Çörək ala bilməyən, ac-susuz Qarabağ döyüşçüsü… – FOTOLAR

24.08.2015 - 13:54
veteranVaxtaşırı mətbuatda Qarabağ müharibəsində iştirak etmiş döyüşçülərin hazırkı vəziyyəti haqda yazılar dərc olunur. Əksər döyüşçülər bu gün ağır durumda yaşayırlar. Xüsusilə də onlar sağlıq durumlarından, sosial vəziyyətlərinin ağırlığından şikayət edirlər.
Belə vəziyyətdə olan keçmiş döyüşçülərdən biri də Vaqif Vəliyevdir.
Qarşılaşdığı problemlərdən danışan 63 yaşlı müharibə iştirakçısı bildirib ki, acınacaqlı vəziyyətdə yaşayır. Şikayətçinin bildirdiyinə görə, xəstə olması ona işləməyə imkan vermir. Təqaüd yaşına çatsa da, haqqı olan təqaüdü ala bilmir. Getdiyi bütün qapılardan əliboş şəkildə geri döndüyünü söyləyir.
Vəliyev Vaqif Bəhlul oğlu 1952-ci ildə Xocalıda anadan olub. Hazırda həyat yoldaşı Xuraman Vəliyeva ilə birgə Yasamal rayonu, Ələsgər Əkbərov küçəsində yerləşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 nömrəli yataqxanasında yaşayır.
Yataqxana köhnə və təmirsiz haldadır. Balaca, köhnə bir otaqda yaşayan şikayətçi bu halından narazılıq etmir. Onun istədiyi tək şey müraciətlərinə cavab verilməsi, yoldaşının işlə təmin edilməsidir.
V.Vəliyev başına gələnlərdən danışır: “Mən Xocalıdan sadəcə əynimdə olan idman şalvarı ilə çıxmışam. Çünki hər gün döyüşlər gedirdi. Evlərdən çıxıb, sığınacaqlara girirdik. Sonuncu gün vəziyyət dəyişdi. Ona görə də, heç nə çıxara bilmədim. Sadəcə qonşumun 9 yaşlı qızını kürəyimə götürüb, Ağdama gətirdim. İndi həmin qız böyüyüb, Bakıda yaşayır. Xocalının özünümüdafiə batalyonu yarandığı gündən mən də onların sırasında idim. Hər gecə posta çıxırdım. Sonra isə Xocalı batalyonu yaradıldı. Getdim, oraya da yazıldım. 3 ay da onlarla döyüşdüm. Üç aydan sonra bizim uşaqlar getdilər Şuşa polisinə. Məni götürmədilər. Çünki yaşım çox idi. İndi isə mən bunları heç bir quruma sübut edə bilmirəm”.
“Təqaüd almağıma yardım etsinlər”
Müsahibimin sözlərinə görə, döyüşlərdə iştirak etməsinə baxmayaraq, hələ də veteran statusu ala bilmir:“Mən müharibədə döyüşmüşəm, yaralanmışam. Döyüşdən fotolarım da var. Amma mən bunu heç bir quruma isbat edə bilmirəm. Təqaüd ala bilmirəm. Deyirlər ki, məhkəməyə müraciət et. Bunun üçün də 200-250 manat pul istəyirlər. Mənim pulum var? Oğlum 30 yaşında dünyasını dəyişib. Heç kimim qalmayıb. Hamısı rəhmətə gedib. Qardaşım Fizulidə şəhid olub. Elə adamlar var ki, heç döyüşdə olmayıb. Amma veteran adını alıb. Amma mən döyüşməyimə baxmayaraq, bu adı ala bilmirəm.
Məndən staj istəyirlər. Mən o stajı necə əldə edim? 20 ildən çox Xocalıda ət kombinatında qaynaqçı işləmişəm. Bakıya gələndən sonra isə acından ölməmək üçün, çörək puluna görə orada-burada işləmişəm. İndi də 63 yaşım var və iş qabiliyyətimi itirmişəm. Üstəlik də xəstəyəm. Mən indi nə edim?” 
“Süpürgəçi işi versinlər. Heç olmasa yoldaşımı müalicə etridə bilim, ölməsin”
Keçmiş döyüşçünün sözlərinə görə, bəzən çörək almağa pul tapmır: “5 ildir ki, bu yataqxanada yaşayırıq. Bundan öncə də “Qızıl qum”da yaşayırdıq. Oraya da bizi həmin dövrlərdə Xalq Cəbhəsi yerləşdirmişdi ki, torpaqlarımız alınan kimi, geri dönəcəyik. İndi yaşadığımız yerdən şikayətçi deyilik. İstəyim sadəcə yardımdır. Mənim təqaüd almağıma yardım etsinlər. Çörək almağa pulumun olmadığı günlər yaşayıram”. 
Vaqif Vəliyev həyat yoldaşı Xuraman Vəliyeva da vəziyyətlərindən şikayət etdi: “Televizorda kimsə çıxıb, pafosla Xocalı ilə bağlı danışanda, yalançı göz yaşları tökəndə çox pis oluram. Çünki dəfələrlə müraciət etmişik, amma baxmırlar. Xocalıdan olan yoldaşım burada çörək almağa, müalicə olunmağa pul tapmır. Amma bəziləri efirlərə çıxıb, başqa ölkələr gedib, Xocalı ilə bağlı böyük-böyük danışıb, ağlayırlar”. 
X.Vəliyevanın yeganə istəyi yoldaşının ölməməsidir: “Mən ev, var-dövlət istəmirəm. Süpürgəçi işi versinlər. Heç olmasa yoldaşımı müalicə edə bilim, ölməsin. Heç kimim yoxdur. O olmasa, mən nə edərəm? Övladımız da yoxdur ki, bizə baxsın (Xuraman xanımın bu yerdə gözləri dolur). 
Heç kimimiz yoxdur. And olsun Allaha, elə olub ki, 30 qəpik pul tapıb, çörək ala bilməmişəm. Biz insan deyilik? Dövlətimiz hər şeyə vəsait ayırır. Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Bu soyqırımı dünyaya tanıtmağa çalışırlar. Amma Xocalıdan olan bir ailə çörək almağa pul tapmır”(Musavat.com).
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30245

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930