Elmar Hüseynovun qətlinin üstü açıla bilərmi?
13.11.2015 - 11:14
Şahbaz Xuduoğlu: “Hər hansı islahat ümid yaradır ki, Elmarın qətli və digər siyasi qətllərin üstü açılsın”; Mehman Əliyev: “Bu qətlin üzə çıxarılması üçün başqa vəziyyət olmalıdır”
Son bir neçə həftə ərzində Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş verənlər gündəmin əsas mövzularından biridir. Adı tez-tez jurnalistlərin işində hallandırılan MTN generalı Akif Çovdarovun işdən çıxarılması isə sözügedən mövzuya yeni bir baxışı mütləq etdi. Heç kimə sirr deyil ki, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi zamanı A.Çovdarovun adı hallandırılırdı.
Bu versiyanı səsləndirənlərdən biri də virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev idi. İndi isə MTN-də yenilənmə prosesi gedir. Xüsusən də A.Çovdarovun vəzifədən çıxarılmasından sonra mövzu bir daha gündəmə gəldi: istintaqın icrasını həyata keçirən MTN-də son baş verən olaylardan sonra Elmar Hüseynovun qətlinin açılmasına ümid varmı? Bu yeniliklər qətlin açılması üçün yaşıl işıq rolunu oynaya bilərmi?
“Çap Evi” mətbəəsinin direktoru Şahbaz Xuduoğlu hesab edir ki, MTN-də aparılan islahatlar bu məsələyə mütləq öz təsirini göstərəcək. Amma müsahibimiz bunun tez bir zamanda olacağını ehtimal etmir: “Hələ ki MTN-də təmizlənmə prosesi gedir. Sonra isə MTN-in gördüyü işlərin təkrar istintaqı olacaq. Elmar Hüseynov məsələsi ikinci mərhələdə olacaq. Ümumiyyətlə isə hər hansı islahat, yenilik ümid yaradır ki, Elmar Hüseynov və digər siyasi qətllərin üstü açıla bilər. Bura Elmar Hüseynovun qətli də daxildir, Rafiq Tağının qətli də. Çünki bu işlərin hamısı MTN-in kurasiyasına daxil olub”.

Ş.Xuduoğlu bildirdi ki, əslində jurnalistlər bu məsələdə xatırlatma funksiyasını yerinə yetirirlər. Müsahibimizin sözlərinə görə, daim danışmaq, qətlin üstünün açılması ilə bağlı tələblər səsləndirmək lazımdır: “Jurnalistikanı təhlükəli peşə olaraq vurğulayarkən bu, əsasən Elmarın qətlinin fonunda qeyd olunur. Bu mənada jurnalistlərin üzərinə düşən missiya böyükdür. Əlbəttə ki, əsas məqsəd bu prosesləri gündəmə qaytarmaqdır. Təhqiqatlar vardı. Orda Çovdarovun adı hallanırdı. Onun adının təkrar mediada xatırlanması mövzunu aktuallaşdıracaq”.
Müsahibimizin sözlərinə görə, əgər zərərçəkən tərəf kimi tanınmış Elmar Hüseynovun ailəsi (həyat yoldaşı, qardaşı, bacısı) yenidən müraciət etsə, bu, işə müsbət təsir göstərəcək. Ş.Xuduoğlu E.Hüseynovun hazırda Norveçin paytaxtı Osloda yaşayan həyat yoldaşı Ruşaniyyə Hüseynova ilə hər hansı kontaktları olmadığını bildirdi. E.Hüseynovun ölümündən sonra yaratdıqları Elmar Hüseynov Fondunun isə R.Hüseynovanın mühacirətindən sonra fəaliyyətini dayandırdığını xatırlatdı: “Amma bütün hallarda Ruşaniyyə Hüseynova zərərçəkən kimi özü yenidən Milli Təhlükəsizlik Nazirliyinə müraciət edə bilər”.

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə hesab edir ki, E.Hüseynovun qətlinin açılması ilə Akif Çovdarovun işdən çıxarılması arasında hər hansı bağlılıq yoxdur. Müsahibimiz xatırlatdı ki, 2005-ci ildə, qətldən dərhal sonra Azərbaycana gələn Türkiyə hüquq-mühafizə orqanları araşdırma apararaq bəlli nəticəyə gəlmişdi: “Həmin vaxt hakimiyyətə bu qətlin icraçıları və təşkilatçılarının adları verilmişdi. Yəni hakimiyyətdə bu qətlin kim tərəfindən yerinə yetirilməsi barədə məlumat var. Hesab etmirəm ki, hakimiyyət bu məsələni açmaqda maraqlıdır”.
M.Əliyev xatırlatdı ki, ailəsi daha öncə dəfələrlə qətlin açılması ilə bağlı ən yüksək instansiyalara müraciət edib. Onun sözlərinə görə, ailəsinə qətlin icraçıları və sifarişçilərinin tapılacağı ilə bağlı vəd verilsə də, yerinə yetirilmədi: “Jurnalistlər də bu tələbi dəfələrlə səsləndiriblər. Növbəti çağırışla nəyinsə dəyişəcəyinə inam yoxdur. Qətlin üstünün açılması üçün siyasi situasiya lazımdır. Doğrudur, Çovdarov işdən çıxarılıb. Amma bu qətlin üzəçıxarılması üçün başqa vəziyyət olmalıdır”.
Musavat.com
Short URL: http://www.cumhuriyyet.net/?p=38990