Ağdamda məmurun rüşvət olayı: İntihar edək, yoxsa ölkədən çıxaq?- VİDEO

30.06.2015 - 00:53

aqdam1Ağdam rayonu Üçoğlan ərazi nümayəndəliyinin Paşalar kənd sakini Əkrəm Səlimov başına gətirilmiş oyunlarla bağlı cumhuriyyət. az-a müraciət ünvanlayıb. Şikayətçi bildirir ki, Ağdam rayonunun Üçoğlan ərazi nümayəndəliyinin Paşalar kəndində yaşayır və mərhum nənəsi Quliyeva Mədinə Məmmədhəsən qızı yaşadığı yurdu və evi ona vəsiyyət edib: “Vəsiyyətnamə notarial qaydada imzalanıb, möhürlənib və məndədir. Bizim xəbərimiz olmadan bu yurdu əlimizdən almaq üçün rayon torpaq və xəritəçəkmə şöbəsi 2005-ci ildə həyəti iki yerə bölüblər. Onlar saxta sənədlərlə həyətin mən yaşadığım tərəfini, ev qarışıq, başqa bir adamın adına rəsmiləşdiriblər. 2013 cü ildə nənəm rəhmətə getdi. 2014 cü ilin fevral ayında bizə Ağdam rayon məhkəməsindən məktub daxil oldu. Məhkəmədə 3 nəfər iddia qaldırıb ki, yaşadığınız bu torpaq Sadıqov Faiq Həsən oğluna məxsusdur. Ağdam rayon məhkəməsinin hakimi Seyfəli Seyfiyev şəxsən gəlib əraziyə baxış keçirib. Məhkəmə ilə bərabər, kəndin icra nümayəndəsi, bələdiyyə sədri, torpaq şöbəsinin sədri, kəndin yaşı 80 və daha yuxarı olan sakinləri iştirak etdilər. Hakim camaatı demək olar ki, bir-bir dindirdi və ədalətli qərar çıxardı. Torpaq şöbəsinin müdiri Məhyədin Məmmədov adı çəkilən Faiq Sadıqovdan rüşvət alıb və mənə məxsus olan ərazi üçün onun adına saxta kadastr hazırlayıb. Məhyəddin Məmmədov bu məsələlərdən bir neçə müddət əvvəl mənə dedi ki, sən 3000 manat pulu gətir bizə ver, verək Sadıqov Faiqə bu məsələ birdəfəlik bağlansın”.

Ə.Səlimov həmçinin bildirir ki, Faiq Sadıqov ümumiyyətlə Üçoğlan ərazisində qeydiyyatda deyil və o, heç vaxt Paşalar kəndində yaşamayıb və qeydiyyatda olmayıb. Şikayətçi cumhuriyyet.az-a bildirir: “Hazırda bizdən 5 km aralıda başqa ərazidə yaşayır. Bu işdə külli miqdarda rüşvət alınıb və mənim başıma bu oyunları gətirirlər. Mənim əlimdə bu torpağın mərhum nənəmə məxsus olması barəsində bütün arxiv sənədləri var. Əlavə olaraq Bakıdan, Bərdədən arxiv sənədlərini gətirib tələb olunan yerlərə təqdim etmişəm. Məhkəmə vaxtı torpaq şöbəsinin müdiri Məhyəddin Məmmədovun Faiq Sadıqova saxta torpaq kadastırı verdiyi tam çılpaqlığı ilə sübuta yetirildi. Faiq Sadıqov açıqca deyir ki, mən bu sənədi pul ilə almışam. Ağdam məhkəməsinin qərarından Faiq Sadıqov apelyasiya şikayəti verdi. Gəncə apelyasiya məhkəməsinin hakimi Zərbəli Zərbəliyev proses zamanı bizə heç bir söz vermədi, heç dinləmədi və cəmisi 10 dəqiqə ərzində Ağdam rayon məhkəməsinin qərarını ləğv edərək, ədalətsiz qərar verdi. Qərarda göstərilib ki, mən tez bir zamanda torpaqdan çıxaraq ərazini Faiq Sadıqova təhvil verməliyəm. Mən başa düşə bilmirəm ki, bu ölkədə qanun var yoxsa. ölkə cəngəllik qanunları ilə idarə olunur?Mənim anam da daxil olmaqla burada 5 nəfərlik ailə yaşayırıq. İndi bizi öz dədə-baba ocağımızdan bayıra atırlar. Lazım olan bütün sübut, dəlillər ola-ola bizi yurdumuzdan deportasiya edirlər. Mərhum nənəm 1906 cı ildə bu yurdda dünyaya gəlib və 107 il burada yaşayıb. Bu yurd onun atasının olub. Bütün bu söylədiklərimi kənd camaatı da təsdiqləyə bilər. Mən apelyasiya məhkəməsinin qərarından ali məhkəməyə şikayət etdim. Ali məhkəmə də eyni ilə apelyasiya məhkəməsinin ədalətsiz qərarını qüvvədə saxladı. Mən prezidentə, birinci xanıma, ədliyyə nazirinə, baş prokurora, ombusmana müraciət etmişəm. Ancaq heç bir nəticə yoxdur. Bütün instansiyalardan cavab gəlir ki, işə baxılsın. Ancaq heç kim gəlib işlə məşğul olmur. Keçirilən heç bir məhkəmə iclasında iddiaçı tərəf iştirak etməyib. Məsələ burasındadı ki, iddiaçı tərəfin yaxın qohumu ədliyyə nazirliyində işləyir. Ədliyyə nazirliyindən məhkəmələrə zəng edilir və təzyiq edilir ki, işə bu cür baxılsın”.

Ə.Səlimov müraciətini dövlət orqanlarına ünvanlayaraq yekunlaşdırır: “Mən son olaraq prezidentə, ədliyyə nazirinə, baş prokurora müraciət edirəm. Xahiş edirəm mənə kömək edin. Əgər biz hüquqi dövlətdə yaşayırıqsa onda xahiş edirəm mənim pozulmuş hüquqlarım bərpa edilsin. Yox əgər Azərbaycan mafiya qaydaları ilə idarə olunursa, onda mənə şərait yaradın mən ailəliklə bu ölkədən çıxıb gedim. Marif Cabbarov. Bura mənim baba evimdir. Bu torpaq Əkrəm Səlimova məxsusdur. Bu yurda iddia edən Faiq Sadıqov ruhi xəstədir və buralarda heç vaxt yaşamayıb. Məhkəmələrin belə ədalətsiz qərarları adamda qıcıq yaradır. Biz Ağdam məhkəməsinin qərarından razı qaldıq. Ancaq sonrakı instansiya məhkəmələrinin qərarları lap zay oldu. Kişinin 300 illik yurdunu əlindən alırlar. Heç bir sübut, dəlil olmadan adamı evindən çıxarmaq istəyirlər. Belə allahsızlıq olmaz axı. Hansısa bir axmaq gədənin sözüylə məhkəmələr oturub-durursa onda məhkəmələrdən hansı ədaləti gözləmək olar?Mən prezident cənab İlham Əliyevə müraciət edirəm. Siz ölkədə həqiqətən də yaxşı işlər görürsünüz. Ancaq aşağı orqanlarda rüşvət baş alıb gedir. Məhkəmələr rüşvəti kim verdisə onun xeyrinə qərar verirlər, baxmırlar ki, bu qərar ədalətli olacaq ya yox. İnsanları üz-üzə qoyurlar. Əgər ədliyyə nazirliyindəki hansısa başıpozuq bir şəxsin zəngi ilə məhkəmə qərar verirsə onda yazıqlar olsun Azərbaycanın halına. Bu gün ölkədə məhkəmələr bazarı xatırladır. Bəli, açıq bazardır. Qanunun tələbi qalır kənarda hakim rüşvət alıb ağzına gələn qərarı elan edir. Bunlarda heç vicdan, utanan sifət, milli təəssübkeşlik yoxdurmu?Adam bezir istəyir ki, bu ölkədən çıxıb getsin. Cənab prezident, siz oradan elan edirsiniz ki, rüşvətə qarşı mübarizə tədbirləri genişləndirilsin və əməli tədbirlər həyata keçirilsin. İnanın ki, yerlərdə sizin verdiyiniz bu tapşırıqları yerinə yetirmirlər. Əksinə rüşvət günü-gündən çiçəklənir. Azərbaycan məhkəmələrində haqq ədalət yoxdur. Azərbaycan hakimləri, məhkəmələri xırtdəyinə kimi rüşvətin içində yırğalanırlar. Bəyəm siz bunu görmürsünüz. Belə şey olmaz. Axı siz cavan adamsınız niyə bunun qarşısını almırsınız? Hara baxır xüsusi xidmət orqanları? Hara baxır hüquq mühafizə orqanları? Cənab prezident, ya onlar sizi aldadır, ölkədə hər şeyin yaxşı olduğunu sizə məruzə edirlər. Ya da ki, özünüz istəmirsiniz ki, rüşvət aradan qaldırılsın. Hazırda ölkəmizdə avropa olimpiya oyunları keçirilir. Bütün dünyanın gözü hazırda Azərbaycandadır. Ancaq Azərbaycan vətəndaşı haqq ədalət tapa bilmir. Məhkəmələr artıq vətəndaşları dinləmək istəmir. Rüşvət alır və qarşı tərəfə deyir ki, sən sus sənin kitabın bağlandı. Belə ölkə olar? Cənab prezident, mən Azərbaycanda hüquqi dövlət görmürəm. Baxmayaraq ki, başda siz olmaqla axşama kimi televiziyalardan ölkəmizin dünyada ən inkişaf etmiş hüquqi dövlət olması ilə bağlı verilişlər gedir. Ancaq ortada olan fakt bütün bunların yalan, reklam olduğunu bir daha ortaya qoyur. Bu yurdun 120 nəfərdən artıq nəvəsi var. Bütün kənd əhalisi təsdiq edə bilər ki, torpaq Əkrəm Səlimova məxsusdur. Ortada vəsiyyətnamə və bütün zəruri sənədlər var. Ağdam məhkəməsi gəlib əraziyə baxış keçirdi. Ancaq digər məhkəmələr gəlib baxış keçirməmiş, gözü yumulu qərar verdilər. Biz yenidən prezidentə, birinci xanıma, baş prokurora və digər orqanlara müraciət edirik ki, bu işə ədalətlə baxılsın. İnanın ki, belə getsə bu ölkədə vəziyyət çox pis olacaq, belə getsə bu ölkədə qan su yerinə axacaq. Hüququmuz tapdalanır bərpa edə bilmirik, məhkəmələr bizi neçə illərdir ki, çöllərə salıblar. Əcəb hüquqi dövlətdir. Hüquq odur ki, orada ədalət olsun. Halalca evimizi, torpağımızı əlimizdən alırlar hüquq köməyimizə çata bilmir. Çünki onu icra edənlərdə ədalət hissi yoxdur. Çünki onlardakı ədalət hissini pul rüşvət çoxdan üstələyib. Niyə bu ölkəni xarabaya çevirirsiniz? Y əni ailəliklə intihar edək, sonra gəlib deyəsiniz ki, bunlara nə oldu? Xahiş edirik ki, hüquqlarımız bərpa olunsun. Olmasa məcburuq ki, İrandan, Rusiyadan, Amerikadan sığınacaq istəyək”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031