Hüquq müdafiəçisindən Azərbaycan məhkəmələrinə üsyan: “Verilən vəsatətlər daşa- divarlara oxunur””

25.06.2015 - 03:01

oqtaygXəbər verdiyimiz kimi Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyev dünən yenidən məhkəmə önünə çıxıb. Buna səbəb Bakı Apelliyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayəti olub. Kasasiya şikayətinə Ali Məhkəmədə dünən hakim Əli Seyfəliyevin sədrliyi ilə kollegiyada baxılıb. O.Gülalıyev məhkəmə prosesi haqda fikirlərini özünün facebook səhifəsində payılaşıb. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Ali Məhkəmənin Cinayət Kollegiyasında Əli ilə bağlı məhkəmə prosesi oldu. Məhkəmə prosesində Bakı Apelliyasiya Məhkəməsinin ilkin baxış iclasından verdiyimiz kassasiya şikayətinə baxıldı. Şikayətimiz onunla bağlı idi ki, həm ibtidai istintaqda, həm Xətai rayon məhkəməsində, həm də Apelliyasiya məhkəməsində kifayət qədər qanun pozuntuları olmuşdu. İbtidai istintaqda şahidlər- yetkinlik yaşına çatmayan məktəbli uşaqlar valideynlərinin izni və xəbəri olmadan gecə saatlarında polis bölməsinə aparılıb təzyiq və işgəncə altından onlardan Əliyə qarşı izahat alınıb. Əvvəlcədən hazırlanmış izahata qol çəkdiriblər. Xətai rayon məhkəməsi nəinki şahidlərin bu ifadələrinə hüquqi qiymət vermiş, əksinə onların məhkəmədə verdikləri səmimi ifadələrini deyil, istintaq zamanı onlardan zorla, təhdid altında alınan ifadələri məhkəmə protokollarına köçürərək protokolları saxtalaşdırıblar. Birinci instansiya məhkəməsi həmçinin “zərərçəkən”- nin məhkəməyə gəlməkdən boyun qaçırmasını, zorla məhkəməyə gətirilməsini, şikayətindən imtina etməsini, məhkəmədə ifadə verərkən “mən şikayətçi deyiləm, polislər bizə evə gəlib şikayət ərizəsi yazdırdı”, “mən idmanın qaydasız döyüş növü ilə məşğulam, Rusiyada çempion olmuşam” etiraflarını eşitməməzlikdən gələrək müdafiə tərəfinin “necə oldu ki, sizdən yaşca və cüssəcə kiçik olan Əli sizin kimi qaydasız döyüş üzrə Rusiya çempionu olan bir idmançını döyə bildi?” sualına nəinki diqqət yetirməyib, həmin ifadəni məhkəmə protokollarına əlavə etməyi belə “unudub”.
Xətai rayon məhkəməsinin incələyib araşdırmaq istəmədiyi ən böyük və ciddi fakt isə heç şübhəsiz hadisənin baş verdiyi iddia olunan zamanda hadisə məkanında quraşdırılmış müşahidə kamerasının yaddaşında olan videogörüntülərə məhkəmə baxışının keçirilməməsi ilə bağlı oldu. Təəssüflə qeyd etmək lazımdır ki, bütün yuxarıda qeyd olunan pozuntuları eyni şəkildə Apelliyasiya məhkəməsi də nəninki təkrarladı, hətta bir az da qabağa gedərək “zərərçəkən”- nin, onun müdafiəçilərinin, şahidlərin məhkəmədə dindirilməsi, videogörüntüyə baxış keçirilməsi və digər subutların araşdırılması barədə bütün vəsatətlərimizi rədd etdi. Yəni Apelliyasiya məhkəməsinin heç olmasa qismən məhkəmə istintaqı ilə aparılmasına dair vəsatətimizi qəbul etməyərək istintaqın və birinci instansiya məhkəməsinin yol verdiyi qanunsuzluğu və saxtakarlığı fiksasiya edəcəyinin, notarius rolu oynayacağının anonsunu verdi. Analoqu olmayan ölkədə analoqu olmayan qanunzuqluq və saxtakarlıqla üzləşdiyimiz üçün formal baxımdan da olsa Apelliyasiya məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti verdik.
… Doğrusu deyim ki, Ali Məhkəmədə proses pis başlamadı. Hakim Əli Seyfəliyev sözümüzü kəsmədən çıxış etməyə, fikirlərimizi bildirməyə və əsaslandırmağa şərait yaratdı. Bütün yuxarıda deyilənləri qısaca şəkildə Ali Məhkəmənin “ali hüzuru”-nda ərz etdik. Hətta dövlət ittihamçısı vəsatətimizi rədd etməyərək qəbul olunmasına etiraz etmədi. Ani olaraq ümid yarandı ki, heç olmasa Azərbaycan məhkəmələrində nadir hadisə olsa da Ali Məhkəmə aşağı instansiyaların bilərəkdən və bilməyərəkdən buraxdığı səhvləri, qəbul etdikləri qanunsuz və saxta, siyasi qərarlarıın bir hissəsini ləğv edərək cinayət işinə obyektiv və ədalətli baxılmasına şərait yaradacaq. Amma çox təəssüf ki, Ali Məhkəmənin Cinayət Kollegiyası heç bir əsas gətirmədən, dəlil və sübutlara əsaslanmadan qanunsuz şəkildə kasasiya şikayətini rədd etdi. Necə deyərlər Əli ilə bağlı cinayət işində indiyə qədər yol verilmiş qanunsuzluğa və saxtakarlığa haqq qazandırdı. Artıq Apelliyasiya Məhkəməsinin verəcəyi qərar indidən məlumdur.
… Qanunsuzluğu gözlərimizin içinə baxaraq söyləyən Ali Məhkəmənin hakimi bizə “çıxış yolu” da göstərdi; “Vəsatətlərinizi Apelliyasiya məhkəməsində verərəsiniz” (!?). Bizimsə cavabımız o oldu ki, “Azərbaycan məhkəmələrində verilən vəsatətlər daşa- divarlara oxunur”.
Doğrudan da bu gün Azərbaycan məhkəmələrində deyilən haqq sözlər, verilən əsaslı vəsatətlər sanki daşa- divarlara oxunur, hakimlər onları eşitmir və ya eşidib qəbul etmək zorunda deyillər. Amma hər işin əvvəli və sonu olduğu kimi Azərbaycan məhkəmələrində hökm sürən bu rəzalətin, siyasi karlığın və korluğun da axırı olacaq. Bunu hər kəs bilsin. Xüsusən hakim mundiri geyib yüzlərlə, minlərlə günahsız insanlarımızın taleyi ilə bağlı hökm verənlər və onların sifarişçiləri… Unutmasınlar ki, zamanın və xalqımızın onların haqqında verəcək hökmün tarixi uzaqda deyil. Bu gün ədalətsiz və qanunsuz hökm verənlər, özləri və öz taleləri haqqında hökm verirlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27196

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031