilməz və keçirməməlidir də.
Dövlət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq formatı qurulmalıdır. Həmin assosiasiyaların tövsiyyələri əhali qrupları, fermerlər arasında geniş şəkildə yayılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin yanında mərkəzlər, elmi-tədqiqat insitutları fəaliyyət göstərir. Həm onlarla, həm assosiativ birliklərlə, həm də fermerlərlə birlikdə maarifləndirmə işlərinin aparılmasında yaxından iştirak etməyə hazırıq. Heç şübhəsiz bu ümumilikdə fermerlərin marriflənməsinə xidmət etməklə yanaşı, bazarda sağlam rəqabətin hökm sürməsinə, eləcə də orqanik məhsulların ərsəyə gəlməsinə, nəticədə bazarda bolluğa və ucuzluğa gətirib çıxaracaq. Dövlətin və özəl sektorun birləşib uğurlu fəaliyyət modeli ortaya qoyması labüddür. Sağlam qida, ərzaq təhlükəsizliyi ordu quruculuğundan da vacib və strateji əhəmiyyətə malikdir.
– Aqrar sektor daha hansı problemlərlə qarşı-qarşıyadır və ya kənd təsərrüfatı sektorunun inkişafı nədən keçir?
– Açıq şəkildə söyləmək lazımdır ki, dünyanın heç yerində fermerlərə dəstək, subsidiyaların həcmi Azərbaycandakı səviyyədə deyil. Bir alim, mütəxəssis olaraq bunu tam əminliklə bəyan edirəm. Sadəcə prosesin icra mexanizmi lazımi və düzgün səviyyədə təşkil olunmur. Dövlət fermerin kartına vəsait köçürür, bəzi hallarda isə fermerlər bundan şəxsi məqsədləri üçün istifadə edirlər. Ayrılan vəsaitlərin 75 faizi toxuma, kübrə və bitki mühafizə vasitələrinə sərf edilməlidir. Hansı ki, bu yardım və subsidiyalar fermerlərə təsərrüfatların ehtiyaclarını ödəmək üçün ayrılır. Eyni zamanda bu vəsait adətən aprel-may aylarında verilir. Həmin dövr isə fermerlər üçün çox uğursuz bir dövrdür. Çünki azotun verilmə dövrü başa çatır. Fermerlərin kübrələri vaxtında alıb istifadə etməsi zəruridir və yalnız bu yolla məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinə, bazarda bolluğa və ucuzluğa nail olmaq mümkündür. Həm də bununla kübrə satışını həyata keçirən şirkətlərin inkişafına şərait yaradar, onların fermerlər tərəfindən borclanmasının qarşısını alarıq.
Daha bir problem isə bazarda vaxtı keçmiş kübrələrlə manipulyasiya edən şirkətlərin mövcudluğudur. Buna nəzarəti və utilizasiyanı kim ya keçirməlidir? Bütün bu suallar isə təəsüf ki, hələ də cavabsızdır. Azərbaycanda əhalinin 36 faizi kənd təsərrüfatı sahəsi ilə məşğuldur. Hollandiyada isə bu rəqəm 2 faiz civarındadır. Gəlin müqayisəyə baxaq. Biz özümüzü ərzaqla təmin edə bilirikmi?! Hollandiya bütün dünyaya pendir, gül, kübrə, yağ satır. Dünya alimləri bu gün də Azərbaycanda sovetlər dövründə mövcud olan torpaqşünaslığın yüksək səviyyəsini heyranlıqla bildirirlər. Deməli, bu ənənə bizdə də mövcud olub. Bəs niyə davam etdirmirik?! Azərbaycan torpağı kaliumla zəngindir. Amma biz torpağa kalium veririk. Kalium böyük torpaqlarda ərimir, itmir. Nəticədə fermer də ziyana düşür, torpaq da zərər görür.
Bazar çox böyükdür və hər kəsə yer var. Fermerlər biznes maraqları ilə yanaşı, bu sahəyə gələcək inkişaf rakursundan yanaşmağı, baxmağı öyrənməlidirlər. Müasir suvarma sistemlərinə keçid etmək lazımdır. Dövlət də buna şərait yaradır. Amma tənzimləmə və təşviq mexanizmləri yetərli səviyyədə deyil. Hesab edirəm ki, qarşıda görüləsi işlər hələ çoxdur. Dövlət orqanları özəl sektor və fermer təsərrüfatları ilə birgə problemin həllinə nail olmaq istiqamətində səylərini birləşdirməlidir. Yalnız bu yolla kənd təsərrüfatı sahəsində tərəqiyyə nail olmaq mümkündür. Azərbaycanın buna böyük imkanları və potensialı mövcuddur.
Short URL: http://www.cumhuriyyet.net/?p=198078