“18 saat ərzində Allaha dua etdim…” – Xilas olunan neftçi

07.12.2015 - 01:37

“Qayıqda gözlədiyimiz 18 saat Allaha dua etmişəm”.

gunasliBunu “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündən xilas olunan Məlahət Əliyeva deyir. O, 3 ildir bu özüldə xadimə kimi işlədiyini bildirir: “İş günüm bitmişdi, dincəlmək üçün otağa təzə gəlmişdim ki, partlayış səsi eşitdim, tez otaqdan çıxdım. İçəridə qapıları açmaq olmurdu, alov böyük idi”.

Məlahət Əliyeva

Məlahət Əliyeva xilasedici qayıqlara minəndən sonra da təhlükənin sovuşmadığını əlavə edir: “Külək o biri qayığı o tərəf-bu tərəfə, sonra bizim qayığa çırpdı, axırda qayıq parçalandı”.

Məlahət xanım deyir ki, qayıqlar bir-birinə çırpılan vaxt işçilər tarazlığını qoruya bilməyib və bir-birinin üzərinə yıxılıb.

“Birinin qolu qırıldı, birinin ayağı… Başı yarılanlar da var idi” – o, əlavə edir.

Məlahət Əliyeva bel onurğa sümüyünün də sındığını qeyd edir.

Rəşid Hüseynov

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş digər xilas olunan neftçi Rəşid Hüseynov 10 saylı özüldə bu ilin iyun ayından çılışdığını deyir. O bildirir ki, 1996-cı ildən neftçi işləyir.

R.Hüseynovun sözlərinə görə, külək o qədər surətli olub ki, özülün platformasını belə silkələyib: “Biz o zaman çox həyəcan keçirdik”.

İki uşaq atası Rəşid Hüseynov baş vermiş yanğını və ondan sonrakı hadisələri təsvir etməkdə çətinlik çəkir. O bildirir ki, xilasetmə qayığında gözlədiyi 18 saat ərzində oradan sağ çıxacağına inanmayıb.

Başından zədə alan neftçi “sağaldıqdan sonra 10 saylı özüldə işləməyə qayıdacaqsınızmı” sualına kövrələrək “peşəmiz neftçidir…, bzim yoldaşlarımız orda həlak olub…” deyə cavab verib.

10 saylı özülün rəisi Allahverdi Məmmədov deyir ki, fəaliyyəti boyu belə güclü küləyə rast gəlməyib.

Allahverdi Məmmədov

A.Məmmədov “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğının baş verməsini belə izah edir: “Dalğa çox idi, külək əsirdi. İki qaz xətti qırıldı və yanğın başladı. Platformanı alov bürüdü, alovun qarşısını almaq üçün heç nə edə bilmədik. İnsanlar toplama məntəqəsinə gəldilər və mən evakuasiyaya başladım”.

Özül rəisi platformanı qara tüstünün bürüməsindən və nəfəs almağın çətinliyindən də bəhs edir: “İlk olaraq şərqdəki xilasedici qayığa minmək istəsək də alov imkan vermədi. Şimaldakı qayıqlara mindik. Külək o biri qayığı bizim qayığa çırpdı. Bizim qayığımız küləyin nəticəsində borunun arasında pəçimlənib qaldı və güclə tarazlığı yarada bildim”.

Allahverdi Məmmədov deyir ki, yanğınla bağlı rəhbərliyə məlumat ötürülən kimi yaxında olan bütün xilasedici gəmilər platformaya göndərilib: “Dalğa o qədər böyük idi ki, gəmilər bizə yan ala bilmirdi. Bu, mümkün deyildi. Çünki həmin gəmi özü xəta törədə bilərdi”.

Özül rəisi də xəsarət alanlar arasındadır. Onun qolu sınıb.

Qeyd edək ki, Azərbaycanda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanğında itkin düşənlər hələlik tapılmayıb, axtarışlar davam etdirilir.

ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov itkin düşənlərin sağ qalıb-qalmasıyla bağlı BBC-yə bildirib ki, “Allaha ümid çoxdur”…

Short URL: http://www.cumhuriyyet.net/?p=43241

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31