Azər Qasımlı Nardarandan yazdı: Bəyəm parlamentdə cahillər yoxdur?
Mən dünyəvi dövlətin prinsipial tərəfdarıyam. Lakin Nardaranda keçirilən əməliyyatı dünyəvi dövlət uğrunda, dini radikalizm əlehinə olan bir hərəkət hesab etmirəm. Dəfələrlə yazmışam, bizdə islam dövlətinin heç bir şansı yoxdur, çünki cəmiyyətimiz dini deyil. Ayrı-ayrı dini qruplar var, amma onların cəmiyyətdə əsas siyasi trendə çevrilmə imkanları çox aşağıdır. Nardaran hadisələri də bunu bir daha göstərdi. Üstəlik nardaranlılar terrorist və ekstremist də deyillər. Xüsusilə son bir həftə soyuqdan donan uşaqlar.
Nardaranda keçirilən əməlliyatla hakimiyyət bütün dünyaya, o cümlədən də bizə demək istəyir ki, Azərbaycanda islamçı-terroristlər var, indiki iqtidar dini radikalizmə qarşı mübarizə aparan yeganə siyasi qüvvədir və cəmiyyətimiz də bunların ətrafında sıx birləşməlidir. Prezident hər zaman olduğu kimi, bu səfər də xalqa müraciət etmədən, məsələ ilə bağlı heç bir açıqlama vermədən, saxta da olsa parlamentin rəyini almadan, fövqaladə vəziyyət elan edilmədən polisi vətəndaşların evinə göndərir, şəxsi əşyalarını müsadirə etdirir.
Deyirlər Nardaranda cahillik baş alıb gedir. Amma kimdir bunda günahkar? Bəyəm parlamentdə cahillər yoxdur? Deputat mandatına görə Həcc ziyarətini yarıda saxlayıb, başqa birisini öz əvəzinə ziyarətdən keçirdən bu parlamentin deputatı deyildi? Yoxsa dini qurumun rəhbəri Hacı Allahşükürün indiyənə qədər vicdan azadlığının nə olduğunu bilmədiyi barədə dediklərini unutmusunuz?
Bu gün hakimiyyət nə etsə də, hər bir halda Nardaran olduğu yerində qalacaq. Nardaran – bu hakimiyyətin günahı, siyasi səhvlərin və ədalətsiz mühitin nəticəsidir. Çünki:
Cahilliyə qalib gəlmək istəyən hakimiyyət ilk növbədə özü cahil olmamalıdır! Vətəndaşdan qanunlara əməl etməyi tələb edən hakimiyyət özü ilk növbədə qayda-qanuna əməl etməlidir!
Nardaran hadisələrində hər birimiz, ilk növbədə də dini siyasətə gətirməyi düşünənlər nəticə çıxartmalıdır. Əsas nəticə də odur ki, ictmai həyatda nəyəsə nail olmaq üçün dindar kəsim dünyəvi siyasi qüvvələrlə, cəmiyyətlə konsensus tapmalıdır. Məsələn Türkiyədə bu gün hakimiyyətdə olan AKP məhz siyasi konsensusun nəticəsi olaraq mövcuddur. AKP-dən olan siyasətçilərin, prezidentin, baş nazirin, nazirlərin davranışına, nitqinə, geyiminə bir fikir verin. Çağdaş dünyəvi siyasətçilərdən onların heç bir fərqi yoxdur.
Bu gün saxta hakimiyyəti dəyişmək üçün cəmiyyətimizin bütün kəsimlərinin iştirakı vacibdir. Hakimiyyət hər etirazı lokallaşdırır, insanları birləşdirəcək mövzuları gözdən salmağa çalışır, vətəndaşların toparlanmasını və birgə etirazını istəmir. Bizi gələcəkdə birləşdirəcək mövzu nə olursa olsun, bu yalnız DÜNYƏVİLİK çərçivəsində olacaq!
Azər Qasımlı
Short URL: http://www.cumhuriyyet.net/?p=42485