Azərbaycanda öz-özünə yanan ev
İndiyədək bir neçə dəfə evlərin öz-özünə yanması barədə xəbər təqdim etmişdik. Növbəti belə hadisə Ağstafada baş verib. Əsgərovlar ailəsinə məxsus ev naməlum səbəblərdən yanır. Əşyalardan başlayan alov sonradan birinci və ikinci mərtəbədəki pəncərələrə keçir. “Xəzər Xəbər”in məlumatına görə, ilk olaraq pal-paltar və digər xırda əşyalar yanmağa başlayır.
Daha sonra isə pəncərələri alov bürüyür. Ev öz-özünə yanır. Qeyri-adi hadisə Ağstafanın Qırılı kəndində, Nurəli Əsgərova məxsus evdə baş verib. Alovu söndürmək üçün yanğınsöndürənlər də çağrılıb. Alov ram edilsə də, bir neçə saat sonra digər otaqlarda yenidən başlayıb.
Evin hər iki mərtəbəsində yanğın baş verdiyindən bütün əşyalar həyətə çıxarılıb. Sakinlər evdə yatmağa da qorxurlar. Ailə üzvləri əvvəl alovun ehtiyatsızlıqdan baş verdiyini düşünsələr də, ikinci mərtəbədəki otaqlarda qeydə alınan yanğın onları təəccübləndirib. Həmin otaqda elektirik və qaz xətləri olmadığından yanğının səbəbi onlar üçün qaranlıq qalır.
Son vaxtlar qərb bölgəsinin sakinləri belə qeyri-adi yanğınlara daha çox şahidlik edirlər. Əşyalırın qəfildən alovlanması Ağstafa ilə yanaşı Tovuz və Qazax rayonlarında da baş verib. Amma hələ də səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=28683