“Qarabağ”-“Seltik” oyununa bilet satışı niyə dayandırılıb: SƏBƏB
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ”ın Şotlandiya “Seltik”i ilə keçirəcəyi cavab görüşünün biletləri satışa çıxarıldığı gün dayandırılıb. Bu barədə Ağdam klubunun yaydığı bəyanatda bildirilir.
Klubun saytında yayılan bəyanatda deyilir: “Qarşılaşmaya olan hədsiz maraq Tofiq Bəhramov adına Respublika stadionunun kassaları önündəki toplaşan izdihamdan bəlli idi. Təəssüf ki, kütləvi maraqdan istifadə edən bəzi “işbazlar” qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən, klubumuz tərəfindən kassalar bağlanıb, hüquq-mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb”.
Satış sabah səhərdən etibarən bərpa olunacaq. “Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar: “Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız”.
Qeyd edək ki, avqustun 5-də Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” oyunu saat 21:30-da başlanacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=29150