Gülər Əhmədova qayıdır – yaxın vaxtlarda youtube-də…

20.08.2015 - 01:57

gulerKeçmiş millət vəkili, psixologiya elmləri namizədi Gülər Əhmədovanın doğum günüdür. Moderator.az – ın əməkdaşı onunla görüşərək bəzi suallara cavab alıb:

– Gülər xanım, ad gününüzü təbrik edirik, ad gününüz ərəfəsində özünüzü necə hiss edirsiniz?

– Diqqətinizə görə təşəkkür edirəm. Mən də öz tərəfimdən bu günlərdə ad günü olan hər bir kəsi təbrik edirəm. Hamıya can sağlığı, ailə səadəti arzulayıram. Mətbuatı diqqətlə izləyirəm, sizin kimi mənim də diqqətimi bu günlərdə ən çox cəlb edən məsələ gənclər arasında intihar hallarının artmasıdır. Çox böyük təəssüflə həyatla belə asanlıqla vidalaşan bu insanları düşünməyə məcbur oluram.

– Sizin də həyatınızda çox ağır günlər olub. Heç intihar barədə düşünmüsünüzmü?

– Səmimi etiraf etmək istəyirəm ki, əlbəttə ki, düşünmüşəm. Hətta Nailə Mirməmmədli ilə birgə “İntihar” adlı bir mahnı da yazmışdıq. Çox təsirli alındı. Düzdü, heç kimə oxumağa vermədilk, amma bəlkə də verməli idik. Çünki mahnının sonu çox pozitiv bitirdi.

– İntihar fikrindən necə uzaqlaşa bildiniz? Bu məsələdə köməyinizə kim və ya nə çatdı?

– Bu o qədər şəxsi bir məsələdir ki, bunu heç kimlə bölüşmək istəməzdim. Amma bu qədər intihar edən gəncləri gördüyüm üçün onlara, ailələrinə və onları bu dərəcəyə çatdıran insanlara, ümumilikdə cəmiyyətə deyəcəyim fikirlər var. Birincisi, üç uşaq anası olan gənc qadını intihar həddinə çatdıran borc verənlərə kredit borcu üzündən özünü öldürən daha bir gəncin intiharına səbəb olanlara, habelə ailə münaqişəsi ucbatından özünü asan, yandıran gənc qadınların ətrafında olanlara yalnız bir şey demək istəyirəm: istənilən halda intihar edənlər Allah qarşısında günahkardırlar, amma bunu da bilin ki, bu insanları bu həddə çatdıranlar da günahkardırlar. Mən məsələnin hüquqi tərəfi barədə danışmıram. Dediklərim yalnız məsələnin insani və bəşəri tərəfləridir. O ki, qaldı mənə, düşdüyüm depressiyadan ailəmin, bacı və qardaşlarımın, dostlarımın sayəsində qurtuldum. Əlbəttə ki, burada psixoloq olmağım da çox böyük önəm daşıyırdı. Həm özümün, həm də psixoloq dostlarımın bu sahədəki bilikləri çox köməyimə çatdı.

– Psixoloq kimi bu sahədə hər hansı bir araşdırmalarınız varmı?

– Bəli, son iki il ərzində bu sahədə xeyli ədəbiyyatı araşdırmışam və demək olar ki, bu sahədə beynəlxalq aləmdə aparılmış bütün tədqiqatlarla yaxından tanış olmuşam. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə intihar hadisəsinin insanın sosial vəziyyəti, yaşı, cinsi ilə birbaşa heç bir əlaqəsi yoxdur. Dünyada ən varlı, həyatda uğur qazanmış insanlar arasında belə intihar etmiş kifayət qədər isim var.Ümumiyyətlə, gənclər arasında ən böyük intihar halları Rusiyada baş verir. Bütün tədqiqatçıların birmənalı fikri ondan ibarətdir ki, intiharın əsas səbəbi müasir dövrün ən böyük nailiyyətləindən sayıla biləcək şəhərləşmə, urbanizasiya faktorudur. Bunu biz öz tariximizlə da təsdiq edə bilərik. Məsələn 1941 – 1945 – ci il tarixlərində insanların maddı vəziyyəti çox pis idi. Lakin buna baxmayaraq, insanlar gələcəyə çox böyük ümidlərlə baxırdılar. Hətta evinə üç qara kağız gəlmiş qadınlar belə intihar haqqında düşünmürdülər. Səbəb isə ondan ibarət idi ki, insanlar kiçik qrup şəklində deyil, böyük qruplar şəklində yaşayırdılar. Hər bir ailədə nənələr, babalar, xalalar, bibilər, əmilər, dayılar, onların övladları, hətta qonşular belə sirdaş və dost idilər. Hər kəs öz ağrı – acısını bölməyə, onu sevən, doğru yola yönəldən, dəstək ola bilən kifayət qədər insan əhatəsində yaşayırdı.
Ümumiyyətlə, intihar Qərb məhsuludur. Biz avropalaşdıqca, müasir dövrün bu elementinin kütləvi halını idxal etdik. Doğrudur, bu o demək deyil ki, keçmişdə və tarixdə intihar hadisələri olmayıb. Amma bu, heç bir halda bu günki kimi “dəb” halını almamışdı. Məsələn, ədəbiyyat tarixindən hamının bildiyi bir faktı yadınıza salmaq istəyirəm. L. Tolstoyun “Anna Karenina” əsərindən sonra qadınlar Kareninanın addımını təkrarlamağa başladılar. Aydındır ki, mətbuatın bu barədə susmasını tələb etmək doğru olmazdı. Mənə belə gəlir ki, ən ideal variant intiharlarla bağlı verilən informasiyalarla paralel intiharın qarşısını kəsə biləcək yazıların, sosial çarxların, psixolqla birbaşa əlaqənin yaradılması düzgün olardı.

– Gülər xanım, bir psixoloq kimi bu sahədə hansısa fəaliyyətlə məşğul olmaq fikriniz varmı?

– Əlbəttə, mən bu barədə son vaxtlar ciddi düşünməyə başlamışam və bu sahənin mütəxəssisi kimi yəqin ki, fəaliyyət göstərəcəm. Məncə, internetin imkanlarından istifadə edərək məsləhətlər, depressiyadan qurtulmaın yolları barədə həm valideynləri, həm də gəncləri maarifləndirmək lazımdır. Güman edirəm ki, yaxın dövrlərdə videobloqlar şəklində bu cür söhbətləri yaymaq doğru olardı. Əgər mən, bir nəfərə belə kömək edə bilsəm, bu həm böyük savab, həm də bir alim kimi cəmiyyətə faydalı olmağım üçün böyük bir addım olardı. Çünki hər birimiz bir insan olaraq bir can qutarsaq, bu bəlanın qarşısını kəsə bilərik. Ümumiyyətlə, demək istəyirəm ki, istənilən depressiyadan, çıxılmaz kimi görünən vəziyyətdən hər zaman çıxış yolu var. Unutmamalıyıq ki, həyatın bütün sınaqları sadəcə bir imtahandır və buna imtahan kimi yanaşmaq lazımdır. Pis günün ömrü az olar deyib atalarımız.

Sözlərinizdən belə anlaşıldı ki, yaxın vaxtlarda Sizin psixoloq kimi internetdə fəaliyyətinizi izləyə biləcəyik.

– Bəli, güman edirəm ki, yaxın vaxtlarda youtube.com – da bir videobloqqer-psixoloq kimi fəaliyyətə inşallah başlayacam.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29745

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930