Sədərəkdə səhiyyə rüsvayçılığı: Rayonda cəmi 1 təcili tibbi yardım maşını var…

28.02.2024 - 11:07

Sədərək – Naxçıvan Muxtar Respublikasının tərkibində yerləşən bu yaşayış məntəqəsi ərazisinə görə Azərbaycanın ən kiçik rayonu hesab olunur. Belə ki, 1990-cı ildə yaradılan, cəmi 1 qəsəbə və 4 kənddən ibarət olan Sədərək rayonunun ümumi ərazisi 163,74 kvadrat kilometr, əhalisi isə rəsmi statistikada 22 973 (!) nəfər göstərilir.

Bu kiçik rayonun sakinləri tez-tez üzləşdikləri problemlərlə bağlı redaksiyamıza müraciət edirlər. Şikayətlər əsasən, məmur özbaşınalığı, kəndlilərin hər gün üzləşdikləri dözülməz və əzab-əziyyətli şəraitlə bağlı olur.

Qeyd edək ki, Sədərək ərazi və əhalisinə görə kiçik rayon olsa da, strateji baxımdan ölkəmiz üçün böyük önəmə sahibdir. Sədərək Azərbaycanda yeganə inzibati ərazi vahididir ki, 3 dövlətlə (Türkiyə, İran, Ermənistan-red.) həmsərhəddir.

Düşmənlə bir addım məsafədə yerləşən, Türkiyə ilə Azərbaycanı birləşdirən bu strateji bölgənin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu ölkə rəhbərliyi dəfələrlə qeyd edib. Lakin son illər işyarıtmaz və korrupsioner məmurların bölgədəki fəaliyyəti Sədərəyin inkişafına ciddi şəkildə mane olub. Bu məmurlar Sədərək rayonunun ölkəmiz üçün önəmini və strateji mövqeyini dərk etməkdə çətinlik çəkirlər…

Hər halda belə olmasaydı bu gün ölkə başçısı ilham Əliyevin 5 oktyabr 2010-cu ildə açılışını etdiyi, dövlət büdcəsindən böyük vəsaitlərin xərcləndiyi Sədərək Rayon Mərkəzi Xəstəxanasında acınacaqlı bir vəziyyət hökm sürməzdi. Elə rayon sakinləri tərəfindən redaksiyamıza göndərilən müraciət də məhz sözügedən xəstaxanadakı dözülməz və bərbad vəziyyətlə bağlıdır. 

Sakinlərin bildirdiyinə görə, bu gün rayondakı yeganə xəstəxananın bağlanmaq ehtimalı belə gündəmdədir.

“Xəstəxanada lazımi tibbi avadanlıqlar olsa da, uzun illərdir həkim çatışmazlığı səbəbindən bir çox şöbələr fəaliyyət göstərmir. 4 ay əvvəl xəstəxananın cərrahiyə bölməsi də fəaliyyətini dayandırıb. Bölmənin bütün avadanlıqları və tibbi ləvazimatları başqa bir xəstaxanaya aparılıb. Halbu ki, son illərə qədər bu xəstəxanada tez-tez müxtəlif cərrahi əməliyyatlar icra olunurdu. Belə bir vacib bölmənin hansı səbəbdən qapadılması ilə bağlı heç bir məlumat verilmir. Deyilənə görə, yaxın vaxtlarda xəstəxanın doğum və ginekologiya bölməsi də qapadılacaq.

Hazırda sadəcə laboratoriya bölməsi fəaliyyət göstərir. Həkimlər isə həftənin müəyyən günləri xəstəxanaya gəlir. Xəstəxanada göz, burun-boğaz-qulaq, terapiya bölmələri üzrə ixtisaslı həkimlər yoxdur. Həmçinin fizioterapiya, rentgen, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə kimi xidmətlər də mövcud deyil. Əhali bu sadaladığımız xidmətlərin heç birindən yararlana bilmir. İnsanlar sıradan tibbi xidmətlər üçün kilometlərlə məsafə qət edərək Muxtar Respublikanın digər rayonlarındakı xəstəxanalara üz tuturlar”,-deyə müraciətdə qeyd olunur.

Müraciətdə bildirilir ki, bu gün 20 mindən artıq əhalinin yaşadığı Sədərəkdə cəmi 1 təcili tibbi yardım maşını var:  “Deyilənə görə, ötən həftə xəstəxananın tabeliyindəki 2 təcili tibbi yardım maşını gözlənilmədən Naxçıvana aparılıb. Həmin avtomobillərin rəsmi şəkildə başqa bir xətəxanaya veriləcəyi bildirilir. Hazırda rayondakı yeganə təcili tibbi yardım maşını isə lazımi avadanlıqlarla təchiz olunmayıb və köhnədir. Təsəvvür edin, 20 minlik bir rayonda cəmi 1 təcili tibbi yardım maşını var. Yəni, bu qədər əhalinin olduğu rayonda eyni anda iki və ya daha çox müracət olsa, onlardan cəmi biri sağ qalacaq. Səhiyyə sistemindəki bu bərbad vəziyyət səbəbindən təcili tibbi yardım personalı seçim qarşısında qalır, xəstələrin isə həyatları təhlükəyə düşür”.

Qeyd edək ki, il ərzində rayon sakinləri tərəfindən təcili tibbi yardım bölməsinə 3-4 min arası müraciət daxil olur. Bu, gün ərzində 10 çağırış deməkdir. Sözügedən avtomobillərin hansı məntiqlə xəstəxanadan alınması haqda isə heç nə deyilmir. Hər halda belə bir addım atan şəxslər sabah yaşana biləcək bədbəxt hadisələr zamanı bütün məsuliyyəti boyunlarına götürə biləcəklər…

Maraqlı bir faktı da diqqətə çatdırmaq istərdik ki, Sədərək Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini uzun illərdir Kəmalə İbrahimova icra edir. O, bu, vəzifəyə Sədərəyin sabiq icra başçısı Həbib İbrahimovun dövründə təyin olunub. Həmçinin İbrahimovanın Vasif Talıbovun sabiq müavini Azər Zeynalovla qohumluq əlaqələri var. Hər halda qeyd olunanlardan sonra bu cür idarəetmə “qabiliyyəti” olan birinin uzun müddət xəstəxanaya rəhbərlik etməsi heç kəsdə təəccüb doğurmaz.

Xatırladaq ki, bu xəstəxana açılarkən əhaliyə tamam fərqli vədlər verilmişdi. Həmin vaxt deyilirdi ki, guya 3 mərtəbəli, 26 çarpayılı, müasir tibbi avadanlığın quraşdırıldığı bu səhiyyə ocağında yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları olacaq, cərrahiyyə əməliyyatları aparılacaqdı. Ölkə başçısı da xəstəxanın açılışı zamanı qeyd etmişdi ki, “Əgər ehtiyac yaranarsa, əmin olmaq istəyirəm ki, bu xəstəxanada ən yüksək tibbi xidmət və qayğı göstəriləcəkdir”.

Ancaq reallıq ondan ibarətdir ki, uğursuz təyinatlar və kadr yarıtmazlığı səbəbindən xəstəxananın fəaliyyəti çox aşağı düşüb. Əhalinin sağlamlığı adına təcili olaraq bu xətəxanada ciddi dəyişikliklərə, eləcə də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diqqət və qayğısına böyük ehtiyacı var.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198887

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930