Yeni deputatlar parlamentdə hansı təkliflə çıxış edəcəklər? – SORĞU
Noyabr-ın 1-də keçirilmiş seçkilər nəticəsində formalaşan Milli Məclisin yeni tərkibində 27 nəfər yeni deputat var. Onların bəzilərini ictimaiyyət tanısa da, əksəriyyəti haqqında geniş məlumat yoxdur. İlk dəfə deputat seçilənlər parlamentin 5 illik fəaliyyəti müddətində hansı qanun layihələri ilə bağlı təşəbbüs göstərəcəklər və nə kimi təkliflər irəli sürəcəklər?
Modern.az saytı bununla bağlı deputatların bəzilərindən münasibət öyrənməyə çalışıb.
35 saylı Xətai seçki dairəsindən seçilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 5 illik deputatlıq fəaliyyəti müddətində hansı məsələləri qaldıracağını açıqlayıb: “Övladlarımız dövlətin təminatında olmalıdır, qadınların, anaların hüquqları qorunmalıdır, müəllimlər yüksək maaş almalıdır, müqaviləli orduya keçməliyik. 5 ildə bunları həyata keçirə bilsəm, məndən xoşbəxt insan ola bilməz”.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən mandat əldə edən Elman Nəsirovun fikrincə, Milli Məclisdə fəaliyyəti dövründə ən çox çalışdığı sahə -beynəlxalq məsələlər, xarici siyasət, beynəlxalq təhlükəsizlik məsələləri barədə təklif və fikirlər səsləndirəcək:
“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı məsələləri hər zaman diqqətdə saxlamaq əsas qeydlərimdən biri olacaq. Təkcə bu problemlə bağlı deyil, parlamentin hər bir üzvi ölkəmizin qarşısında duran mühüm məsələlərlə bağlı mövqe bildirir. Bu, həm daxili siyasət, həm də xarici siyasətə aiddir. Ona görə də ilk növbədə seçildiyim dairədən olan insanlarla ünsiyyətim zamanı onlardan eşitdiyim problemlər, onların həlli istiqamətində fəaliyyət göstərmək, təkliflər irəli sürmək Milli Məclisdə fəaliyyətim müddətdə ən çox diqqət yetirdiyim məsələlərdən olacaq. Həmin məsələlər iqtisadi-sosial yönümlü məsələlərdir. Görüşlərim zamanı sahibkarlarda da müəyyən fikirlər səsləndiriblər, onların problemlərinin qabardılması, həlli istiqamətində addımlar atacağam”.
19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycan cəmiyyəti dinamik, inkişaf edən cəmiyyətdir və Azərbaycan qanunlarının da daim təkmilləşməyə ehtiyacı var: “Yeni qanunların qəbul olunmasına zaman-zaman ehtiyac yaranır. Çünki qlobal inkişaf özü ilə yeniliklər gətirir və yeni yaranan sahələrdə də yeni hüquqi münasibətlərin formalaşması zərurəti yaranır. Ona görə, əlbəttə, ilk növbədə Azərbaycanın Milli Məclisi qanunverici orqandır və bu istiqamətdə də fəaliyyətim olacaq”.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli qeyd edib ki, onun irəli sürəcəyi qanun layihələri ilə bağlı təkliflər ilk növbədə parlamentin hansı komitəsinə üzv seçilməsindən asılı olacaq:
“Hər bir komitənin özünün spesifikası var və qaldıracağım məsələlər bundan da asılıdır. Ümumilikdə, fikrim odur ki, 5 illik müddətdə partiyamız tərəfindən hazırlanan Qarabağ, erməni soyqırımı ilə bağlı qanun və qərar layihələrini təqdim edim. Qaldıracağımız təkliflər arasında iqtisadiyyatın dövlət tərəfindən tənzim olunmasının artırılması istiqamətində məsələlər də var. Eyni zamanda, milli adət-ənənələrimizin qorunmasına kütləvi informasiya vasitələrində nəzarətin həyata keçirilməsi təklifi ilə də çıxış edəcəyəm. Amma ən başlıca məsələ ölkədə sabitliyin qorunmasıdır. Hüquqi və demokratik dövləti yalnız sabitlik şəraitində qurmaq olar. Öz seçki dairəmə aid olan problemlər var, 40-dan artıq yerdə görüş keçirdim, hər yerdə yol, su, qazla bağlı problemləri deyirdilər. Dövlət büdcəsi müzakirə olunan zaman çalışacağam ki, bu problemlərin həllinə nail olum. Yeri gəldikcə aktuallıq kəsb edilən məsələlərə və hüquqşünas kimi irəli sürülən qanun layihələrinə münasibətimi bildirəcəyəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=37839