Ali məhkəmə vətəndaşların əleyhinə qərar çıxardır – “Bakcell” məhkəmələri necə ələ alıb?
“Birinci instansiyada hakim Kəmalə Əmirxanova, ikinci instansiyada hakim Aygün Abdullayeva, Ali Məhkəmədə isə hakim Əli Rüstəmov “Bakcell” MMC-yə qarşı əsaslı iddianı təmin etməyə gücləri çatmadı. Hakimlərin sözləri hələ də qulağımdadır, hər biri az qala “presedent yaradacaq gücdə deyilik” ifadəsini deməyə çalışdılar”.
Bu fikirləri hüquqşünas Səbuhi Axundov “Bakcell” şirkətinə qarşı qaldırdığı iddia ilə bağlı ötən həftə keçirilən məhkəmə prosesindən sonra səsləndirib.
Hüquqşünas bildirib ki, hakimlər qətnamədən kənar dəfələrlə onun haqlı olaraq mobil operatora qarşı iddia qaldırdığını bildirsələr də, sonda hüquqşünasın əleyhinə qərar çıxarıblar.
Məlumat üçün bildirək ki, hüquqşünas abunəçisi olduğu “Bakcell” mobil operatorundan şikayət edib. Onun iddiasına əsasən, şirkət S.Axundova məxsus nömrənin balansından səbəbsiz yerə 25 manat məbləğində pul silib. Bu barədə şirkətə müraciət etdikdə isə çıxılan pulun əvəzi kimi ona 25 danışıq dəqiqəsi qaytarılıb. Bu müddətin dəyəri isə cəmi 1 manat təşkil edir.
Hüquqlarını qorumaq və vurulan maddi və mənəvi zərəri geri almaq məqsədilə S.Axundov ötən ilin dekabrında Nərimanov Rayon Məhkəməsinə, ardınca isə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Ona vurulan maddi və mənəvi ziyanın əvəzində 10 min manat təzminat ödənilməsini tələb edib. Hər iki instansiya hüquqşünasın haqlı olduğunu etiraf etsə də, sonda “Bakcell”in xeyrinə qərar çıxarıb. Bundan narazı qalan S.Axundov Ali Məhkəməyə üz tutub. Burada da hakim Əli Rüstəmov həmkarlarının qərarlarını qüvvədə saxlayıb. Bununla da məhkəmə-hüquq sistemində yanlış bir presedentə imza atıb.
Növbəti addımları barədə Strateq.az-a açıqlama verən hüquqşünas S.Axundov bu məsələdə sonadək getmək və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək barədə düşündüyünü bildirib:“Azərbaycanda instansiya qurtardı. Bundan sonra Avropa Məhkəməsinə müraciət etməyi düşünürük. Çünki yerli məhkəmələrin “Bakcell”ə qarşı qərar çıxarmağa gücləri çatmır və bunu açıq etiraf edirlər. Ötən ildən başlayan məhkəmə araşdırmaları zamanı dəfələrlə qarşı tərəfə vaxt verdilər, vurulan zərəri ödəməyi, qarşılıqlı razılıq əsasında problem həll etməyi tövsiyə etdilər. Bir ay müddət keçdikdən sonra onlar razılığa gəlmədiklərini bildirdilər”.
Maraqlıdır ki, “Bakcell” MMC rəsmiləri vətəndaşa dəyən ziyanı məhkəmədən kənar, qeyri-rəsmi qaydada ödəməyə hazır olduqlarını bildiriblər. Lakin S.Axundov bununla razılaşmayıb: “Çünki mən qeyri-rəsmi ödəniş edilməsini qəbul edə bilmərəm. Əgər belə etsəydim, elə anlaşılar ki, mən kimisə təhdid edib pul alıram. Ona görə də məhkəmə qaydasında ödəmələrinə təkid etdim. Onlar da bundan imtina etdilər. Çünki məsələ məhkəmə qaydasında həll edilsəydi, bir presedent yaranacaqdı. İndiyə qədər bütün məhkəmə proseslərində “Bakcell”- ə qarşı heç bir iddia təmin olunmayıb. Çünki bu tipli şikayətlər çoxdu. Əgər bir dəfə qərar verilərsə, digərlərində də “Bakcell”-in əleyhinə olan qərarların qəbul edilməsi üçün bir nümunə yaranacaqdı. Ona görə də hər vəchlə bunun qarşısını almağa çalışırlar”.
Ciddi hüquq pozuntusu ilə üzləşdikdən sonra S.Axundov “Bakcell” MMC-dən şikayətçi olan abunəçilərlə bağlı araşdırma aparıb. Sosial şəbəkələrdə keçirdiyi sorğuların nəticəsində bəlli olub ki, hazırda 800 nəfərə yaxın vətəndaş şirkətdən şikayətçidir. Vətəndaşların rəylərindən mobil operatorun bu və ya digər şəkildə abunəçilərin balansından oğurluq etdiyi, normal xidmət göstərmədiyi bəlli olub. Həmin sənədləri də məhkəməyə təqdim etdiyini deyən S.Axundov onların nəzərə alınmadığını vurğulayıb.
Hüquqşünasın sözlərinə görə, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarını Müdafiə üzrə Dövlət Xidməti də onun xeyrinə rəy verib. “Bakcell”in Xidmətə ünvanladığı məktubuna əsasən, vətəndaşın hüquqlarının pozulduğunu bildiriblər: “Maraqlıdır ki, axı məhkəmə əlində kifayət qədər sübutlar və qarşı tərəfin etirafı ola-ola, niyə hüququ pozulan şəxsin xeyrinə qərar çıxarmaqda acizdi? “Bakcell” bu qədər inhisarçıdı ki, məhkəmə ona qarşı qərar verməkdə acizdi? Müəyyən idarə və təşkilatlar var ki, məhkəmələr onların əleyhinə qərar çıxarmaqda acizdirlər. Biabırçılıq ondan ibarətdir ki, qərar çıxararkən Avropa Məhkəməsinin presedentlərinə istinad edirlər, ancaq onu düzgün tətbiq etmirlər. Onları öz maraqları xatirinə təhrif edirlər. Bəlkə hakimlər Avropa Məhkəməsinin presedentlərini doğru başa düşmürlər. Ola bilər ki, tərcümələri yanlışdı. Yaxşı olar ki, etibarlı tərcümə mrkəzlərinə müraciət etsinlər”.
Onu da deyək ki, yalnız Ali Məhkəmədəki prosesə qatılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı da “Bakcell”-ə qarşı çıxış etməyib. Yalnız “Bizim üçün fərqi yoxdur” deməklə kifayətlənib. Halbuki, dövlət orqanları yalnız vətəndaşların hüquqlarını müdafiə etməlidir. “Bakcell”-ə münasibətdə Nazirliyin bu cür mövqe tutması diqqətdən kənarda qalmamalıdır.
Artıq Antiinhisar və İstehlakçıların Hüquqlarını Müdafiə üzrə Dövlət Xidməti də öz mövqeyindən geri çəkilib. Sözügedən məhkəmə prosesindən sonra bu quruma edilən eyni məzmunlu müraciətlərə cavab verilmir. S.Axundov “Bakcell” MMC-dən həmin Xidmətə də təzyiq edildiyini vurğulayıb.
Göründüyü kimi, müəyyən səbəblərdən dövlət qurumları və məhkəmələr mobil operatora qarşı hər hansı qərar qəbul etməkdə çətinlik çəkirlər.
Digər tərəfdən, xeyli sayda şikayətçisi olan “Bakcell” də ona qarşı hər hansı qərarın qəbul edilməsini hər vasitə ilə əngəlləməyə çalışır. S.Axundovun xeyrinə qərar verilməsi bu sahədə presedent olardı və digər şirkət 800 nəfərə də təzminat ödəməli olacaqdı. Bunun qarşısını almaq üçün qərarın özlərinə sərf edən formada verilməsinə nail olublar.
Ali Məhkəmənin son qərarı isə bərbad və insan haqlarına zidd olan bir presedentin əsasını qoydu. Bundan sonra bütün kommersiya qurumları, hüquqi şəxslər, xidmət müəssisələri vətəndaşları aldadaraq hüquqlarını pozanda, onlardan oğurluq edəndə üzr istəməklə kifayətlənəcəklər və onlara qarşı heç bir tədbir görülməyəcək.
Strateq.az
Short URL: http://www.cumhuriyyet.net/?p=33385