Azərbaycanda sosial zəmində etirazlar qaçılmazdır: Hökumət kasıb əhalinin yox, oliqarxiyanın maraqlarını güdür
Neft istehsalçılarının sakit həyatını bir ildir əlindən alan iqtisadi böhran kritik mərhələyə qədəm qoyur. Hazırda dünya bazarlarında neftin qiyməti 50 dollar civarında müəyyənləşib. Əksər proqnozlara görə, gələn ay İranın beynəlxalq bazarda neft satışına başlaması ilə qiymətlər 35-40 dollara enəcək. Büdcə gəlirlərinin əhəmiyyətli hissəsini xammal satışından əldə edən ölkələr antiböhran tədbirlərini davam etdirir. Bugünlərdə dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı dövlət xərclərini kəskin azaldacağını elan etdi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə “böhrana qarşı 100 addım” doktrinasını elan edib. Bu ölkədə böhrandan zərər görən bank sektorunun, əmanətçilərin, fermerlərin, biznesin qorunması üçün dövlət ehtiyatlarından istifadə olunur. Rusiyahökuməti də ölkənin ərzaq məhsulları ilə təminatı, xaricdən asılılğın azaldılması istiqamətində mühüm tədbirlər görür. Eyni zamanda valyuta axının qarşsını almaq üçün sərt inzibati metodlara müraciət edib.
Bəs adları çəkilən ölkələrdən daha çox xam neft satışından asılı olan Azərbaycanda hansı antiböhran tədbirləri görülür? Büdcədə neft sənayesindən bilavasitə və dolayısı ilə gələn gəlirlər 97 faiz təşkil edir. “Qara qızıl” ölkənin valyuta gətirən ixracının 98 fazi deməkdir… Deməli, ölkə kifayət qədər böyük vəsaitlərdən məhrum olub, onun yerini qısa müddətdə dolduracaq gəlir mənbələri mövcud deyil.
Antiböhran tədbirləri deyərkən, hər bir neft istehsalçısı üçün əlahiddə proqrama ehtiyac yoxdur, çünki ortaya çıxan problemlər oxşardır. Azərbaycan hökuməti də qonşu ölkələrin həyata keçiridiyi islahatlara müracət edə bilərdi. Amma dünya neft bazarında təlatümlərin başlamasından 1 il ötsə də, heç bir real addımlar atılmır -ən azı, müstəqil iqtisadçı ekspertlərin qənaətləri bundan ibarətdir.
Əhalini böhranın təsirlərindən qorumaq üçün Amerika kəşf etməyə ehtiyac yoxdur. Dövlətin qarşısında bir neçə vacib məsələ dayanır:
1. Ölkənin strateji valyuta ehtiyatlarını qorumaq;
2. İxracı stimullaşdırmaq, ona mane olan bürokratiyanı aradan qaldırmaq;
3. Bank sektoruna dövlət yardımı təklif etməklə onları müflisləşməkdən qorumaq;
4. Əhalinin itirilən əmanətlərini kompensasiya etmək;
5. Ölkədən valyuta axının qarşısını almaq;
6. İş yerlərini qorumaq üçün özəl sektoru stimullaşdırmaq, işini itirənlərin sosial hüquqularını qorumaq;
7. Qiymət artımına bilavasitə səbəb olan monopoliya və inhisarçılığı aradan qaldırmaq;
8. Yanacağın qiymətini ucuzlaşdırmaq, dövlət subsidiyaları ayırmaqla aqrar sektoru dəstəkləmək;
9. Daxili bazarı qorumaq, əhalinin ərzaq təminatını daxili resurslar hesabına təmin etmək üçün müxtəlif proqramlar həyata keçirmək;
10. Ən əsası, antiböhran tədbirləri müəyyənləşdirilərkən dövlətin monoton mövqeyindən imtina etməsi mütləq şərtdir.
İctimai təşəbbüsləri dəstəkləmək, vətəndaş cəmiyyətini, siyasi partiyaları dinləmək, onların təkliflərini nəzərə almaq lazımdır. Bu, hakimiyyətlə xalq arasında etimadın möhkəmlənməsi üçün müstəsna əhəmiyyət daşıyır.
Yuxarıda təqdim olunan islahatları həyata keçirmək hökumətdən böyük zəhmət, iradə tələb edir. Böyük bir komanda işinə ehtiyac var. Amma gəlin görək, ötən bir ildə hansı addımlar atılıb? Atılmayıbsa, hökumət nəyi gözləyib, nəyə ümid edib?
İslahatlar paketinə bir daha göz gəzdiririk və çox təəssüf ki, məyus oluruq. Demək olar ki, real hər hansı addım atılmayıb. Hətta bir qərara bağlı olan məsələlər belə, həll olunmayıb. Məsələn, neftin maya dəyəri kəskin ucuzlaşsa da, yanacağın qiyməti aşağı salınmır. Hökümət dünya bazarında neft bahalaşarkən qiymətləri ona istinad edib artırmışdı. Amma indi qiymətlər kəskin enib, məntiqlə, elə hökumət rəsmilərinin də istinad etdiyi məntiqə əsaslanıb benzinin, dizelin qiymətləri uzuclaşdırılmalıdır. Bu, istehsalın, kənd təsərrüfatının, ümumiyyətlə bütün əhalinin maraqlarına uyğundur. Amma nə baş verir? Tarif Şurası bu barədə təklif almadığını deyir, İqtisadiyyat və Sənaye Nazirliyi isə ölkəyə yanacaq ixrac edən şirkətlərə “gözün üstündə qaşın var” demir. Ümumiyyətlə, bu şirkətlərin adları heç ictimaiyyətə məlum deyil. Belə bir təsəvvür yaranır ki, SOCAR ucuzlaşmaya görə dünya bazarlarında itirdiyi vəsaitləri Azərbaycan xalqı hesabına kompensasiya etmək istəyir.Bütün normal ölkələrdə yanacağın qiyməti kəskin ucuzlaşıb. Azərbaycanda bütün ictimai etirazları qulaqardına vuran SOCAR iştirakçı olduğu, Gürcüstan, Ukrayna bazarlarında yanacağın qiymətini azaldıb. Çünki o bazarlarda rəqabət var, bazar şərtlərinə əməl olunmasa, ayaq üstə durmq mümkün deyil. Azərbaycanda isə xalqın maraqlarına zidd olaraq yanacaq satışında monopoliya hökmranlıq edir. Bu gün onun maraqları bütün cəmiyyətin maraqlarından üstün sayılır.
Yaxud başqa, həlli vacib olan, amma heç bir addım atılmayan sahəyə baxaq: Azərbaycan ərzaq və gündəlik təlabat mallarını əsasən idxal hesabına ödəyir. Devalvasiyadan üzü bəri qiymətlər bir çox məhsullarda 50 faizə qədər bahalaşıb.
Qiymətlərin yüksək olmasında isə iki faktor mühüm rol oynayır:
1. Gömrükdəki monopoliya olduğu kimi qalır. Strateji məhsulları ancaq oliqarxların nəzarətində olan şirkətlər gətirir. Başqa heç kim monopoliyanın “dəmir pərdə”sini yarmaq iqtidarında deyil, təşəbbüs edərsə, onu elə “beşiyindəcə boğub” məhv edəcəklər.
2. Daxili istehsalın stimullaşdırılması istiqamətində heç bir tədbir görülmür. Əvvala, dövlətin ucuz pul resurslarına sahibkarların çıxışı yoxdur, daha sonra daxili bazarı monopolistlər elə zəbt ediblər ki, yerli istehsal maya dəyərinə belə satıla bilmir. Beləliklə, daxili subyektlər qısa müddətdə sıradan çıxır. İstehlakçılar da qalır monopliyanın ölkəyə baha qiymətə gətirib satdığı malların ümidinə.Dollar bahalaşdıqca onlar qiymət artımına gedirlər, hökumət də dolayısı ilə onların mövqeyini dəstəkləyir. Hazırki böhran şəraitində belə cəngəllik qanunlarının əhatəsində yaşamaq məyusedicidir, gələcəyə ümidləri məhv edir.
Daha bir neçə vacib problemdən də bəhs edib ölkədəki real durumu təsəvvür etməyə çalışaq.
Ölkədən pul axını hədsiz sürətlənib, əlində vəsaiti olan şəxslər İrana, Gürcüstana, Türkiyəyə, hətta uzaq Kanada və Çinə üz tuturlar. Çünki Azərbaycanda biznes dövlət qurumlarının elə amansız müdaxilələri ilə üzləşir, monopoliya onları elə hala qoyur ki, pul qazanmaq imkanları qalmır. Amma adları çəkilən ölkələrdə xarici sərmayələri cəlb etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, kapitalın, biznesin təhlükəsizliyinə zəmanət var, gəlirlilik də öz yerində. Təkcə bu il ərzində azərbaycanlılar qonşu ölkələrin iqtisadiyyatına yüzmilyonlarla dollar sərmayə yatırıblar. Bu vəsaitlər Azərbaycandan çıxırsa, nə qədər iş yerlərinin bağlanmasına, pul dövriyəsinin azalmasına, nəticə etibarı ilə ölkədə yoxsulluğun artmasına gətirib çıxarır. Hökumət bir qrup monoplistin maraqlarından keçməyərək, ölkənin bu qədər potensialdan məhrum olmasına əhəmiyyət vermir…
Banklarda dolların bahalaşmasına görə itirilən əmanətlərin kompensasiya olunmaması istiqamətində də heç bir addımın atılmaması dərin məyusluğa səbəb oldu. Qəfil devalvasiya qərarı və onun zərərinin (təxminən, 1.7 milyard dollar) qarşılanmaması əhalinin, xüsusən iş dünyasının ümidlərinin puç olmasına, hökumətə inamsızlığına gətirib çıxardı. Elə bütün problemlər də inamsızlıqdan başlayır…
Bəs hökumət nəyə ümid edir? Getdikcə dərinləşən böhranın hansı kataklizmlərə gətirib çıxaracağını nəzərə almırmı? Vətəndaşla dövlət arasında dərin uçrumun, etimadsızlığın milli təhlükəsizliyi təhdid edən problem olduğunu dərk etmirmi? Mürəkkəb beynəlxaq şəraitdə, torpaqlarının beşdə brini itirmiş ölkədə belə bir vəziyyətin yaranmasının məsuliyyətini anlayırmı?
Azərbaycanda sosial zəmində etirazlar qaçılmaz görünür. Təcrübə dəfələrlə sübut edib ki, dövlət-xalq vəhdəti olmayan cəmiyyətlərdə kiçik bir alov necə böyük yanğınlara səbəb olur. Amma hökumətin qırımından görünür ki, islahat haqqında yox, istənilən etirazı zor gücünə yatırmaq haqqında düşünür. Heç bir ictimai müzakirəyə ehtiyac duymur…
Bu günərdə İctimai Televiziyada Türkiyədə 1 noyabrda keçiriləcək təkrar parlament seçiləri müzakirəyə çıxarılmışdı. Baxmayaraq ki, həmin tarixdə elə öz ölkəmizdə – Azərbaycanda parlament seçkiləri keçiriləcək. Təəssüf ki, hakimiyyətin ölkənin bütün problemlərinə yanaşması məhz bu sayaqdır…
Tuqay Kərimli
Strateq.az
Short URL: http://www.cumhuriyyet.net/?p=31594