İlham Əliyevlə İsa Qəmbərin komandası üz-üzə gəlsə? – Rauf Arifoğludan unikal cavablar…

22.07.2015 - 02:11

raufarifoqluBloger Turxan Qarışqa Facebook vasitəsilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə onlayn müsahibə edib. Müsahibədə son günlərin aktual məsələlərinə toxunulub. Cumhuriyyet.az musavat.com-a istinadən onlayn sual-cavabı təqdim edir:

– Rauf bəy, prezident tərəfindən mükafat almanızın belə səs- küyə səbəb olcağını gözləyirdinizmi?

– Təbii. Gözləyirdim. Amma dəstəyin, təbriklərin bu qədər çox olacağını təsəvvür etmirdim.

– Dəstəklə, təbrik və xoş sözlərlə yanaşı çoxlu tənqid, söyüş və “biz bunu müxalifətçi bilirdik, bu da belə getdi” tipli şərhlər də var idi. İnsanların sizdən nə gözlətiləri var idi ki, onu doğrultmadınız?

– Tənqid və söyüşün müəllifləri bunu təltifdən əvvəl də edirdilər. Bir növ, adətkarda olublar. Onlara əhəmiyyət vermirəm. Belə davrananların böyük əksəriyyəti siyasi iflası yaşayan bir liderin, təşkilatın tərəfdarlarıdır. Qərəzlidirlər. Mən hansı addımı atmışam, öncə onu bir müəyyənləşdirək. 26 illik media fəaliyyətimə görə 180 nəfərlə bərabər məni də təltif ediblər. Burada bu qədər reaksiya doğuracaq nə var ki? Bundan əvvəl də təltiflər olub, evlər paylanıb, Fonddan dəstəklər olub.

– Amma oxucularınız, izləyiciləriniz elə bil sizdən hər zaman hakimiyyətin siyasi tənqidini gözləyiblər. Amma bu baş vermir və sizin mükafat almağınız çoxlarını hiddətləndirir. 26 illik mediya fəaliyyəti zamanı siz insanlara nə söz vermişdiz ki? İndi belə reaksiya olur?

– Oxucularımın hamısının eyni reaksiya verdiyini söyləmək olmaz. Minlərlə insan bu gün məni təbrik edib, xoş sözlər yazıb, söyləyib. Onlar da mənim oxucularımdır. Və əsas budur ki, söyənlər də, öyənlər də, bizi oxuyurlar, bu proses, ictimai diqqətdə olmaq bizim tirajımızı (İP) artırır. Mükafat almağıma görə hiddətlənənlərin bir qismi səmimidir; qəbul edirəm; lakin bir qismi də “mənim yerimə” olmaq istəyib də, olamayanların tərəfdarlarıdır. Onlar hesab edirlər ki, bu, bir mətbu fraqment deyil; böyük anlaşmadır, arxasınca siyası fraqmetlər olacaq, mandat olacaq və 1995-ci ildə onların oynadığı rolu mən oynamağa başlayacam.

– Sizə elə gəlmirmi, uzun illərdir müxalifət, müxalifət jurnalistləri xalqa söz, vəd verib, “Bu il gəlirik” deyib aldadıblar xalqı. Xalqın da sizdən gözlətiləri olub. Məhz buna görə hədəfdə başqaları yox, məhz sizsiz?

– “Biz gəlirdik”, yazdıq və gəldik! Seçkini udduq, amma bizi devirdilər. Haqqımız uğrunda xalqla bir yerdə meydana çıxdım, son ana qədər dirəndim, müqavimət göstərdim, qaçmadım, qorxmadım. Sözümü yemədim! 2003-cü ilin bütün faturasını mənə və Arif Hacılıya yüklədilər. Partiyanın o zamankı Divanı, qəribə bir yekdilliklə, istintaqdan yayındı; sonra ifadələr üzə çıxdı; məlum oldu ki, çoxları Arif Hacılının və mənim əleyhimizə ifadə veriblər. 5 il iş aldım, il yarım yatdım, əfv ərizəsi yazmadan çıxdım, çıxan kimi seçkiyə qatıldım, uddum, mandatımı bir “LAL”a verdilər. Sonra 2005-in 26 noyabrı oldu. İndi izdivaya çəkilmiş bir qadın bir gənc liderin əlindən tutub, onu meydanda saxladı, gənc “Uca Millətim” deyən kimi, rejim 3 deqiqəyə müxalifəti darmadağın etdi, birliyimiz bitdi və getdi. O zamandan da hər şey tərs getməyə başladı… Mən də hamının əvəzindən müxalifətçi olmağı buraxıb, getdim qəzetçi olmağa.

– Deyirsiz yüzlərlə təbrik mesajı almısız. Təbrik edənlər arasında Müsavat Partiyası liderləri – Arif Hacılı, İsa Qəmbər varmı? Onlar sizi təbrik edibmi bu gün? Etməyibsə niyə?

– Təbrik zəngləri və mesajları yüzlərlə yox, minlərlədir. Onların içərisində Arif Hacılı və İsa Qəmbərin təbrikləri yoxdur. Hələ vaxta var, bəlkə də təbrik edəcəklər. Etməsələr də, canları sağ olsun. Əminəm ki, İsa Qəmbər, ya da Arif Hacılı prezident olsaydılar, onlar da mənə qəzetçiliyin “usta” titulu hesab olunan əməkdar jurnalist adını verəcəkdilər. İndi bunu onların əvəzindən İlham Əliyev edib. İqtidar olaydılar, edəydilər… Bir Allah şahiddir ki, İsa Qəmbərin prezident olması üçün yalnız onun özü ilə müqayisə oluna biləcək bir fəaliyyət göstərdim. 1993- 2013! 20 il. 2 dəfə də türmə yatmışam. Yeri gəlmişkən, indi mənimlə bu qədər “maraqlananlar”, hər addımımı izləyənlər mən türmədə yatan zamanlar ortada qalmış 3 uşağımla, ailəmlə heç maraqlanmadılar. Həbsdə olduğum 17 ay ərzində partiyanın indi “önəmli liderləri” olanlar bir dəfə qapımı açmadılar, bir dəfə də uşaqlarımla, valideynlərimlə görüşmədilər, ilgilənmədilər. Bunca vəfasızlığı mən etməzdim, yenə də etməm. Ad çəkib, irad da bildirib, utandırmaq istəmədim, birilərini…

– Siyasi fəaliyyət və peşəkar jurnalistika prinsipləri bir- birinə ziddir. 26 il sonra niyə qərara gəldiniz ki, artıq siyasətlə yox, məhz jurnalistika ilə məşğul olmaq lazımdır? Siyasətlə məşğul olmaq indi çətin, qorxuludur?

– Bunları geniş danışmışam, bu gün. İndi sılkasını ataram, oxuyar-baxarsınız. Siyasi fəaliyyətə gəlincə… O, yoxdur, artıq. Rauf Arifoğlunu online izləyib, onu söydürmək, təhqir etdirmək xaricində, son 1 ayda Milli Şuranın , AXCP-nin hər hansı bir siyasi fəaliyyətini sadalaya bilərsinizmi? Üstəlik, seçki ilidir… Sanki prezident mənəm, iqtidar məndədi, onlar bunu əlimdən almaq istəyirlər, mən də vermirəm. Bir jurnalisti “ifşa” etmək nə zamandan siyasi fəaliyyət sayılır ki? Bunlar Əliyev iqtidarıl ilə anlaşıb, mandat alıb, gizli yolla maliyyə alıb, parlamentdə oturanda (10 il!) mən təkbaşına, ən çətin dönəmlərdə bütün müxalifətin yükünü daşımışam.

– İnboksa çoxlu yazırlar. Əli Kərimli, AXCP ilə probleminiz Qarabağ problemi kimi çətin və çözülməz görünür. 2 nəfər oturub, problemlərinizi həll etmək üçün mütləq “Minsk” qrupunamı ehtiyac var? Atışmalarınız nə zamansa bitəcək?

– Yuxarıdakı suallara bir əlavəm də var. Əli Kərimli bəyin nəzarətində olan Azadlıq qəzetinin iki rəhbər kadrosu İlham Əliyevin sərəncamı ilə ev alıb və hazırda da orada yaşayırlar. Sağlıqlarına qismət olsun. Redaktor Sücəddin bəy və məsul katib Elşən bəy. Azadlıq qəzetinin hörmətli müxbiri Gültəkin xanım da Prezidentin sərəncamı ilə Əməkdar jurnalist adı alıb. Azadlıq qəzeti isə Prezident Yanında KİV-ə Dəstək Fondundan 307min 400 manat pul alıb indiyə qədər. Bunu da arayış üçün yazıram.

– “Minsk qrupu”…Sualına cavab verirəm: Əli Kərimli ilə müəyyən fasilələrlə müşayiət olunan davamız 20 ildən çoxdur gedir. O, iqtidar yönümlü islahatçı deputat olanda, yazdıqlarımıza görə bizi Səbayel rayon prokurorluğuna vermişdi. Azər Ayxanı və məni. Günlərlə bizi istintaqa aparıb, gətirdilər. Bir dəfə də bizi küçədə, evimizə gedərkən tutub, polis maşınında gətirdilər prokurorluğa ki, izahat yazacaqsınız, yenə də. O zaman Səbayelin prokuroru Tahir Lələkişi oğlu Kazımov idi. Ona şikayət etdim ki, bizi niyə bu qədər incidirsiz? Cavab verdi ki, hökumət adamına sataşmısınız, buna görə də bunlar olur… O vaxt biz ona yazırdıq ki, hökumətə satılıb, “Azadlıq” iqtidara işləyir. İndi onlar yazır…. Arada bir dəfə də barışdıq, 2010-cu ildə. Dərhal da mənə təklif etdi ki, ona birinci müavin olum, “Azadlıq” qəzetinin kontrolunu (redaktorluğunu) da mənə verir. Heyrətləndim: “Məni bu qədər söydürmüsünüz, elektoratınızın gözündən salmısınız, mən sizə gəlsəm üsyan çıxar”, dedim. “Çıxmaz”, dedi, “mənim bir kəlməmə bağlıdı…” Dedi, nə görmüsən eee, İsa Qəmbərdə, onu niyə gücləndirirsən, keç mənim tərəfimə… Nəysə, keçmədim… “Filim kibi , yani….” Davam edir, davam da edəcək. Dözmək lazımdı, bu serial bitən deyil…

– Santa Barbara serialı da 20 ildən çox davam etdi və xoş sonluqla bitdi. Siz də bu davanı bitirsəniz yaxşı olar. Hamı bezib… Rauf bəy, iddia var ki, belə getsə siz deputat da olacaqsız. Yumuşaq deyək, hazır seçib sizi parlamentə salacaqlar. Buna nə deyirsiz?

– Eyni iddiaları da 2005 və 10-cu illərdə (barışmazdan öncə) qəzetlərində yazdırırdı. Ki, artıq mandatı həll edib… Düz çıxmadı, iki dəfə. Allah eləsin, bu dəfə düz olsun. Lakin mən deputat olsam, kimə nə zərəri var ki? Daha yaxşı olmazmı? Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Bajı deputat ola bilərlər, mənə yasaqmı?

– Suallar lap çoxdu. Sizin və mənim də vaxtım azdır deyə sonuncu sualımı verirəm. İlham Əliyevlə İsa Qəmbərin komandası arasında futbol matçı keçirilsə, siz kimin komandasında oynuyarsız?

– İki komandanın oyunundan maraqlı reportaj hazırlaya bilərəm. Qəşəng! Fotolu-videolu. Hətta canlı yayın da qoyaram!

– İsa Qəmbərsayağı cavab idi. Az vaxtda çoxlu suallar var idi. Vaxt ayırdığınız üçün çox sağ olun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=28616

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728