Xoşqədəm – ATV qalmaqalında 300 min manat söhbəti
“Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı ilə ATV kanalı arasında yaşanan qalmaqalın bəzi təfərrüatları məlum olub. Bununla bağlı aztoday.az-ın məlumatına görə, Azərbaycan teleməkanında ən reytinqli veriliş olan “Səni Axtarıram” ayda ATV kanalına 300 min manat gəlir gətirirmiş. Həftədə bir dəfə efirə çıxan verilişə reklam vermək üçün şirkətlər xeyli çaba sərf etməli olurmuş.
Belə gəlir gətirən verilişin ATV rəhbərliyi tərəfindən dayandırılması və aparıcısı ilə yollarını ayırmasına hələ də tam aydınlıq gətirilməyib. Belə ki, Xoşqədəm Hidayətqızı keçirdiyi mətbuat konfransında da ATV-dən uzaqlaşdırılmasının əsl səbəbini açıqlamadı. Bundan sonra açıqlama verən ATV rəhbərliyi də ancaq Xoşqədəmin səsləndirdiyi ittihamlara cavab verməklə kifayətləndi.
Məlumatda deyilir ki, Xoşqədəm Hidayətqızının ATV-dən uzaqlaşdırılmasının səbəbi getdikcə artan nüfuzu fonunda iddialı görünməsi olub. Belə ki, Xoşqədəm Hidayətqızının ATV rəhbərliyindən daha çox pul tələb edib. Həmçinin ATV-də Xoşqədəmin uğurlarına qısqanan həmkarları onun barəsində Vüqar Qaradağlıya yalan məlumatlar verməklə aparıcını gözdən salıblar.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı sözügedən mətbuat konfransında ayda min manat məvacib aldığına işarə edərək verilişin gəlirlərinin 50 faizinin ona çatmalı olduğunu demişdi.
Yeri gəlmişkən məlumatda o da bildirilir ki, hakimiyyətin yüksək dairələrinə birbaşa çıxışı olan Xoşqədəm Hidayətqızının əlaqələri də onun “vurulma”sını şərtləndirib. Qeyd edək ki, Xoşqədəm Hidayətqızı artıq ANS kanalında işə başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=22671