Bakıda ictimai nəqliyyat sistemi çökür

08.10.2015 - 10:55
tixacRayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələb sentyabrın 15-dən qüvvəyə minib.
Baş nazirin müavini, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov jurnalistlərə açıqlamasında deyib ki, yol polislərinə xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problemin olmaması barədə tapşırıq verilib: “Bu sahədə heç bir problem ola bilməz. Sadəcə, ilk növbədə insanların sağlamlığını düşünməliyik. Bütün gün yollardakı problemlərdən danışırıq. Kim deyir ki, paytaxta giriş bağlıdır? Bu, səhv düşüncədir. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz gəlsin. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqda tam şərait var. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Bunun nəyi pisdir?”
A.Şərifov yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması məsələsinə də toxunub. O qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur: “Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının rahat hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Mən burada problem görmürəm”.
Komissiya sədri minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı məsələnin iqtisadi tərəflərinin nəzərə alınmasını da zəruri sayıb: “Tutaq ki, köhnə “Jiquli” minik avtomobili ilə Bakıya gəlirik. Nə kondisioneri var, filan qədər benzin işlədir, amortizatordan isə danışılası deyil. Yayın istisində otururuq bu maşına, 3-4 uşaqla 4-5 saata Bakıya gəlirik. Halbuki o insanlar avtobusla paytaxta gəlsələr, bu qədər xərcə, əziyyətə düşməzlər. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir. Əhalisi Azərbaycanla müqayisə olunacaq istənilən Avropa ölkəsini, yaxud elə İsraili götürək. İsraildə 1 ildə avtomobil qəzasında 190-200 nəfər həyatını itirir, Azərbaycanda 1300 nəfər yol qəzalarının qurbanı olur, İsraillə müqayisədə 4 dəfə çox insan isə xəsarət alır, şikəst olur. Təəssüf ki, heç birimiz bunu düşünmürük. İnsan sağlamlığı hər şeydən önəmlidir”
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə deyib ki, qadağalara Sumqayıt və Abşeron qeydiyyatında olan avtomobillər də daxildir: “Sentyabrın 15-də Bakı-Sumqayıt xətti üzrə hərəkət edəcək yeni qatarlar istifadəyə veriləcək. Sumqayıt sakinlərinə Bakı şəhərinə gəlmək üçün ən təhlükəsiz nəqliyyat vasitəsi olan dəmiryol xəttindən istifadə etmək tövsiyə olunur”.
K.Əliyev qeyd edib ki, Bakı şəhərinin şimal və cənub girəcəklərində rayon qeydiyyatı olan avtomobillər üçün pulsuz dayanacaqlar yaradılıb: “Avtomobillər pulsuz olaraq həmin dayanacaqlarda dura biləcəklər. Dayanacaqlarda ən yaxın metro stansiyalarına gələn avtobuslar fəaliyyət göstərəcək. İctimai nəqliyyat vasitələri sərnişin daşınmasını həyata keçirəcək. Bu, həm şəhərdə yaşayan, həm də şəhərə gələn vətəndaşların özlərinin rahat hərəkət etməsi üçün yaradılmış imkandır”- DYP rəsmisi vurğulayıb.
Tez-tez rayondan Bakıya gələn Ucar rayon sakini Leyli Məmmədova deyir ki, rayon maşınlarının Bakıya buraxılmamasına görə xeyli çətinliklə üzləşiblər. Onun sözlərinə görə, əvvəllər rayondan gələrkən bir başa qaldığı ünvana gəlib çıxa bilirdi: “Tələbəyəm. 3 ildir ki, Bakıda qalıram. Həmişə rayondan Bakıya maşınla gedib- gəlmişəm. Belə olanda ailəm də rahat olurdu. Bilirdilər ki, birbaşa gəlib evə çıxacam. Amma indi rayondan gələndə gərək düşüm metro, avtobus dəyişim. Bakıda da nəqliyyatın durumunu bilirsiniz. Basa-basdan tərpənmək olmur. Üstəlik neçə saat da durub avtobus gözləyirəm. Bir sözlə rayondan gəlib 3 saata evə çıxırdımsa, bu müddət 5 saat olub indi. Özünüz də bilirsiniz ki, rayondan gələn istənilən insanın yanında yükü olur. Onlarla avtobusda, metroda getmək dözülməz olur. Taksi ilə getmək də mümkün olmur, qiymətlər bahadır. Tələbədə haradadır o qədər pul?”
L.Məmmədova deyir ki, ictimai nəqliyyatın vəziyyəti normal olsa idi, bu qadağa ilə razılaşmaq çətin olmazdı. Ancaq bu gün bu sahədə durum pisdir: “Nə avtobuslar normal vaxtında işləyir, nə sürücülər insanlara normal münasibət bəsləyir, nə də insanlar bir-birilərini anlayır. Avtobuslar arasındakı interval çox olduğundan sərnişinlər məcbur qalıb bir-birinin üstünə minir. Elə metroda da vəziyyət eynidir. Əvvəllər dedilər ki, qatarlar arasındakı intervallar azalacaq, insanlar rahat gedib gələ biləcək. Ancaq yenə eyni şeydi. Adam metroya minəndə həyata nifrət edir. Dəfələrlə olub ki, 3-4 qatar buraxmışam ki, nisbətən seyrəklik olsun, rahat gedə bilim. Halbuki, nəqliyyatda vəziyyət yaxşı olsa, bu kimi qadağalar gözə görünməz. Ancaq hər işimizdə olduğu kimi ictimai nəqliyyatımızda da problemlər çoxdur”.
Ictimai Nəqliyyatla bağlı insanların fikrini öyrənmək üçün Bizimyol.info-nun “Facebook” səhifəsində sorğu keçirdik. Sorğuda iştirak edən əksər izləyicilərimiz nəqliyyatda problemlərin çoxluğundan şikayət ediblər.
Ülkər Kərimova yazıb ki, o avtobusların natəmizliyindən, bəzilərinin az-az xəttə çıxmasından narazıdır: “Sərnişin mindirmək üçün avtobusu dayanacaqdan kənarda saxlayırlar. Çox vaxt sərnişin düşəndə şükürlər olsun ki, buna diqqət edirlər. Bir də ki, əvvəllər geniş avtobuslar var idi. Onlar niyə kiçiklərlə əvəz olunub? Təzə deyil ki, deyəsən heç olmasa təzələri ilə əvəz ediblər”.
Ziyafət Əliyeva isə yazır ki, yeni avtobuslar alınıb: “Ancaq gəl ki, basa-bas,  gedişhaqqını ödəsən də salona keçmək mümkün deyil. Başqa bir problem isə getdiyin yerə çatmaq üçün bütün şəhəri dolanırsan”.
Aytac Həsənzadə deyir ki, avtobus sürücüləri sərnişinləri həddən artıq yığırlar: “”Sıxlaşın”, “mehriban olun”, “orta boşdu” deyib yığırlar hamını. Sanki konslagerlərdi, hamını bir yerə yığıb öldürmək istəyirlər. Buna bir limit olmalıdır ki, ayaq üstə çox adam götürən sürücü cərimə olunacaq. Onda heç kim bir adam da artıq götürməz”.
Cavid Tağıyev yazır ki, avtobus sürücülərinin yerli-yersiz sürəti gah maksimum həddə qaldırmalarından, gah da tısbağa sürəti ilə getmələrindən hamı narazıdır: “Bəzi dayanacaqda saatlarla yatırlar. Bəzilərində isə heç saxlamırlar. 3-cü şikayətim isə avtobusların içindəki natəmizlikdəndir”.
Nəqliyyat eksperti Ərşad Hüseynov Bizimyol.info-ya açıqlamasında deyib ki, bu fikirlərin hamısı başdan yanlış idi. Rayondan Bakıya nə qədər adam gəlir ki, sıxlıq yarada: “Camaatın işi-gücü yoxdu ki, durub hamılıqla gəlsin Bakıya. Rayondan Bakıya cüzi sayda insanlar gəlirlər. Onlar da nəqliyyat üçün böyük yük deyil. Yanlışlıqlar da elə burdan başladı. Statistikanı  aparan oldu ki, görüm rayondan Bakıya nə qədər maşın gəlir? Heç bir problem yoxdur. Söhbət ondan gedir ki, ictimai nəqliyyatımız bu gün bərbad gündədi. Nə etmək lazımdır? Çeşidli problemlər var. Sürücülərin nizamsızlığından tutmuş, marşrut sistemlərinin optimallığının olmaması, qrafiklərinin düzgün qurulmaması və s. Təsəvvür edin, dünya şəhərləri arasında Bakı yeganə şəhərdir ki, orada yalnız metro və avtobus var. Başqa heç bir ictimai nəqliyyat yoxdur. Tramvay, trolleybus, metrobus, elektrik qatarları və s”.
Ə.Hüseynov deyir ki, avtobuslar sahibkarlara verilib. Onlar da qaz vurub qazan doldurmaq həvəsində olan insanlardır: “Onları pul qazanmaq maraqlandırır, sərnişinlər yox. Sərnişinin vaxtında, rahat, təhlükəsiz evinə çatması onları maraqlandırmır. Bu problemləri həll etmək lazımdır. Konsepsiyanı kökündən tullamaq lazımdır kənara. Bakı şəhərinin sərnişin probleminə tamam başqa yanaşma lazımdır. Bu sistem işləmir, işləmək istəmir. Zorla deyil ki? İki aydan, üç aydan bir marşrut xətləri dəyişdirilir. İnsanlar buna alışa bilmir. Camaatın dünən rayona getdiyi avtobus bu gün yoxdur. Avropa Oyunlarından sonra marşrut xətlərini ən azı 3 dəfə dəyişiblər. Son bir ayda dəfələrlə dəyişiklik olub. Əgər təhlil eləsək görərik ki, bütün bunlar sahibkarların maraqlarına görə dəyişdirilib ki, sakinlər onlara çox pul versinlər”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=34276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031