Paqon daşıyan minlərlə işçi istefa ərizəsi yazdı
«Əmək pensiyaları haqqında» Qanun hüquq-mühafizə sisteminə ciddi zərbə vuracaq
Nemət Əliyev: «Qəbulu nəzərdə tutulan dəyişiklik ədalətsizdir»
Xəbər verdiyimiz kimi hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmətÿmüddətinin artırılması ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. “Azadlıq” bu barədə bir ay əvvəl məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, maliyyə böhranına görə hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin 5-10 il civarında artırılması nəzərdə tutulur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də bu xəbəri təsdiqləmişdi. O, xidmət müddətinin 30 ilə qaldırılmasının ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri olduğunu deyib. Onun sözlərinə görə, hazırda bu müzakirə olunmasa da, xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir.
Yeni məlumat isə ondan ibarətdir ki, bu məsələ Elman Mehdiyevin dediyi kimi nəzərdən keçirilmir. Artıq qanun layihəsi hazırlanıb və baş nazir Artur Rəsizadəyə təqdim olunub. Maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin imzaladığı, Dövlət Sosial Müdafiə Fondunun Aparatının Pensiya və müavinətlər şöbəsinin müdiri Elşən Məmmədəliyevin əsaslandırması ilə Artur Rəsizadəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir. Sənədin surəti də redaksiyamıza daxil olub. Bu sayımızda həmin layihədə hüquq-mühafizə orqanları əməkdaşlarının və silahlı qüvvələrdə xidmət keçənlərin pensiyaya çıxması ilə bağlı təklif edilən dəyişiklikləri diqqətinizə çatdıracağıq.
Qanunun 9.4.1-ci maddəsində deyilir ki, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilər. Yeni redaktədə isə 25 il artırılaraq 35 ilə çatdırılıb. 9.4.2-ci maddədə isə bildirilir ki, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyası hüququ var. Dəyişiklikdə isə 25 il artırılaraq 35 ilə, 12 il 6 ay isə 17 il 6-aya çatdırılıb.
Qanunun 9.5.1-ci maddəsində isə deyilir ki, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilər. Dəyişiklikdə isə 20 ilin 10 də artırılması təklif olunur.
Həmçinin qanunun 9.5.2-ci maddəsində hərbi xidmətdən yaşa görə buraxılmış, 25 ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçmiş şəxslərin əmək pensiyasına çıxmaq hüququ var. Yeni redaktədə isə 25 il 30 il, 12 il 6 ay isə 15 il edilib.
Bütün bunlar ondan xəbər verir ki, hökumət yaranmış vəziyyətdən məhz bu cür çıxış yolu əldə etməyə çalışır? Maliyyə böhranı məhz bu yol ilə çözülməyə çlaşılır. Əldə etdiyimiz bəli məlumatlara görə, artıq qanundan xəbər tutan bəzi əməkdaşlar köhnə qayda ilə təqaüd almaq üçün könüllü pensiyaya çıxırlar…
Iqtisadçı Nemət Əliyev bildirdi ki, qəbulu nəzərdə tutulan dəyişiklik ədalətsizdir. N.Əliyevin sözlərinə görə, yeni dəyişikliyin tətbiq olunacağı insanlar işə düzələrkən mövcud olan qanunlarla işə qəbul olunublar. Çünki bu şəxslər peşələrini seçərkən onlar qarşısında olan müddət tam fərqli idi. Hazırda bu xidmət müddətinin daha ən azı on artırılması situasiyanı dəyişir: “Vətəndaşların bu sistemi seçməsi təsadüfi deyil. Çünki onlar bu xidmətin verdiyi imtiyazlardan istifadə etmək istəyirlər. Vətəndaşlara bu hüququn verilməsinə az müddət qalmış, elan olunur ki, qanun dəyişdirilir. Buna haqq vermək mümkün deyil. Bu baxımdan bunu ədalətsiz qərar kimi dəyərləndirmək mümkündür”.
Bu qərarın ciddi nəticələrinin olacağını deyən N.Əliyev bildirdi ki, xüsusilə olaraq həmin sistemdə çalışanlar narazılıqlarını açıq ifadə edəcəklər. N.Əliyev onu da qeyd etdi ki, hüquq mühafizə orqanlarında çalışanların daim yenilənməsi getməlidir. Amma müddətin artırılması artıq bunu mümkünsüz edir. Qanun dəyişdiriləndən sonra ömrünün xeyli hissəsini bu sistemdə çalışmış və sağlamlıqlarını itirən insanlar yenə bir müddət bu sistemdə çalışmalı olacaqlar. Bu sahələr spesifik sahələrdir. Orada möhkəmlik və sağlamlıq tələb olunur. Bu insanlar xeyli dərəcədə sağlamlıqlarından məhrum olublar. Belə bir vəziyyətdə siyasi hakimiyyət məcbur edir ki, bu adamlar bir müddət də çalışsınlar. Bu dərhal o anlama gəlir. Həmin sistemdə çalışan insanların məhsuldarlığı aşağı düşəcək”.
N.Əliyev vurğuladı ki, hökumətin bu günə qədər həyata keçirdiyi yanlış siyasət bu cür ağır maliyyə durumu yaradıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=39865