Pensiya yaşının artırılması zərurətdir?

02.10.2015 - 10:02

ahilEkspertlər bildirirlər ki, ölkənin gəlirlərinin azalmasını bununla nizamlamaq mümkün deyil…

Ölkədə pensiya yaşının artırılması da ciddi müzakirə mövzusudur. Bildirilir ki, bununla hökumət pensiya yaşına çatanların sayını azaltmaq fikrindədir. Ekspertlər qeyd edirlər ki, yaş artımı maliyyə çatışmazlığı ilə bağlıdır.

 
Son olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluq yaradılmasına ehtiyac olduğunu deyib. DSMF sədrinin sözlərinə görə, demoqrafik göstəricilərin nəzərə alınması və dövri şəkildə tənzimlənməsi pensiya sistemləri qarşısında mühüm vəzifədir:
“Bu gün büdcədən maliyyələşən təşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayət qədər aşağıdır. Təbii ki, bu da bir uyğunsuzluq ifadə edir. Ötən dövrdə biz bu istiqamətdə müəyyən tədbirlər aparmaqla, demoqrafik göstəricilərin tənzimlənməsi üzərində uğurlu bir fəaliyyəti yekunlaşdırmışıq. Amma uzunmüddətli perspektivdə maliyyə dayanıqlığına nail olmaq üçün qeyd edilən istiqamətlərdə tədbirlərin reallaşdırılma zəruriliyi apardığımız aktual tədqiqatlarla ortaya qoyulub”.
 
E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını belə şərh edib: “Yaxın günlərdə bu aktual tədqiqatların nəticələri ictimaiyyətə açıqlanacaq. Burda müxtəlif alternativlər var. Bir sıra məsələlərdə pensiya yaşını dəyişdirməklə real, optimal səviyyəyə çatırlar. Bu, bir sıra hallarda gözlənilən pensiya ödənişi müddətinin dəyişdirilməsi yolu ilə balanslaşdırılır. Amma hansı variant seçilməlidir? Azərbaycan üçün hansı variant daha əlverişli ola bilər? Bundan ötrü müəyyən alternativlər ortaya qoyulur. Yalnız o alternativlərdən sonra biri seçilir. Bu barədə hər hansı fikir demək hələ tezdir”
Ekspertlər isə məsələyə fərqli yanaşırlar. Əksər ekspertlər ölkənin gəlirlərinin azalması fonunda belə bir məsələnin ortaya atılmasını təbii sayır. Yəni büdcəyə transferlərin ildən-ilə azalması fonunda belə bir variant düşünülür.
 
Ekspert Natiq Cəfərli bildirir ki, bu cür qərarın olacağı gözlənilən idi: “Ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr Rusiyadakı proseslərin təkrarı ilə nəticələnir. Rusiyada bununla bağlı artıq qanun layihəsi hazırlanaraq Dövlət Dumasına təqdim olunub. Azərbaycan hökuməti də məhz bu örnəyi əsas tutaraq, belə bir addım atmağı düşünür. Azərbaycan tərəfi dövlət büdcəsində yaranacaq problemləri nəzərə alaraq, pensiya yaşını qaldırmaqla az da olsa neqativ təsirlərini azaltmağa çalışır”.
Onun sözlərinə görə, bu yol ölkə üçün o qədər də optimal deyil: “Azərbaycanda pensiya yaşının qaldırılmasına ehtiyac yoxdur. Rusiya, Gürcüstan və Avropa ölkələrdə fərqli səbəblər olsa da, əsasən bu məsələ ölkələrdəki iqtisadi və demoqrafik vəziyyətlə əlaqədardır. Demoqrafik vəziyyəti ağır olan ölkələrdə daha çox pensiya yaşını artırmağı üstün tuturlar. Ölkəmizdə isə belə bir problem yoxdur. Azərbaycanda demokrafik vəziyyət normaldır”.
N.Cəfərli qeyd edib ki, pensiya yaşının artırılması təqaüd üçün ayrılan büdcə xərclərinin müəyyən qədər azalmasını nəzərdə tutan addım olacaq.
Ekspert Qubad İbadoğlu isə deyib ki, pensiya yaşının artırılmasında başlıca səbəb pensiya fondunun maliyyə durumunun pisləşəcəyi ehtimalıdır: “Hazırda Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Hazırda onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmən pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq. Son illər dövlət büdcənin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacagı da indidən bəllidir”.
Ekspertin sözlərinə görə, digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçilməsi ilə bağlıdır: “Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökumətin qarşısında vəzifə kimi qoyulsa da, bu, o qədər də asan olmayacaq. Çünki, dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökümətdə başqa alternativləri saxlamayacaq. Odur ki, gələn ildən pensiya yaşı 65-dək qaldırıla bilər”.
Ekspert Vüqar Bayramov da qeyd edib ki, hazırda pensiya yaşını artırmağa lüzum yoxdur: “Gələcəkdə pensiya yaşı artırıla bilər. Ancaq indiki məqamda Dövlət Sosial Müdafiə Fondunun əlində kifayət qədər resurs və rıçaqlar var. Fondun kəsiri də yoxdur. Ona görə pensiya yaşını olduğu kimi saxlamaq olar”.
Qeyd edək ki, BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5-dir. (musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=33701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728