Azərbaycan hərbçiləri Ukraynada NATO təlimlərinə qatılıb
Azərbaycan hərbçiləri NATO-nun Ukraynanın Lvov vilayətində keçirilən “Saber Guardian/Rapid Trident-2015” manevrlərində iştirak edirlər.
Virtualaz.org saytı Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, həmin təlimlər bu gün – iyulun 20-də başlayıb.
“Təlimlərdə 18 ölkədən olan hərbçilər iştirak edir. Ukrayna, Azərbaycan, Gürcüstan, Litva, Latviya, Böyük Britaniya, Norveç, Polşa, Rumıniya, ABŞ və İspaniya da onların arasındadır” – deyə Moldovadan olan kontingentin komandiri, mayor Tudor Popa jurnalistlərə açıqlamasında bildirib.
Ukrayna Müdafiə Nazirliyi Qərb Media Mərkəzinin rəhbəri Aleksandr Poronyuk “112 Ukraina” telekanalına açıqlamasında deyib ki, builki təlimlərdə rekord sayda – təxminən 2 min nəfərədək hərbçi iştirak edir.
Aleksandr Poronyukun sözlərinə görə, bu manevrlər Ukraynada bu formatda keçirilən ən böyük təlimdir: “Təlimlərin ssenarisi hazırda dünyada gedən hadisələrlə sıx bağlıdır. Təlimlər zamanı bizdə – Ukraynanın şərqində yaranan vəziyyətin xüsusiyyətləri də nəzərə alınır”.
“Saber Guardian /Rapid Trident” hərbi təlimləri Ukrayna ərazisində hər il keçirilir. 2014-cü ildəki təlimlərdə 15 ölkədən 1300 nəfərədək hərbçi iştirak etmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=28384