Qubada yeni gərginlik ocağı: Məmurlar problemə müdaxilə etdi
Yəqin ki, Qubanın Digah kəndinin sakinləri Antuan de Sent-Ekzüperinin “Su! Demək olmaz ki, sən həyat üçün zərurisən! Sən həyatın özüsən!” aforizmini eşitsəydilər, susuz yaşamağın nə demək olduğunu bilən kimi bu sözləri yazıb kəndin girişinə vurardılar.
Bir müddətdir ki, 2500 nəfərə yaxın əhalisi olan bu kənddə su sadəcə olaraq yoxdur.
Yayın əvvəlindən başlayaraq kəndə demək olar ki, çəkilmiş yeni su kəmərində su tədricən qurumağa başladı, sonra birdəfəlik kəsildi. Artıq üç aydır ki, kəndin əhalisi əsl cəhənnəm şəraitində yaşayırlar, bağ-bostanın suvarılmasından heç söhbət gedə bilməz. Sərin su içmək imkanı artıq xoşbəxtlik hesab olunur.
Əhali bu quraqlıqdan xəstəlik və ölümlərin başlamasını gözləmədən kollektiv şəkildə harasa üz tutmağa məcbur olacaq. Bu kənddə nə baş verdiyini araşdırmaq üçün virtualaz.org və haqqin.az saytlarının reportyorları Quba rayonuna ezam edildilər.
***
Digah kəndinin zəngin və şanlı tarixi var. 1918-ci ildə kəndin sakinləri Quba rayonuna soxulan çoxlu sayda daşnak-bolşevik ünsürlərini məhv ediblər. Azərbaycanın yeni tarixindən məlumdur ki, ermənilər Digah kəndinin yaxınlığında, Qanlı dərə deyilən yerdə çoxlu sayda dinc sakinləri qətlə yetirmişdilər.
Təəssüf ki, bu gün Qanlı dərədə dinc əhalini erməni bandalarından qoruyarkən qəhrəmancasına həlak olan kəndlilərin xatirəsinə heç bir abidə qoyulmayıb. Heç ötən əsrdə baş verən bu qanlı hadisələri yada salan lövhə də yoxdur. Ancaq yerli sakinlər nənə-babalarından o hadisələr haqda eşidiblər və qəhrəmancasına həlak olan yerlilərinin xatirəsini əziz tuturlar.
Yeri gəlmişkən, Azərbaycanın ən uzun ömürlüsü olan Sayat Əhmədova da bu kənddə yaşayıb və 2013-cü ildə 114 yaşında vəfat edib. Qarabağ müharibəsinin qızğın çağında bu kənd cəbhəyə könüllülərdən ibarət bütpv batalyon yola salıb. Bu müharibənin iştirakçısı, məşhur “əfqan” döyüşçüsü, general Yaşar Aydəmirov da Digah kəndindəndir.
Nəhayət, Digah kəndinin suyunun hara yoxa çıxdığı haqda…
Su hara gedir?
Kənd sakinləri jurnalistin gəldiyini eşidəndə sevinirlər, nəhayət ki, kimsə onların səsini eşidib. Sakinlər on illərdir onsuz da su qıtlığı içərisində yaşayıblar, sonra gözlərinə inanmadılar-su bolluğu başladı. Ancaq günlərin birində kəndlilərin bu xoşbəxtliyinə son qoyuldu. Yəni əslində su kəməri var, ancaq suyun özü yoxdur.
“Biz uzun illər susuzluqdan əziyyət çəkmişik”-digahlılar birnəfəsə öz dərdlərini danışırlar.
“Hara üz tutmuşuqsa, bizim şikayətimizə baxan olmayıb. Nəhayət, bir neçə il əvvəl bütün kənd yığışıb, yeni su boruları alınıb və Digaha yaxınlıqdakı Quruçaydan su çəkiblər.
Bu, camaata ucuz başa gəlmədi, çünki çaydan kəndə qədər 14 kilometr məsafə var. Ancaq ayrı yolumuz da yox idi. Kənd susuzluqdan əziyyət çəkirdi. Birtəhər su kəndə çəkib gətirdik. Və bir müddət əvvəl gördük ki, suyun təzyiqi azalıb, bu yaxınlarda isə su ümumiyyətlə kəsildi.
Araşdırmağa başladıq, müəyyən etdik ki, bizim su kəmərinə qonşu Alpan kəndinin sakinləri icazəsiz qoşulublar. Digah nisbətən yüksəklikdə yerləşir, Alpan isə aşağıdadır. Kənddən bir neçə kişisi qonşu kəndin evlərinə baxdı və məlum oldu ki, onların bir çoxu bizim su xəttinə qoşulublar. Alpan aşağıda olduğundan bütün su da axıb onlara gedir.
Hüquq-mühafizə orqanlarına müraciət etdik, ancaq əllərini yellədilər, heç bir tədbir görmədilər. Onda qərara gəldik ki, bütün su kəməri boyu gedib icazəsiz qoşulmuş xətləri kəsək, özü də polisin iştirakı ilə”-sakinlər deyir.
“Əgər qonşularımız kəndin müxtəlif hissələrində heç olmasa bir-iki kran qoysaydılar, dərd yarı idi. Axı biz də insanıq. Üstəlik qonşuyuq. Bizim aramızda heç vaxt münaqişə olmayıb. Başa düşürük, suyun az olduğu bu yerlərdə onlar üçün də çətindir. Amma belə də olmaz axı. Onlar bizim su kəmərindən öz həyətlərinə özbaşına şəkildə su xətləri çəkiblər. Yəni içməli su ilə öz həyətyanı sahələrini suvarırlar. Bizim qadınlar, hətta qocalar isə yemək hazırlamaq üçün əllərində vedrə bir neçə yüz metr kənara su dalınca gedirlər.
Bir dəfə qanunsuz birləşdirilən su xətlərini kəsdik, amma onlar başqa yerlərdə kəməri deşib yeni su xətti çəkdilər. Halbuki onların kəndi çaya yaxındır. Bəs onlar da bizim kimi niyə eləmir, özlərinə niyə ayrıca su xətti çəkmir?
Bu günlərdə Alpan kəndində yenə təftiş apardıq və yenə də qanunsuz xətlər aşkarladıq. Alpanlıların narazılığına baxmayaraq onların xətlərini yenə ləğv elədik. Yalnız ayağını cəbhədə itirmiş bir Qarabağ veteranına güzəştə getdik. Bundan əlavə, kəmərdə iki kran saxladıq ki, camaat oradan su götürə bilsin”.
Ən maraqlısı odur ki, Digah sakinləri bütün baş verənlərə görə alpanlılardan daha çox öz kəndlərinin bələdiyyə sədri Qızxanım Həmzəyevanı günahlandırır. Sakinlərin sözlərinə görə, Q.Həmzəyeva Alpan camaatına onların su xəttinə qoşulmağa icazə verir. Təbii ki, quru sağ ola görə yox, müəyyən məbləğdə pul müqabilində.
Digah sakinləri onu da öyrənə biliblər ki, bələdiyyə sədri Alpan sakinlərindən kəmərə qoşulmaq üçün 250-300 manat tələb edir. Bundan əlavə, su xəttinə qoşulan hər bir ailə Digah bələdiyyəsinə ildə 12 manat ödəməlidir. Bütün bu ödəmə əməliyyatları çeksiz, ümumiyyətlə, hər hansı sənəd olmadan həyata keçirilir.
“Alpanın nəinki sıravi sakinləri, hətta bu kəndin bələdiyyəsinin sədri də bizim su xəttinə qoşulub. Təsəvvür edin ki, biz su xəttini öz vəsaitimiz hesabına çəkmişik, amma bizim kəndin bələdiyyə sədri suyu digər kəndin sakinlərinə satır. Biz bu bələdiyyə sədrinə ümumiyyətlə səs verməmişik. Həmzəyeva hansı yolla bələdiyyə sədri olub? Biz ondan şikayət edirik, amma faydası yoxdur” – deyə hiddətlənmiş Digah sakinləri bildirir.
Qeyd edək ki, bu şikayətlərə hər halda reaksiya var, amma digahlıların istədiyi kimi yox. Quba Rayon Polis Şöbəsi Həmzəyevanın maxinasiyalarını araşdırmaq və iki qonşu kəndin sakinləri arasında su üstündə yaranmış münaqişəni həll etmək əvəzinə Digah sakinlərindən izahat, arayış tələb edir. Yəni siz alpanlılara nəyə əsasən qəzəblənmisiniz, onların suyunu hansı əsasla kəsirsiniz, niyə təxribatçılıq edib münaqişə yaradırsınız, ümumiyyətlə sizə kimdənsə nəsə tələb etmək hüququnu kim verib və s.
“Bizi Quba Rayon Polis Şöbəsinə çağırıb izahat tələb edirlər. Bizə təzyiq göstərirlər, tələb edirlər ki, bu haqda heç yerə şikayət etməyək. Amma biz susmaq fikrində deyilik. Çünki susuz yaşamaq olmaz, bu, cəhənnəm əzabıdır” – deyə digahlılar bildirir.
Nəhayət, haqqında danışmalı olduğumuz daha bir məqam. Məsələ burasındadır ki, Digah sakinlərinin əksəriyyəti ləzgilərdir, Alpanda isə əsasən azərbaycanlılar yaşayır. Amma burada millətlərarası ədavətdən söhbət belə gedə bilməz. Bu, adi məişət, sosial məsələdir.
“Biz hamımız Azərbaycan vətədaşlarıyıq. Biz o qarmaqarışıq 90-cı illərdə əhalini qızışdırıb ayağa qaldırmağa çalışan “Sadval” emissarlarını öz qüvvəmizlə qovmuşuq buradan. İndi isə iki kəndin sakinləri arasındakı adi su mübahisəsini kimlərsə başqa cür, millətlərarası münaqişə kimi təqdim etməyə çalışır. Lakin əbəs yerə. Belə deyil. Biz bir ölkənin vətəndaşlarıyıq və kiminsə milli mənsubiyyəti məsələsini heç vaxt qabartmırıq” – deyə digahlılar fəxrlə bildirir.
Digahlılara inanmamaq olmaz. Amma bunu da unutmaq olmaz ki, erməni təbliğatı və “Sadval” tipli təşkilatlara bənzər bəzi millətçi dairələr iki kənd arasındakı adi məişət mübahisəsindən sui-istifadə etməyə, buna milli çalar verməyə fürsət gəzir. Bu, Azərbaycana lazımdırmı? Rayon rəhbərliyi, bəlkə də elə lap ölkə rəhbərliyi bununla məşğul olmalı, yerli knyazların özbaşınalığının qarşısını almalı, nəhayət, kəndin su problemini həll etməlidir.
P.S. Reportyorlarımızın Qubadan hazırladığı bu xüsusi reportaj haqqin.az saytında işıq üzü görəndən sonra Quba rayonunun icra başçısı Digah kəndinə gedib. Bu barədə virtualaz.org saytına hökumətdəki mənbələrdən məlumat verilib.
İcra başçısı hər iki kəndin sakinləri ilə görüşüb. Görüşdə kənlərin sakinləri bildiriblər ki, onlar hökumətin sosial siyasətini və prezidentin kursunu tam dəstəkləyirlər. İcra başçısı kəndlərin sakinlərinin bütün xahiş və müraciətlərini dinləyib, istəklərini yerinə yetirib.
Onu da qeyd edək ki, bəzi təxribatçı qüvvələrin iki kəndin sakinlərini üz-üzə qoymaq cəhdləri də müşahidə edilib.
Bəhram Batıyev
Natella Rüstəmova
Bakı-Quba-Bakı
Fotolar müəlliflərindir
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=31799