ŞOK! PKK və Suriya erməniləri Qarabağda
“Ermənistan bu gün PKK üçün ikinci Qəndil rolunu oynayır”. Publika.az xəbər verir ki, bu barədə MHP-nin keçmiş millət vəkili, Azərbaycan əsilli Sinan Oğan deyib. Onun sözlərinə görə, Ağrı Dağı – Ermənistan xətti PKK-nın təhdidi altındadır: “Son dövrlərdə törədilən hücumlara baxsaq görərik ki, TIR-ların yandırılmasının bir səbəbi də yollarda təhlükəsizliyi pozmaq və rahat şəkildə həmin yollara minalar düzməkdir. Lakin İğdırda yollara döşənən bombalar yaxın tarixdə döşənən bombalar deyil. PKK-nın Ermənistanı ikinci Qəndil olaraq görməsi, bunu üçün də İğdırda terror törədilməsi üzərindən çox düşünüləsi məsələdir. Ermənistan – Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan xəbərlər almağa başladıq. Sərhəd kəndlərindəki dostlarım mənə zəng vuraraq, gecə vaxtı Ermənistana tərəf keçənlər haqda məlumatlar verib”.
S. Oğan qeyd edib ki, heç kəs Kürdüstanı Ermənistana bağlamaq kimi xəyallar qurmasın: “İğdır xalqı buna icazə verməz. Bu təxribatlar başqa bölgələrdə təsir göstərə bilər. Amma İğdırda törədiləcək hər-hansı bir təxribatların təhlükəli nəticələri ola bilər”.
Bu arada “Yeni Müsavat” qəzetində də ilginc iddialar yer alıb. Qəzetin yazdığına görə sentyabrın 8-də Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Fransanın xarici işlər naziri Loran Fobiusun dəvəti ilə Parisdə Yaxın Şərqdəki milli-dini azlıqlara qarşı zorakılılara həsr olunan beynəlxalq konfransda iştirak və çıxış edib (1 in.am). Tədbirdə 60-a yaxın ölkənin nümayəndə heyəti, beynəlxalq təşkilatların rəhbərləri, ruhaniyyət təmsilçiləri, Avropa Birliyinin xarici işlər naziri Federika Moqerini iştirak ediblər.
Konfransda Nalbəndyan da çıxış edib. Saytın yazdığına görə, Nalbəndyan konfrans iştirakçılarının diqqətinə ölkəsinin Yaxın Şərq bölgəsində baş verənlərlə bağlı dərin narahatlıq keçirdiyini, İŞİD terror qruplaşmasının əməllərini pislədiyini çatdırıb.
Ardınca isə o, ənənəvi erməni pafosu ilə deyib: “Erməni xalqı əsrlər boyu Yaxın Şərqdəki mədəni müxtəlifliyin xüsusi tərkib hissəsi olub. Biz bu bölgənin xalqlarına minnətdarıq ki, bir əsr əvvəl ”genosid”dən qorunmağa çalışan bizim yüz minlərlə həmvətənimizə sığınacaq verib. Bu gün həm bu xalqların, həm də oradakı etnik-dini icmaların mövcudluğuna ciddi təhlükə yaranıb”.
Və ən önəmli məqam – nazir sonra bildirib: “Zorakılıqlar bizim həmvətənlərimizi də haqlayıb, onların bir çoxu terror hücumlarına məruz qalıb, erməni yaşayış məntəqələri, kilsələr, mədəni və tədris müəssisələri məhv edilib. 100 il öncəki kimi, on minlərlə erməni Yaxın Şərqin digər xalqları kimi bu gün məcburi emiqrasiya yolu tutub. Təkcə Suriyadan 15 min erməni Ermənistana gəlib”.
***
“Ermənistana axın edən suriyalı ermənilərin sayı artıb”. Bunu isə lragir.am saytına açıqlamasında Ermənistanın diaspor naziri Firdus Zakaryan söyləyib (axar.az). Onun sözlərinə görə, hazırda Ermənistana gələn suriyalı ermənilərin sayı 4000 nəfərə çatıb.
Sitat: “Son iki ayda bu axın artib. Biz artıq bununla bacarmaq gücündə deyilik. Ermənistana adətən evini itirmiş insanlar gəlir. Əgər suriyalı ermənilər təkcə İrəvanda yox, başqa yerlərdə də yaşamağı qəbul etsəydilər, o zaman hər şey yaxşı olardı. Lakin onları da başa düşmək olar. Çünki onlar İrəvandan başqa Ermənistanın heç bir yerində iş tapa bilməzlər”.
***
İki erməni nazirin, iki rəsmi şəxsin suriyalı erməni qaçqınlarla bağlı söylədiyi iki müxtəlif rəqəm dərhal diqqət çəkir. Belə ki, Nalbəndyan Ermənistana 15 min Suriya ermənisinin gəldiyini bəyan edirsə, diaspor naziri 4 min (!!) rəqəmini səsləndirir. Aradakı fərq isə – 11 min edir. Bəs bu qədər qaçqın erməni hara yox oldu?
Məntiq deyir ki, diaspora nazirinin rəqəmi daha mötəbərdir, çünki bu, sırf onun sahəsidir. Deməli, yerdə qalan 11 min qaçqın erməni Ermənistandan sonra yollarını başqa səmtə davam etdiriblər. Hara?
Hər halda, Gürcüstana (Cavaxetiya), Türkiyəyə, İrana suriyalı qaçqınların gəldiyi haqda heç bir informasiya yoxdur. Qalır – işğal altındakı Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar. İndiyədək Qarabağda əcnəbi ermənilərin yerləşdirilməsi barədə çoxsaylı məlumatların olduğu ciddiyə alınarsa, böyük ehtimalla, həmin 11 min suriyalı erməni də İrəvandan məhz elə Azərbaycan torpaqlarına yönləndirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=31883