Azərbaycan İstiqlalının BÖYÜK ÖNDƏRİ
Azərbaycan
durduqca yaşayacaq gerçək şəxsiyyət Məhəmməd Əmin Rəsulzadədir
Harda olmasından asılı olmayaraq Rəsulzadə Azərbaycanın istiqlal
mübarizəsini aparıb
71 illik ömrünün bütün məqamlarında Azərbaycan, onun azadlığı məsələsi
var
Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Şərqin
ilk demokratik dövlətin elan edən təşkilatın adı Əbülfəz Elçibəy
silahdaşlarının birliyində yaşanır…
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin
banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. RəsulzadəXX əsrdə Azərbaycanın fəxr edib qürur duyacağı ən
böyük tarixi şəxsiyyət M.Ə.Rəsulzadədir. Bu, şüar deyil, tarixi gerçəklikdən
qaynaqlanan həqiqətdir. Azərbaycan siyasi təfəkkürünün ifadəçisi olan bu
görkəmli siyasi mücahidin kəşməkəşlərlə dolu fəaliyyəti, elmi, ədəbi-bədii və
publisist irsinin təhlili, yazdıqları və bizlər üçün bir xəzinə olaraq qoyub
getdiyi samballı əsərləri bu nəticəyə gəlməyə əsas verir. Bu millət fədaisinin
adını universitetlərdən silmək, şəklini göstərməmək, fotosu həkk olunmuş
əskinası dəyişmək, abidəsini qadağan etmək olar, amma onun tarixi haqqlarını
tapdamaq mümkünsüzdür. Tarixi şəxsiyyətlərin qiymətini, gec-tez tarix özü
verir.
Prezidentlikdən
imtina edib prezidentdən böyük olan kişi
Qoca tarix yalnız qlobal ideyaların daşıyıcılarını
və bu ideyaları məharətlə gerçəkləşdirib fakta çevirənləri öz yaddaşında
saxlayır. Bu baxımdan M.Ə.Rəsulzadənin ən böyük tarixi
xidməti Azərbaycanın istiqlalı, xalqımızın bütün nəsillərinin qürur duyduğu
Azərbaycan Xalq Cümhuriyyətidir. M.Ə.Rəsulzadə istiqlalın “bir qrup
xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür
edən ehtiyac” (H.Baykara) olduğunu sübut edərək, müstəqil Azərbaycan dövlətinin
parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu.
Bu, Şərqdə ilk belə hakimiyyət forması oldu. O vaxt mütləqiyyət, avtoritar
rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlar atan,
uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli
respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardır. Əlbəttə,
avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti
seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma
onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Ona görə
də onu prezident kimi görmək istəyənlərə “biz min illərdir padşahların,
sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya
meylliliyimiz var. Yəni, kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona
görə də parlamentli respublika daha yaxşıdır” cavabını vermişdi. Sadəcə,
parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.
M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı
şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul
etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki,
iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının
taleyindən danışır. Başqaları bir çox məsələləri ehtiyyatla söyləyir, yəqin ki,
sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki,
M.Ə.Rəsulzadə Rusiya qoşunlarının gəlişini Azərbaycan istiqlalını əlindən
alacaq qüvvə kimi səciyyələndirib. O, belə düşünürdü ki, millətin istiqlalı
əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Cümhuriyyətin
mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə
insanın şüurunda istiqlal toxumu səpə bildi.
Azərbaycan işğal olundu, amma görünür, tale
Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı…
Şər imperiyasına əyilməyən lider
Cumhuriyyət devrildikdən sonra Rəsulzadə həbsə alınıb,
sonra onun dostu olan Stalin tərəfindən həbsxanadan azad edildi. Amma bir
şərtlə azad etmişdi ki, onunla birlikdə Moskvaya getsin. Əslində Rəsulzadə bir
həbsxanadan başqa həbsxanaya köçürülmüşdü. Sadəcə Moskvadakı həbsi fərqli idi,
həbsxana kamerasında deyildi, lakin ciddi nəzarət altında idi, bir yerə gedəndə
mütləq rəsmi icazə almalı idi. Ona görə də Rəsulzadə Rusiyada olduğu 2 ilə
yaxın müddətdə Stalinlə əlaqəsi olduğu halda belə, bolşevizmin mahiyyətini tam
dərk etdiyi üçün artıq burada yaşamağın qeyri-mümkün olduğunu bildirdi. Eyni
zamanda Müsavat Partiyasının tapşırığı əsasında Rusiyanı tərk etdi və Rusiya
dövlətinə, yeni yaranmaqda olan SSRİ-yə heç bir xidmət göstərmədi. Sadəcə
olaraq burada Şərq Xalqları Universitetində müəllim işlədi və araşdırmaları ilə
məşğul oldu. 1922-ci ildə Sankt-Peterburqdan Finlandiyaya gedib orada bir ay
yaşayan, sonra Fransaya, ordan Almaniyaya və Türkiyəyə gəlir.
Atatürkə belə
əqidəsini satmadı
Türkiyə ictimaiyyəti vasitəsilə dünyanın diqqətini
Azərbaycanın bolşeviklər tərəfindən işğalına yönəltməyə çalışdı. Rəsulzadəyə
burada əsas dəstəyi Türkiyə Ocaqları verib. Türkiyə Ocaqlarına Rəsulzadənin
köhnə dostu Həmdüllah Sübhi Tanrıvər rəhbərlik edib. Yalnız Rusiyanın
təzyiqlərindən sonra sovet hökuməti əleyhinə mübarizə aparan Rəsulzadənin
Türkiyədə yaşaması qeyri-mümkün olub. 1931-ci ildə SSRİ və Türkiyə arasında
bağlanan müqavilənin gizli bəndində yazılmışdı: Türkiyə Cümhuriyyəti öz
öhdəsinə götürür ki, Sovet hökuməti əleyhinə təbliğat aparan mühacirləri öz
ərazisindən qovur. Rəsulzadə də Türkiyənin təzyiqindən sonra bu ölkəni tərk
edir. Rusiyada olduğu kimi, Türkiyədə də Rəsulzadə üzərinə heç bir öhdəlik
götürmür. Rəsulzadə ona qarşı basqıları görəndə, Azərbaycanın azadlıq
mübarizəsini aparmağın qeyri-mümkünlüyünü hiss edəndə bu ölkələri tərk edir.
Atatürk dövründə Türkiyə Cümhuriyyətinə Sovet
Rusiyası və SSRİ-nin çox böyük təzyiqləri var idi. Atatürkün təklifləri oldu
ki, ya Azərbaycan məsələsindən vaz keçirsən – hətta deyilənlərə görə,
Rəsulzadəyə Böyük Millət Məclisinin üzvlüyü vəd olunmuşdu – ya da ölkəni tərk
edirsən. Rəsulzadə də ölkəni tərk etmək seçimini etdi, bu, məlum həqiqətdir.
Əgər yerləşdiyi ölkənin qarşısında öhdəlik götürmüş olsaydı, əlbəttə ki, bu
hərəkəti etməzdi. Rəsulzadə yenidən Türkiyəyə qayıtdıqdan sonra əvvəlki
siyasi fəaliyyəti olmayıb, əsasən ideoloji-elmi fəaliyyətlə məşğul olub, elmi
araşdırmalar aparıb.
Atatürkdən sonra İsmət İnöni dönəmində xaricdə olan
mühacirlərin böyük bir hissəsi geri qayıtdı. O dövrdə mühacirlərin adını
“turançı” qoyub o qədər insanları həbsə atdılar ki, həmin dövrdə Məmməd
Əmin bəy əlbəttə ki, siyasi fəaliyyətini davam etdirirdi, Azərbaycan
mühacirətinin lideri olaraq qalırdı. Amma fəaliyyətinin əsas istiqamətləri
ideoloji və elmi sahə idi.
Harda olmasından asılı olmayaraq Rəsulzadə
Azərbaycanın istiqlal mübarizəsini aparıb. Həmin dövlətlərin müəyyən qurumları
ilə apardığı danışıqlarda da Rəsulzadə Azərbaycanın azadlığı və istiqlalı məsələsini
qoyub. Bu istiqamətdə danışıqlarda anlaşmalar olmayıbsa, Rəsulzadə həmin
ölkələrdən ya uzaqlaşdırılıb, ya da özü çıxıb gedib, başqa bir ölkədə yenə
mübarizəsini aparıb.
Vida kəlməsi: “Azərbaycan, Azərbaycan,
Azərbaycan…”
Rəsulzadə Azərbaycan davasını apardığına görə alman
hökumətinin qəzəbinə tuş gəlir və ölkədən qovulmaqla bağlı qərar verilir. O,
iki il Almaniyada, həmçinin Rumıniyada gizli yaşadıqdan sonra, 1947-ci ildə
yenidən Türkiyəyə gedir. Türkiyə hökuməti mühacirlərə siyasi fəaliyyət izni
vermədiyi halda, Rəsulzadə 1949-cu ilin fevralında Azərbaycan Kültür Dərnəyini
yaradır. 1952-ci ildən sonra daha aktiv fəaliyyətə keçir, “Azərbaycan”
jurnalını nəşr etdirir, Azərbaycan haqqında ciddi kitablar yazır, gəncləri
toplayıb təşkilatlandırır. Rəsulzadənin 71 illik ömrünün bütün məqamlarında
Azərbaycan, onun azadlığı məsələsi var. Ona görə də dünyadan köçəndə – Məhəmməd
Kəngərli deyirdi ki, onda mən onun yanında durmuşdum – üç dəfə “Azərbaycan,
Azərbaycan, Azərbaycan” deyib…”
Biz böyük Məhəmməd Əminin həyatının kiçik bir
hissəsini əhatə etdik. Onun başdan-ayağa Azərbaycan sevdalısı olduğunu görmək
üçünsə elə bu epizodlarla tanış olmaq da kifayət edər. Amma bilməli olduğumuz
başqa həqiqətlər də var…
Xalqın seçimi: Rəsulzadə və Əliyev yolu
Heydər Əliyevin doğum gününə aylarla hazırlaşan
YAP iqtidarı dövlətin təməlini qoyan LİDERİN yubleyi üçün daş üstünə daş
qoymayıb. Bunlar, əlbəttə, müqayisə məqsədli deyil. Azərbaycan öz tarixinin
şanlı səhifələrini SSRI kimi bir sistemin kölələrindən qoruyub saxlaya bilib və
bundan sonra da bu tarixin yönünü dəyişməyin kiməsə qismət olacağı şübhə
doğurur. Bununla belə, bu cür münasibətin köklərini dəyərli oxucularımıza
təkrar xatırlatmaqda fayda olduğunu düşünürük. Bu mənada, bizim bu gün
etdiklərimiz də, ideya öndərlərimizin 96 il əvvəl etdikləri də tarix və
insanlıq mənsubiyyətimiz qarşısında borcumuzdur.
Məhəmməd Əmin Rəsulzadə bir azərbaycanlı kimi, öz xalqına dövlət qurdu, milli,
dini, siyasi ayrı-seçkilik etmədən hər kəsi bu dövlətin təşkilində görəvləndirdi.
Heydər Əliyev isə bir azərbaycanlı kimi, azərbaycanlıların iradəsilə
formalaşmış hakimiyyəti silahla devirdi. Onun oğlu atasına ad günü keçirmək
məqsədilə park tikdirmək üçün dinindən, dilindən, siyasi görüşündən asılı
olmayaraq, minlərlə vətəndaşın evini başına uçurtdu, onların minimal
kompensasiyasını – ziyanpulunu belə vermədi. Heydər Əliyevi Azərbaycan
dövlətinin qurucusu kimi tanıdanlar onun şərəfinə uçurulan evlərdən xəbərsiz
deyillər. Amma onu anlamırlar ki, bütün ölkə boyu evi başına uçurulan vətəndaş
heç vaxt evyıxanı dövlət quran kimi tanımaz, qəbul etməz. Xırda
ədalətsizliklərdən dağ düzəldib böyük ədaləti bərpa etmək mümkün deyil, mümkün
olmayıb, olmayacaq da!
Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski,
Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və s. Azərbaycan Xalq
Cümhuriyyətinin böyük şəxsiyyətləridir. Onların hər biri bu gün də
şəksiz-şübhəsiz tariximizin ləyaqətli şəxsiyyətləri kimi anılır. Həmişə də hər
bir azərbaycanlının qürurla anacağı şəxsiyyətlərdir. Bu şəxslər beş fraksiyalı
parlament respublikasını quraraq, hakimiyyəti xalqın iradəsində tutub. Onlar bu
gün də həm xalqımız tərəfindən, həm də Qərb dünyasında anılırlar. Heydər
Əliyevin kadrları, məsələn, Ramiz Mehdiyev, Artur Rəsizadə, Kəmaləddin
Heydərov, Ziya Məmmədov bu gün dünyada tərtib olunan “qara siyahılar”da yer
alırlar.
Milli Şura ölməyib… Rəsulzadə-Elçibəy
yolu…
Tarix, əlbəttə, gələcəyin arxa qapısıdır, amma ora
sadəcə, girmək olur. Bu gün də o qapıdan girənlər ən müxtəlif yerlərdə oturub
öz qiymətini gözləyir. Oturmayanlar da var. Millətin, insanlıq mənsubiyyətinin
qarşısında öz məsuliyyətini başa düşənlər yenidən insanlara hürriyyət
qazandırmaq üçün əllərindən gələni edirlər. Anlayırlar ki, batan Azərbaycan
gəmisidir. Onu xilas etməsək, hər birimiz batacağıq, bədbəxt məmləkətdə xoşbəxt
insan ola bilməz, uğursuz ölkədə uğurlu siyasətçi ola bilməz. Bu düşüncə ilə
millətin xilası üçün çalışanlar Demokratik Qüvvələrin Milli Şurasında
toplanıb. Məhəmməd Əmin Rəsulzadənin
rəhbərliyi ilə Şərqin ilk demokratik dövlətin elan edən təşkilatın adı Əbülfəz
Elçibəy silahdaşlarının birliyində yaşanır…
“…Şübhəsizdir
ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər
prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi,
qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi
yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”
Ruhun rahat olsun BÖYÜK ÖNDƏR! Azərbaycan
günümüzdə müstəqil bir cümhuriyyətdir. Savaşımız AZAD, BÜTÖV və DEMOKRATİK
AZƏRBAYCAN qurmaqla bitəcək!
“Yeni Cumhuriyyət”
Short URL: http://www.cumhuriyyet.net/?p=3816