Aslan İsmayılov Adil Vəliyevlə bağlı daha sənəd yaydı – FOTOFAKT
21.09.2015 - 12:04
Vəkil Aslan İsmayılov Sabunçunun icra başçısı Adil Vəliyevin qanunsuz əməllərini ifşa edən daha bir sənədi yayıb. Qaynar.info həmin sənədi və vəkilin fikirlərini təqdim edir:
“Keçən yazılarımda qeyd etmişdim ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsənin Mədəniyyət küçəsində çoxlu sayda sakinlərin, uşaqların istirahət etdiyi park olub. Parkı, “Heydər Əliyev fondunun təşəbbüsü ilə bərpa işləri” adı altında hasarladan, Sabunçu Rayonu İH Başçısı Adil Vəliyev açılışı şəxsən özü edir və sakinlərin səbirsizliklə gözlədikləri, böyük bir ərazidə olan yeganə istirahət məkanı A.Vəliyevin növbəti obyektinə, “Şəhrizad” uşaq bağçasına çevrilir. Parkın ərazisində yaradılan bağçada bir uşağın həftənin beş günü üçün aylıq ödəmə haqqı 350 AZN-dir (bu faktı bağçadan bildiriblər).
Dünən əldə etdiyim sənəddən görünür ki, İH Başçısının birinci müavini Güloğlan Məmmədov vətəndaşa cavab olaraq bildirir ki, sözü gedən Bağça Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış layihə əsasında, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş rəy və digər təşkilatlarla razılaşdırılmaqla inşa olunaraq uşaq bağçası kimi fəaliyyət göstərir. Əlavə olaraq bildirir ki, SİZ QEYD OLUNAN ƏRAZİDƏN HAZIRDA İSTİRAHƏT MƏQSƏDİ İLƏ İSTİFADƏ EDƏ BİLƏRSİZ.
Həmin ərazidə yaşayan bütün Vətəndaşlardan xahiş edirəm ki, rəsmi sənədə əsaslanaraq həmin parkdan istirahət məqsədi ilə istifadə etsinlər. Buna maneə yarandıqda baş verənləri qeydə alaraq (foto, video) ictimailəşdirsinlər (mənə və yaxud istənilən kütləvi informasiya vasitələrinə yollasınlar).
İcra Hakimiyyəti rəsmilərindən isə xahiş edirəm ki, Bağçanın tikintisi ilə bağlı mövcud olan bütün sənədləri açıqlasınlar. Həqiqətənmi, Heydər Əliyev Fondu insanların istirahət yeri olan parkın zəbt olunaraq özəl bağçaya çevrilməsində təşəbbüskar olub?”
Short URL: http://www.cumhuriyyet.net/?p=32730