6 ağır maddə ilə ittiham olunan sabiq rəisə şərti cəza verildi

09.07.2024 - 14:46

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzova hökm oxunub. Musavat.com xəbər verir ki, hakim Fəhmin Hümbətovun elan etdiyi hökmlə Cavanşir Əvəzova şərti cəza verilib. Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzov bələdiyyələrə təzyiq göstərməklə torpaq sahələrini qanunsuz yolla ələ keçirməkdə ittiham olunub. İttihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək bələdiyyələrdən qeyri-qanuni olaraq aldığı torpaq sahələrini yaxınlarının adına sənədləşdirib.

Cavanşir Əvəzov Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluqda (178.4), xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhddə (29,178.4), cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ( 193-1.3.2), açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə etmədə (308.1), Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlamada (320.1), Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmədə (326.1) ittiham olunurdu.

Cavanşir Əvəzov barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdi. O, cinayət işi ilə bağlı bir müddət əvvəl vəzifəsindən azad olunub. İş üzrə zərərçəkmiş qismində tanınmış bələdiyyələrə və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə dəymiş ziyan yarım milyon manatdan çoxdur.

Cavanşir Əvəzov vəzifədə olarkən bir qrup Qusar rayonu sakini ölkə rəhbərliyinə müraciət ünvanlamışdı. Həmin müraciətdə qeyd olunurdu ki, Cavanşir Əvəzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Qusar rayonunda vətəndaşların ümumi istifadəsində olan örüş-otlaq sahələrini zəbt edib, qanunsuz yollarla mənimsəyib.

Mətbuatda yayılmış həmin məktubdan sitat: “Cavanşir Əvəzovun “iş prinsipi” belədir: bələdiyyələrlə sövdələşmələrə girərək köhnə tarixə öz qohumlarının adına qərar yazdırır. Sonra həmin qərarı arxivə təhvil verilmiş kitablara qeyd etdirir. Bundan sonra 2006-cı il tarixə saxta Dövlət Aktı hazırlayır. Bundan sonra DƏDRX-nə çıxarışın verilməsi üçün müraciət edir. Təbii ki, Dövlət Aktı saxta olduğu üçün DƏDRX çıxarış verilməsindən imtina edir. İmtina olunmuş qərardan məhkəməyə şikayət olunur. Nəticədə məhkəmə çıxarışın verilməsi ilə bağlı qərar qəbul edir və məhkəmə qərarı əsasında satılması qanunla qadağan edilmiş və insanların ümumi istifadəsində olan torpaq sahələrinə çıxarış əldə olunaraq, digər şəxslərə yüksək məbləğə satılır. Təkcə bir nümunəni qeyd edək: Qusar rayonu Qullar kəndində 25.95 hektar torpaq sahəsini ilkin olaraq qohumu Gəncəli Əhəd oğlu Xudaverdiyevin adına sənədləşdirib, sonra Sumqayıt ASAN Xidmətinin notariat kontorunda 4Ə-1280 nömrəli sənədlə Xaliq Nəriman oğlu Abbasova 270 min manata satıb. Bu, yalnız bir ərazidir”.

Daha sonra məktubda Cavanşir Əvəzovun qanunsuz yolla ələ keçirdiyi iddia olunan ərazilərlə bağlı konkret ünvanlar və adlar göstərilirdi: “Cavanşir Əvəzov Qusar rayonu Samur bələdiyyəsinin sabiq sədri Albina Muradxanovaya müxtəlif vasitələrlə təzyiqlər göstərib və bunun nəticəsində əhalinin otlaq sahəsi kimi istifadə etdiyi 17 hektar torpaq sahəsini mənimsəyərək qohumu Ziyadxan Balay oğlu Zeynalovun adına sənədləşdirib. Qeyd olunan 17 hektar torpaq sahəsi guya 01.12.2005-ci il tarixdə bələdiyyə qərarı ilə Ziyadxan Balay oğlu Zeynalova satılıb. Bunun nəticəsində 319 nömrəli 12.05.2006 saylı Dövlət Aktı saxta yollarla çap edilib. Keçmiş tarixə tərtib edilmiş sənədlər dövlət reyestrində olmadığı üçün həmin torpaq sahəsinə çıxarış verilməsindən imtina edilib. Bundan sonra Cavanşir Əvəzov öz nüfuzundan istifadə edərək məhkəmə orqanlarına təzyiq göstərib, Sumqayıt İnzibati-İqdisad Məhkəməsinin qərarı əsasında torpaq sahəsinə çıxarış əldə edib.

Cavanşir Əvəzov Zeynalov Ziyadxanla arasında olan qohumluq əlaqəsi səbəbi ilə torpaq sahəsini uzun illər yanında sürücü kimi işləyən Şirinov Saleh Sərdar oğlunun atası Şirinov Sərdar Əkbər oğlunun adına alqı-satqı edərək arada olan əlaqəni itirməyə çalışıb”.

Məktubda yerli əhalinin Cavanşir Əvəzovun hərəkətlərinə etiraz etdiyi bildirilirdi: “Cavanşir Əvəzov Qusar rayonu Quxuroba kəndi ərazisində 9.57 ha torpaq sahəsini saxta bələdiyyə qərarı və saxta Dövlət Aktı hazırlayaraq şəxsi sürücüsü Şirinov Salehin atası Şirinov Sərdar Əkbər oğlunun adına sənədləşdirib. Sənədlərin saxta olması səbəbindən həmin torpaq sahəsinə daşınmaz əmlak reyestrindən çıxarış verilməsindən imtina olunub. Bundan sonra Cavanşir Əvəzov yenə məhkəmə orqanlarına müraciət edərək həmin torpaq sahəsinə dair çıxarışın alınmasına çalışıb. Nəticədə Sumqayıt İnzibati Məhkəməsi Cavanşir Əvəzova lazım olan qərarı qəbul edib. Lakin Quxuroba kənd sakinləri və Quxuroba bələdiyyəsi buna etiraz bildirərək, qərardan apellyasiya şikayəti verib.

Vəziyyətin pis olduğunu görən Cavanşir Əvəzov vəkili vasitəsi ilə iddianı geri götürüb və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən 2-1 (118)633-2020 saylı qərar ləğv edilib. Qeyd olunan 9.57 ha torpaq sahəsinin satılmasına dair saxtalaşdırılmış 19.09.2004-cü il tarixli 11 saylı bələdiyyə qərarına Səfərov Muqmin Aydabəy oğlu adında şəxs imza atıb. Lakin bu adda şəxs Quxuroba bələdiyyəsində ümumiyyətlə işləməyib. Həmçinin, Cavanşir Əvəzov qeyd olunan torpaq sahəsinə ağır texnika göndərərək burada şumlama işlərinin aparılmasına cəhd edib. Bu zaman Quxuroba kənd sakinləri və bələdiyyə üzvləri toplaşaraq buna mane olublar”.

İddia olunur ki, bölgədəki digər ərazilərdə də eyni üsuldan istifadə olunub: “Cavanşir Əvəzov çox yaxın dostluq əlaqəsində olduğu Xaçmaz rayon Hülovlü bələdiyyəsinin sədri Allahverdiyev Hənifə Nadir oğlunun adına köhnə tarixə Qusar rayon Samur qəsəbəsi ünvanında 30.66 hektar torpaq sahəsinə saxta sənəd əldə edib. 10.03.2006-cı il tarixli JN006 kod 30102018 kimi qeyd olunan torpaq sahəsi guya 2006-cı ildə Allahverdiyev Hənifəyə satılıb. Cavanşir Əvəzov həmçinin qohumu Zeynalova Əsmər Nəcməddin qızının adına Şabran şəhəri ərazisində 150 hektar otlaq sahəsi əldə edib və bundan sonra həmin torpaq sahəsini atası Zeynalov Məhərləm Balay oğlunun adına rəsmiləşdirib (07.08.2019-cu il Şabran notariat kontoru N106)”.

Şikayətçilər qeyd edirlər ki, rəisin əməllərilə bağlı Ədliyyə Nazirliyinə dəfələrlə şikayət etsələr də, bunun faydası olmayıb: “Cavanşir Əvəzov dövlətin ona verdiyi səlahiyyətdən istifadə edərək məhkəmə orqanlarına təsir göstərir və bələdiyyələrdən aldığı qeyri-qanuni torpaq sahələrini sənədləşdirməklə məşğuldur. Ona haqq verməyən və onun dediyi ilə razılaşmayan bələdiyyələrə müxtəlif təzyiqlər edir, onlara qərəzli audit yoxlamaları təşkil edərək, süni problemlər yaradır. Bununla bağlı Ədliyyə Nazirliyinə dəfələrlə şikayət edilib. Lakin bütün müraciətlər nəticəsiz qalıb. Cavanşir Əvəzov və onun havadarı Elçin Qasımov bütün müraciətlərin lazımi yerlərə çatmasına mane olurlar”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=202666

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031