Azərbaycanlı masson danışdı

21.01.2014 - 23:51

“Bizim haqqımızda yazılanlar məktəblilərin sinifdən xaric oxusu üçün yazılan
nağıllara bənzəyir”


“Bizim haqqımızda yazılanlar məktəblilərin sinifdən xaric oxusu üçün yazılan
nağıllara bənzəyir”

 

Azərbaycan mason lojasının üzvlərindən birinin 1937.az saytında dərc olunan müsahibəsini diqqətinizə çatdırırıq.

İstərdim
ki, söhbətə lap əvvəldən başlayaq. Mən uzun müddət masonluqla bağlı
araşdırmalar aparmışam, kitablar oxumuşam, bu məxfi dünyanın sakinləri
ilə virtual olaraq ünsiyyətdə olmuşam. Ancaq mövzunu tam şəkildə dərk etməyim
hələ ki, mümkün olmayıb. Nədir masonluq?

-Məsələ çox şişirdilir. Əslində, masonluq eyni
düşüncəni paylaşan insanların birləşdiyi qardaşlıq toplusudur, əxlaq
sistemidir. Burda nə isə atom bombası axtarmağa lüzum yoxdur. Dediyiniz
kitabları vaxt olduqca mən də oxuyuram. Çoxunu da oxumuşam. Bilirsiniz,
orda yazılanlar məktəblilərin sinifdən xaric oxusu üçün yazılan
nağıllara bənzəyir. Siyasi gedişlər, qəribə rituallar, düşünülmüş cinayətlər.
Bu tip kitablarla masonluğu öyrənmək yox, ancaq kortəbii şəkildə
ona nifrət etmək olar. Masonluğu dərk etmək xeyli çətin prosesdir.

Bu proseslə bağlı bir qədər danışa bilərsiniz?

-Dediyim kimi, bu çoxmərhələlidir. Hər şey
pillə-pillə baş verir, insan aydınlanmanın necə baş verdiyini özü
də anlamır.

Masonluğun təməl prinsipi, əsas məqsədi nədir?

-Biz insanlar arasında sülhün bərqərar olunması üçün
çalışırıq. İnanırıq ki, insanların bir-birinə münasibəti dəyişsə, bütün dünyada
sülh, qardaşlıq hökm sürəcək. Dünyanı aydınlatmaq üçün fərdlərdən başlamalıyıq.
Ən əvvəl də özümüzdən. Mənəvi saflıq mühüm amildir.

Siz gizli fəaliyyət göstərirsiniz. Bu məxfilik,
yəni masonluğun özünü sirli saxlamasının səbəbi nədir?

-Əslində, bu da, bir növ, müdafiə sistemidir. Təkcə
2000-ci ildən bəri Avropa ölkələrində 10-a yaxın lojaya basqın olub.
Bunun tək səbəbi də tarixçilərin masonluq haqqında yazdığı yanlış
məlumatlardır. Əsrlərdir ki, masonlar sadə xalqa qaniçən, din düşməni
kimi təqdim olunur. Bunun səbəbi lap orta əsrlərdən gəlir. Vatikan kilsəsi və
Roma papası tampliyerləri sıxışdırıb, sıradan çıxarmaq üçün onları xalqa
əxlaqsız, vəhşi, Allahsız kimi göstərdi. Bu ənənə illər keçdikcə
daha da şiddətləndi. Həm də bu məxfilik normal bir şeydir. İndi
əksər obyektlərdə “kənar şəxslərə giriş qadağındır” yazılı qapılar var, o ki
qaldı lojalarda.

Bəs sizin qərargaha belə basqınlar
olubmu?

-Xeyr, olmayıb. Bəlkə də, ünvanı bilsəydilər
çoxdan daş-qalaq eləmişdilər.

Masonların
dinə və Allaha qarşı fikirləri haqqında hər kəsdə bir düşüncə hakimdir:
inamsızlıq. Bu nə dərəcədə doğrudur?

-Qətiyyən, doğru deyil. Biz öz aramıza yeni mason qəbul
edəndə onun inamını yoxlayırıq. Mason birinin Kainatın Ulu
Memarına – Allaha inanması onun xarakterindəki vacib
keyfiyyətlərdən biridir. Biz bütün dinlərə də hörmətlə yanaşırıq və
hər lojada da üç müqəddəs kitab – Tövrat, İncil və Quran var.

Ancaq əksər insanlar masonluğa
şeytana itaətin başlanğıc nöqtəsi kimi baxır.

-Bayaq dediyim kimi, bu sırf saxta kitablardan
qaynaqlanan şeylərdir. Biz insanlar arasında din, irq və milliyyət
ayrı-seçkiliyinin aradan qalxmasına çalışırıq. Bütün insanlar sülh və
qardaşlıq içində yaşamalıdır. Dünya vahid bir ideologiya, vahid bir bayraq
altında birləşməlidir.

Saxta kitablar dediniz, sizin loja daxilində
oxuduğunuz və ya oxunması vacib olan kitablar varmı?

-Əlbəttə, oxuyuruq. Biz cəhalətə qarşıyıq. Hər bir
insan maariflənməlidir, xüsusən də, mədəni sahədə.

Bəs lojanızın buyurduğu kitablar?

-Belə kitablar var. Hamısı da qədim mason əlifbası ilə
yazılıb. Biz aydınlanmaq üçün elə bu kitabların prinsiplərindən istifadə
edirik. Tarixdəki dahi yazarların bir çoxu öz əsərlərini elə masonluğun
əxlaq prinsipləri əsasında yazıb yaradıblar.

Bəs bizim yazarlar arasında masonluqla əlaqəsi
olanlar varmı?

-Bu suala cavab verə bilməyəcəm. Çünki mason olan şəxs,
yalnız özü istəyərsə mason olduğunu etiraf edə bilər. Başqa mason qardaşlarının
əvəzinə bunu etməyə haqqı yoxdur.

Sizin ölkədəki fəaliyyətləriniz nədən
ibarətdir?

-Biz, yalnız bir sahədə fəaliyyət göstərmirik,
müxtəlif sahələrdə müxtəlif cür fəaliyyətlərimiz olur. Ən əvvəl ölkədəki
sabitliyi qorumağa çalışırıq. Çünki sabitlik olmayan yerdə nə isə əldə etmək
çətin məsələdir.

Bəs siyasət?

-Mənim siyasətlə heç bir bağlantım yoxdur.

Bildiyim qədər hər həftə sizin iclaslarınız,
qəribə ayinləriniz, mərasimləriniz olur. Bunlar da həmin
aydınlanma fəlsəfəsinin bir parçasıdır?

-Hə, bu, bir növ, yoqa və ya ekstaz halı kimi bir
şeydir. Bizdə iclaslar iki formada olur. Birincisi, “Ailə iclası” adlanır. Bu
zaman biz lojanın daxili məsələləri ilə bağlı müzakirələr aparıb,
qərarlar veririk. “Rəsmi iclas”lar zamanı isə ölkə səviyyəsində həyata
keçirəcəyimiz planları müəyyənləşdiririk. İclaslarda hərə dərəcəsinə uyğun
paltar geyinir. Bu önlüklər üzərindəki simvollara və rənginə görə fərqlənir.
Bunların da hərəsinin öz mənaları var. Məsələn, ağ əlcəklər görüdüyümüz işin
təmizliyini simvolizə edir. Qara əlcək – görüləcək işin günah olsa belə,
insanlıq üçün edilməli olduğunu göstərən rəmzlərdən biridir. Pərgar, zanbaq,
kəllə sümüyü…

Bəs dəhşətli masonik ayinlər?

-Belə bir şey yoxdur (gülür). Körpə uşağı
ayaqlayıb öldürmək, keçi qanı içmək, qadını qurban vermək, erotik
rituallar bu və digər uydurmaların masonik ayin olduğunu yazırlar.
Bunlar, sadəcə, gülməlidir. Lojada toplananların əksəriyyəti ziyalılardır. Orda
65-70 yaşlı professorlar var. Sizcə, ağsaqqal ziyalı birinin bu tip küçə
oyunlarında iştirak etməsi nə dərəcədə ağlabatandır?

Masonluğa qəbul mərasimi necə həyata keçirilir?

-Bəzi mərhələlər var ki, mason olmaq istəyən şəxs həmin
mərhələlərdən keçir, daha sonra isə andı oxuyur və bizim sıralarımıza qatılır.

Həmin
o “bəzi mərhələ”ni ardıcıl şəkildə danışa bilərsinizmi?

-Bu gizli mərasimdir, qəbulolma mərasimi keçirilən şəxs
bir neçə otaqdan keçir, hər otaqda da onu simvolik sınağa çəkirlər. Sonra
o, “düşünmə otağı”na girir. Üstündə daş, kəllə sümüyü, qan və
sirkə olan masanın arxasında oturur. Daha sonra isə düşünüb qərar verir,
andiçmə mərasimi olur və o, hamının qarşısında mason andını oxuyur.

Səsləndirə bilərsiniz həmin andı?

-Mason olan şəxs əlini ürəyinin üstünə qoyub bu mətni
oxuyur: Mən, Kainatın Ulu Memarının və buradakı qardaşlarımın
qarşısında bu gözəl ailəyə sadiq qalacağıma, ömrümün sonuna kimi
cəhalətə, zorakılığa qarşı mübarizə aparacağıma şərəfim və namusum adına and
içirəm. Daim haqq və ədalətin yanında olacaq, başqalarının da haqqını öz haqqım
kimi qoruyacağam. Mənə verilən sirləri ömrümün sonuna kimi saxlayacağam. Böyük
Mason Lojasına və buradakı qardaşlarıma sadiq
qalacağıma and içirəm. Kainatın Ulu Memarı bu yolda mənə kömək olsun.

Bundan sonra onun masonluğu tərk etmək kimi bir
hüququ var mı?

-Əlbəttə, bu onun təbii haqqıdır. Amma ona verilən
sirləri özündə saxlamalıdır. O sirlər onunla məzara gedəcək. Elə buna görə də
mason olan şəxs bir daha masonluqdan çıxa bilməz deyirik. Çünki o, sirlərimizi
daim özü ilə gəzdirəcək.

-Təşəkkür edirəm. Qardaş sevgilərində.

-Qardaş sevgilərində.

Söhbətləşdi: Aqşin Evrən

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3523

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30