Hüquq müdafiəçisi qadın ölümləriylə bağlı prezidentə müraciət etdi
“Təmiz dünya”İctimai Birliyinin sədri Mehriban Zeynalova ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə son zamanlar ölkədə qadınlara qarşı cinayət hallarının artmasından narahatlıq ifadə olunub.
Cebhe.info müraciəti təqdim edir:
“Hörmətli cənab Prezident!
Qadınlar olaraq müraciətimiz Sizədir! Çünki Sizdən başqa ölkədə baş verən hadisələrə dərhal reaksya verən başqa bir dövlət nümayəndəsini tanımırıq. Ölkədə qadınlarla bağlı vəziyyət gərgin həddə çatıb, qadınlara qarşı zorakılıq baş alıb gedir. Bir həftə ərzində 5 qadın evində və ya küçədə öldürülüb. Cinayət hadisəsinin bəziləri uşaqların gözləri qarşısında törədilib. Cəmiyyətdə qadına qarşı mənfi tendensiya yaranıb, sanki hər şeydə qadın günahkarmış kimi münasibət sərgilənir.
Məhz buna görədir ki, valideynlər qız uşagını ana bətnində öldürməyə cəhd edirlər. Valideynlər qızlarını məktəbdən yayındırır ki, yolda ona qarşı zorakılıq ehtimalının qarşısı alınsın. Qız uşaqları erkən ərə verilir ki, gələcəkdə adı ləkələnməsin. Bu gün qadına qarşı bu münasibət əsrlər boyu Azərbaycan qadınının əldə etdiyi bütün yüksək mövqelərin üzərindən xətt çəkir.
Ölkə sivil dünya qanunları ilə idarə edilsə də, stereotiplər və movhumatın yayılması qadınlara qarşı sivil münasibətə imkan vermir. Qadına qarşı baş vermiş cinayətlərə “namus” donu geydirilərək bəraət qazandırılır. Ata qızını, ər arvadını, qardaş bacısını, oğul ananı öldürür. Bəzi KİV-lərin məsələləri birtərəfli işıqlandırması, baş vermiş cinayətlərin üzərinə “namus” örtüyünün çəkilməsi bu qəbildən olan hadisələrin artmasına rəvac verir.
Hörmətli cənab Prezident!
Azərbaycanın hərtərəfli inkişafı, yarıtmaz məmur idarəciliyi kimi problemlərin kökündən həll edilməsi istiqamətində göstərdiyiniz səylər Sizə müraciətimizi şərtləndirib. Əminik ki, Siz qadınların ucalan səsinə səs verəcək, bu hadisələrin qarşısının vaxtında alınması, əlaqədar dövlət qurumlarının daha çevik və təsirli tədbirlər görməsinə nail olmaq üçün müfaviq tapşırıqlar verəcəksiniz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=38425