Birinci Avropa Oyunlarında Ermənistan bayrağını kim daşıyacaq?
2012-ci ildə Ermənistanda gənclər arasında boks üzrə Dünya Çempionatında Azərbaycan bayrağını qaradərili qadın daşımışdı.
Niyə məhz qaradərili qadın..? Bir çoxları bu amili ölkəmizin aşağılanması kimi qəbul etmişdi. Lakin çempionatda iştirak edən idmançımız Pərviz Bağırovun bürünc medal qazanaraq, düşmən ölkədə bayrağımızı ucaltması xalqımız üçün böyük zəfər olmuşdu.
Hazırda isə paytaxt Bakı ilk Avropa Oyunlarına hazırlaşır. Ermənistan tərəfi isə hələ də MOK-un Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakı barədə qərarını müzakirə etməkdədir. Belə ki, Ermənistan MOK-nun baş katibi Qarçya Rostomyanın dediyinə görə, MOK icra komitəsində Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakla ilə bağlı heç kim əleyhinə səs verməsə də, bu qərarın müzakirələrinə hələ də son qoyulmur.
Bəs görəsən, Ermənistan tərəfi Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qatılarsa, erməni bayrağını daşımaq kimə həvalə ediləcək?
“Bakı Avropa Oyunları-2015”-in Təşkilat Komitəsindən musavat.com-a bildirilib ki, bu məsələnin həlli onların səlahiyyətlərində deyil. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinə də müraciət etsək də, sualımıza tutarlı cavab ala bilmədik.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu məsələ ilə bağlı hələlik onlarda heç bir məlumat yoxdur. Lakin yaxın gələcəkdə mətbuata bu barədə rəsmi məlumat veriləcək.
Xatırladaq ki, Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Ermənistan altı idman növündə təmsil ediləcək. Bununla yanaşı, erməni idmançıların özləri Bakıda çıxış etmək istəklərini hələlik bildirməyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=21642