Xəstə uşaqlara yığılan pullar mənimsənilib – MƏHKƏMƏ İŞİ

04.04.2024 - 10:58

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasa təqsirləndirilən Nuridə Seyidovanın vəkili gəlməyib.

Sədrlik edən hakim Azad Məcidov deyib ki, vəkil Lətifə Kərimova artıq ikinci dəfədir, məhkəməyə gəlmir. Bu səbəbdən Vəkillər Kollegiyasına müraciət ediləcək. Belə ki, N.Seyidova bir müddət əvvəl dövlət hesabına vəkillə təmin olunmasına baxmayaraq, müdafiəçidən imtina edib, Lətifə Kərimova ilə müqavilə bağlayıb. Lakin həmin vəkil iclaslarda iştirak etmir. “Biz məhkəmə istintaqını başlaya bilmirik. Vəkil hər dəfə məhkəmə iclasını qəsdən pozur. Get, özünə başqa vəkil tut”, – deyə hakim müttəhim Seyidovaya səslənib.

Prosesdən sonra zərərçəkmişlə təqsirləndirilən şəxslərin yaxınları arasında narazılıq yaranıb. Təqsirləndirilən şəxslərdən birinin yaxını zərərçəkmiş şəxslərdən birinə şikayət etdiyi üçün qarğış edib.

“Xəstə uşaqların pullarını yeyiblər, indi artistlik edirlər”, – deyə talassemiyalı uşağın atası cavab verib. Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə bir milyon manata yaxın dələduzluq edib.

Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova həbsdədir. Digərləri barədə həbsə alternativ qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=199904

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31