Oqtay Gülaliyevdən sərt ismarıc: “Məni övladlarımla təhdid etməkdən əl çəkin”
… Dünən iki övladımla bir yerdə rəsmi çağırışla Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər şöbəsində oldum. İdarəyə bizdən savayı yaşadığımız qəsəbədə bizimlə qonşu olan 4 nəfər də gətirilmişdi. Onlarla övladlarım arasında üzləşmə istintaq hərəkəti həyata keçirildi. BŞBPİ- nin Ağır Cinayətlər şöbəsinin əməkdaşları iddia etdi ki, guya 2 il bundan öncə, 2013- cü ildə iki məktəblinin dalaşmasında bizim uşaqlar da iştirak edib və onlar İdarəyə gətirilən uşaqlardan birinə xəsarət yetiriblər. Polis əmkdaşları qonşularımızı bizdən şikayətçi olmağa çalışdılar. Hətta bunun üçün xeyli əziyyət də çəkdilər. Buna görə 3 saata yaxın BŞBPİ- də olduq. Doğrusu deyim ki, baş verənlər mənim üçün birinci dəfə olmadığından qeyri- adi deyildi. Qonşular bir mənalı şəkildə bizim uşaqların kiminləsə dalaşmadıqlarını və kiməsə ziyan vurmadıqlarını, onlardan şikayətçi olmadıqlarını dəfələrlə bildirib bunu yazılı şəkildə öz izahatlarında qeyd etdilər. Mənim üçün orda baş verənlər içində maraqlı nüans polisin şikayətçi olmasını gözlədiyi qadının onlara verdiyi sual idi; “Mən sizlərə üzləşdiyim başqa bir hasqızlıq və qanunsuzluqla əlaqədar dəfələrlə müraciət etmişəm. Niyə mənim bu şikayətimə baxmırsınız, amma şikayətçi olmadığım, sizə müraciət etmədiyim bir məsələ ilə bağlı bu qədər canfəşanlıq edirsiniz?”
Son illər üzləşdiyim təcrübəyə söykənərək məktəblərin dalaşması üzrə ixtisaslaşmaqda olan “qorotdel”- in məsul əməkdaşlarına bu sualları ünvanladım;
1. 2 il öncə baş verdiyi iddia olunan hadisə ilə bağlı niyə indi “araşdırma”-ya başlamısınız?
2. Mənə və övladlarıma aid olmayan, kimsənin bizdən şikayətçi olmadığı işə bizləri bulaşdırmaqda məqsədiniz nədir?
3. Niyə mənə görə övladlarımı, xüsusən qonşularımı incidir və onlara təzyiq edirsiniz?
4. Ölkədə qanunsuzluğun, korrupsiyanın, kriminallığın tuğyan etdiyi bir ərəfədə Bakı şəhər Baş Polis İdarəsi kimi məsul polis təşkilatını nə vaxta qədər məktəblərin dalaşmasını araşdıran qurum səviyyəsinə endirəcəksiniz?
Suallarıma cavab almasam da nəyin niyə baş verdiyinin fərqindəyəm. Bizim hüquq mühafizə orqanları həmin hüquq mühafizə orqanlarıdır ki, AXCP sədrinin müşaviri Məmməd İbrahımı bu yaxınlarda şərləyib həbs etdilər. Əvvəlcə ona CM- nin 221.1- ci maddəsi ilə cinayət işi açdılar. Sonra gördülər ki, səhv ediblər, 221- ci maddə ilə insanı həbsdə saxlamaq olmaz. Maddəni ağırlaşdırdılar, bununla da ürəkləri soyumadı. Tanımadığı 2 nəfəri də onun üzünə qoyub bildirirlər ki, Məmməd bəy onları da döyüb.
Mən bir daha aidiyyatı qurumlara və şəxslərə səslənirəm; Məni övladlarımla təhdid etmək taktikasından və vərdişlərindən əl çəkin. Mənə görə az yaşlı övladlarımı, qonşularımı incitməyin. İstər adi həyatda olsun, istərsə də mübarizə meydanında rəqibini qurşaqdan aşağı vurmağa çalışanlar heç zaman qalib ola bilməyib. Əksinə onlar bu hərəkətləri ilə öz sonlarını tezləşdiriblər.
Seçim sizindir…
Short URL: http://www.cumhuriyyet.net/?p=41794