Oliqarx Mehrac Babayevdən biabırçı hərəkət – TƏFƏRRÜAT

25.05.2015 - 01:32

rrRusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamı, Azərbaycan cəmiyyətində, xüsusən də cəbhəçi keçmişinə görə siyasi çevrələrdə yaxından tanınan Mehrac Babayevin yaxınları mülk üstündə məhkəmə çəkişməsindədirlər. Bu barədə aztoday.az-a M.Babayevin bacısının keçmiş həyat yoldaşı Zakir İmanovun müdafiəçilərindən biri məlumat verib.

Məlumata görə, “Verso-M” tikinti şirkətinin sahibi, Azərbaycanda və Rusiyada milyonçu, tikinti maqnatı kimi tanınan Mehrac Babayev qisasçılıq zəminində məhkəmələrə təzyiq yolu ilə bacısının keçmiş həyat yoldaşı, uzun illər dövlət qulluğunda çalışmış pensiyaçı Zakir İmanovun Bakıdakı (Novxanıda yerləşən) yeganə evini onun əlindən almaq istəyir.

Bizə təqdim olunan Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2014-cü il tarixli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2014-cü il tarixli qətnamələrindən və Ali Məhkəmənin qərarından belə görünür ki, İmanov Zakir Kazım oğlu ilə Mehrac Babayevin bacısı Babayeva Çinar Yusif qızı 04 fevral 2004-cü il tarixdə rəsmi nigaha daxil olublar. Bu nigah təxminən 10 il davam edərək, Şərur Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Lakin nigah rəsmən pozulduqdan təxminən 11 ay sonra tərəflər arasında Sumqayıt şəhəri, Novxanı massivində yerləşən 0.11 ha torpaq sahəsi olan, ümumi sahəsi 102 kv metr, yaşayış sahəsi 46.2 kvadrat metr olan bağ evinə görə məhkəmə çəkişməsi başlamışdır. Daha doğrusu, Mehrac Babayevin digər bacısı Məmmədova Xumar Yusif qızı Zakir İmanova qarşı məhkəmə iddiası qaldırmış, onun mülkiyyətində olan bu bağ evini özününküləşdirmək istəmişdir. Birinci instansiya olan Sumqayıt Şəhər Məhkəməsi Məmmədova Xumar Yusif qızının iddiasını rədd etmişdir. Vəkillərin iddiasına görə, bundan sonra işə Mehrac Babayev özü qarışaraq, müxtəlif vəzifəli şəxslərin, xüsusən də bir generalın (Vəkil generalın adını çəkir-red) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə təzyiq etdirmiş, ilkin instansiya məhkəməsinin qanuni qərarının dəyişdirilməsinə nail olmuşdur. Bu məhkəmə qətnaməsinə görə, pensiyaçı Zakir İmanovun artıq üçüncü şəxsə satdığı bağ evi ondan geri alınaraq Mehrac Babayevin bacısına verilməlidir.

Bəs əsl həqiqətdə bu bağ evinin sahibi kimdir və Mehrac Babayev bu evə hansı haqla iddia edir?

Məhkəmə qətnamələrindən məlum olur ki, Novxanıda oliqarx Mehrac Babayevlə onun bacısının keçmiş həyat yoldaşı arasında məhkəmə mübahisəsinə çevrilmiş bağ evi 1997-98-ci illərdə tikilib. Evi Zakir İmanov tikib və mülk rəsmi sənədlərdə onun oğlunun adına olub. Yuxarıda qeyd etdiyimiz kimi, Z.İmanov 2004-cü ildə Mehrac Babayevin bacısı Çinar Babayeva ilə ailə həyatı qurub. 2005-ci ildə isə Z.İmanov Novxanıdakı bağ evini həyat yoldaşının adına keçirib. Lakin bir müddət sonra ailədə müəyyən narazılıqlar baş qaldırıb və iş hətta boşanma səviyyəsinə gəlib çıxıb. Bu səbəbdən Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 23 noyabr 2010-cu il tarixli qətnaməsi ilə həmin bağ evi üzrə paylar ikidə bir hissədə müəyyən edilməklə, İmanov Zakir Kazım oğlu ilə Babayeva Çinar Yusif qızının arasında bölünmüşdür. Sonrakı müddətdə ailədaxili münasibətlər daha da pisləşdiyindən tərəflər bağ evini satmaq qərarına gəlmişlər. Zakir İmanov satışı həyata keçirmək üçün öz hissəsinə dair həyat yoldaşına etibarnamə verərək, Bakıdan getmiş və Şərur rayonunda yaşamağa başlamışdır.

Lakin həyat yoldaşı Çinar Babayeva bağ evini satmaq əvəzinə Zakir İmanovdan aldığı etibarnamə əsasında onu bağışlama yolu ilə öz bacısının – Məmmədova Xumar Yusif qızının adına keçirir və 18.01.2012-ci il tarixdə bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınır. Bağ evinin yarı payçısı olan Zakir İmanova isə heç bir ödəniş edilmir.

Bundan sonra Zakir İmanov Mehrac Babayevi onun əmlakını ələ keçirməkdə ittiham edir və ailədaxili münasibətlər daha da korlanır. Zakir İmanov bütün bu söz-söhbətlərdən yaxa qurtarmaq üçün, bağ evindəki payından da imtina edərək Şərur Rayon Məhkəməsinə boşanma ərizəsi verir. Məhkəmə 10 aprel 2013-cü ildə boşanma ilə bağlı qətnamə qəbul edir.

Lakin bağ evi formal olsa da, başqasının adına keçiriləndən, boşanma məsələsi rəsmiləşəndən sonra vəziyyət dəyişir. Mehrac Babayev, 2013-cü ilin aprelində bağ evini sahibinə – Zakir İmanova qaytarmaq qərarına gəlir. Keçmiş yoldaşının israrlı xahişindən sonra Zakir İmanov 17.04.2013-cü il tarixdə Şərur Rayon Dövlət Notariat Kontorunda Babayeva Çinar Yusif qızına 2 aylıq mülki etibarnamə verir. Bu etibarnamə ondan ötrü verilir ki, Çinar Babayeva notariatda bağ evinin Zakir İmanova qaytarılması ilə bağlı müqaviləni onun adından imzalasın.

26 aprel 2013-cü il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun notariusu Məmmədova Xumar Yusif qızı ilə etibarnaməyə əsasən Zakir İmanovun adından hərəkət edən Babayeva Çinar Yusif qızı arasında “Bağ evini bağışlama müqaviləsi” bağlanır. Bu müqaviləyə əsasən Məmmədova Xumar Yusif qızı təxminən bir il əvvəl formal olaraq, Zakir İmanovun yarı payını ələ keçirmək və Babayevlərin bağ evinə tam sahiblənməsi məqsədilə onun adına keçirilmiş Novxanı massivində yerləşən 2 mərtəbəli bağ evini onun ilk və əsl sahibinə – Zakir İmanova qaytarır. Bu müqavilə əsasında 18.05.2013-cü il tarixdə bağ evi daşınmaz əmlakın dövlət reyestrində Zakir İmanovun adına qeydiyyatdan keçirilir. Bundan təxminən 5 ay sonra Zakir İmanov şəhərdə özünə ev almaq məqsədilə Sumqayıt ASAN Xidmət mərkəzindəki Notariat Kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında bağ evini Baxışov Əlibala Bəybala oğluna satır. Sonuncu müqaviləni daşınmaz əmlakın reyestr xidmətinə təqdim edərək, öz adına çıxarış alır və mülkiyyətinə sahib çıxır.

Nə qədər qəribə olsa da, bağışlanma müqaviləsinin bağlanmasından 11 ay sonra – 2013-cü ilin mart ayında Məmmədova Xumar Yusif qızı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldıraraq, Zakir İmanovla aralarında bağlanmış (Zakir İmanovu etibarnamə əsasında Çinar Babayeva təmsil edib) bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini və bağ evinin ona qaytarılmasını tələb edir.

İddiaçı kimi çıxış edən Məmmədova Xumar Yusif qızı tələbini belə əsaslandırıb ki, bağışlanma müqaviləsinin bir nüsxəsi Çinar Babayevada qaldığından və Zakir İmanova verilmədiyindən o, bağ evini qəbul etmiş sayılmamalıdır. Ancaq Sumqayıt Şəhər Məhkəməsi bağışlanma müqaviləsinin ləğv olunması üçün heç bir əsas görməyib və iddianı rədd edib.

Müdafiəçinin dediyinə görə, müəyyən səbəblərdən hələlik adını çəkmək istəmədiyimiz generalın Sumqayıt Apellyasiya Məhkəməsinə təzyiqindən sonra ilkin instansiyanın qətnaməsi ləğv olunur və Məmmədova Xumar Yusif qızının iddiası təmin olunur.

Lakin Ali Məhkəmədə işə baxılan zaman qətnamə qismən ləğv olunaraq iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılıb. Artıq Hakim Şəmsəddin Abbasovun sədrliyi ilə iki məhkəmə iclası keçirilib. Mayın 25-də keçiriləcək iclasda isə yeni qərarın elan olunacağı gözlənilir. Lakin Z.İmanov tərəfi məhkəmə araşdırmasının gedişindən narazıdır. Onların iddiasına görə, məhkəmə güclü təzyiq altındadır. Məhkəmənin sədri Sədaqət Bəktaşi işin düzgün araşdırılmasına imkan vermir və mübahisənin istənilən halda Mehrac Babayevin bacısının xeyrinə həll olunmasına çalışır. “Bütün bunların təşkilatçısı isə həmin generaldır – hansı ki, Mehrac Babayev vaxtilə 10 il Azərbaycan hüquq-ühafizə orqanları tərəfindən axtarışda olan zaman da onu qoruya bilmişdi…”

Azərbaycan və Rusiyada tikinti maqnatı kimi tanınan Mehrac Babayevlə onun bacısının keçmiş həyat yoldaşının 3 otaqlı mənzil üstündə məhkəmə mübahisəsinin növbəti mərhələsi sabah yekunlaşmalıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=25612

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031