Miqrant yoxsa turist… Azərbaycana gələn əcnəbilər iki dəfəyə yaxın az pul xərcləməyə başlayıb
Azərbaycanda nə qədər böyük idman yarışları keçirilsə də, turizmin inkişafına ciddi ölçüdə təkan olmur. Böyük ehtimalla ona görə ki, yerli şərtlər uyğun deyil. Ölkədə azacıq xidmət olan yerlərdə çox bahalıqdır. Müasir turist böyük pullar xərcləməyə meyilli deyil. Üstəlik, avropalıların bizim ölkəyə gəlməkdə çətinlik yaşaması özünü göstərir. Bizimyol.info xəbər verir ki, Azərbaycanda turistlər iki dəfəyə yaxın az pul xərcləməyə başlayıb. Rəsmi məlumatlarda belə deyilir. 2023-cü ildə əcnəbilər Azərbaycanda 2 milyard 684 milyon manat xərcləyiblər. Halbuki pandemiyadan əvvəl göstərici xeyli yüksək idi. Məsələn, 2019-cu ildə əcnəbilərin bizim ölkədə xərclədiyi vəsait 4,3 milyard manata çatmışdı.
Rəsmi rəqəmlər həm də onu deyir ki, 2022-ci illə müqayisədə ölkəyə gələnlərin sayı artıb. Bu, heç də daimi xarakter daşımır. Hər şeydən əvvəl gələnlərin hamısı turist deyil. Ukrayna müharibəsinə görə Azərbaycana üz tutanlar az olmayıb. Rusiyanı 1 milyondan çox şəxsin tərk etməsi sirr deyil. Rusiyalıların bir hissəsi də Azərbaycana gəlib. Onları turist adlandırmaq olmaz. Çünki burada məskunlaşmağı seçiblər. Rusiya vətəndaşları Bakıda və Abşeron yarımadasında xeyli mənzil də alıblar. İkinci amil idman yarışları və müxtəlif tədbirlərdir. Bu, turizm müstəvisində müvəqqəti canlanma yaradır. Yəni həmin tədbir günlərində ölkəyə gələnlər və pul xərcləyənlər olur. Daimi böyük maraq müşahidə edilmir.
Çox vacib iki amili yazının əvvəlində qeyd etmişik. Birincisi, Azərbaycanda xidmət bahadır. Müasir turist obrazı pulunu küçəyə atmamağa çalışır. İkincisi, qapılar avropalıların üzünə tam açıq deyil. Onlar Azərbaycana böyük maraq göstərmirlər. Çünki viza prosedurları mürəkkəbdir. Statistika buyurur ki, Çindən gələnlərin sayı 6,5 dəfə artıb. Türkmənistandan (2,3 dəfə), Hindistandan (1,9 dəfə) gələnlər də nəzərəçarpan dərəcədə çoxalıb. Bu istiqamətlərdən gələnlərin əksəri qətiyyən turist deyil. Onları əmək bazarı maraqlandırır. Bütün statistikanı da turizmin inkişafı kimi cəmiyyətə sırımaq olmaz. Gizlədiləsi deyil, ölkəyə maraq azalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=198293