Kömək diləyən 48 ilin müəlliməsi intihar həddinə çatdırılıb

13.07.2015 - 09:46

img1855449Şikayətinə obyektiv baxılmayacağı təqdirdə Şükeynə Cəfərova intihara əl atacağını deyir…
“2012-ci ilin sentyabr ayından bu günədək şikayətimə baxılmayıb. Düz 3 ildir ki, bütün istirahətim, rahatlığım, sağlamlığım əlimdən alınıb. İdarələrə məktub yazmaqdan, məhkəmələrə getməkdən, məyus olub geri qayıtmaqdan ayaqlarım tutulub, əllərim yazmaqdan qabar olub, göz yaşı tökməkdən gözlərim nurunu itirir”.

Bu sözləri “Yeni Müsavat”a müraciət edən Hövsan qəsəbə sakini Şükeynə Cəfərova deyib. Onun sözlərinə görə, qəsəbə ərazisində tikdiyi evi ərazidə dəllallıq edən şəxs başqa bir şəxsə satıb: “48 il müəllimə işləyib və gecələri dərzilik edib, qəpik-qəpik pul yığıb Hövsanda 8 sot torpaq almışam. Torpağı mənə Xanoy Sadıqov satıb. Həmin torpaq Suraxanı İcra Hakimiyyəti başçısının Hövsan kəndi üzrə nümayəndəsi Ağasəlim Əliyevə məxsus idi. Torpağın sənədi yox idi. Xanoy Sadıqov demişdi ki, sənədi mənə sonra verəcək. O, aldığım torpaqda tikinti aparmağıma icazə üçün də məndən pul aldı. Orada 2 mərtəbəli ev tikib hazırladım. Lakin pulum olmadığına görə tamamlama işlərini dayandırmalı oldum. Çalışdığım məktəbdən evimin olduğu ərazi görünür. Günlərin birində işə gələndə gördüm ki, evimin damını vurublar. Əraziyə getdim, öyrəndim ki, Xanoy bacım oğlu Nahid Mahmudovla əlbir olub torpağımı iki yerə bölüb 2 başqa-başqa şəxsə satıblar”.

Ş.Cəfərova deyir ki, 2012-ci ilin sentyabrında baş vermiş bu olayla bağlı RPİ-nin 30-cu polis bölməsinə müraciət edib: “Tədqiqatçı İdris Mikayilov işi elə apardı ki, Xanoyla bacım oğlu etdikləri qanunsuz əmələ görə qanun qarşısında cavab vermədilər. Təhqiqatçı ”cinayət işi rədd edilsin” qərarını mənə verib işini bitmiş hesab etdi. Uzun şikayətlərimdən sonra həmin bölmədə təhqiqatçı Xəyyam Mirzəyev, sonradan Emin Məmmədov öz iş yoldaşı İdris Mikayılovun çıxardığı ədalətsiz qərarın üzünü heç bir təhqiqat aparmadan köçürüb özümə verdilər. 3 dəfə “cinayət işi rədd edilsin” cavabını alandan sonra üz tutdum Bakı Şəhər Baş Polis İdarəsinə.

Bu 3 ildə 1 dəfə məni dinləyən oldu. Hiss etdim ki, yəqin, bir işıq ucu görünər. Nəhayət, təhqiqat aparıldı. Toplanmış materiallara əsasən, evi məni aldadaraq tikdirən, sonra məndən xəbərsiz ikinci dəfə başqasına satan adamların işində dələduzluq cinayətinin tərkibi olduğundan əvvəlki qərarlar ləğv edildi. Faktlara görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlandı. Bu dəfə işimə Suraxanı RPİ-də baxdılar. İstintaq şöbəsinin baş müstəntiqi Əflatun Səlimov mənə bildirdi ki, “Arxayın ol, danışmışam, cinayətlərini boyunlarına alıblar. Söz veriblər ki, dekabr ayının axırınadək başqa bir ərazidə sənin evini tikib verəcəklər”.

2014-cü ildə yenidən Ə.Səlimovun yanına getdim. Məlum oldu ki, evimin satılması ilə heç bir əlaqəsi olmayan Rəşad Mahmudovu çağırıb söhbət ediblər və işi bağlayıblar. 2013-cü ilin sentyabr ayında “Dekabr ayında gəl, evini hazır verəcəklər” deyən Əflatun Səlimov 2014-cü ildə mənə 15 sentyabr 2013-cü il tarixli qərarı verib dedi ki, “Cinayət tərkibi yoxdur, məhkəməyə mülki qaydada müraciət edə bilərsən”.

48 ilin müəlliməsi səlahiyyət sahiblərinə səslənir: “Mən bir ana kimi sizdən soruşuram: şikayətimə nə vaxt baxılacaq? Nəyə görə bu cür ağır cinayətlər ört-basdır edilir? Niyə cinayətkarlar cəzasız qalır? Nə vaxt mən və mənim kimilər bu yersiz süründürməçilikdən qurtulacaq?”

Ş.Cəfərova şikayətinə obyektiv baxılmayacağı təqdirdə intihara əl atacağını söyləyib: “Prezidentə, baş prokurora müraciət edirəm, mənə aid olan evin qaytarılmasında mənə, 48 ilin müəlliməsinə kömək etsinlər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28006

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728