MTRŞ rəsmisi ANS-i sərt tənqid etdi: “Utanmaq əvəzinə…”
“ANS-in bəzi başbilənləri yenə öz amplualarındadır. Yol verdikləri səhvləri, qanun pozuntularını boyunlarına alıb utanmaq, həya eləmək “bir də olmaz” deyib cəmiyyətdən üzr istəmək əvəzinə, utanmadan MTRŞ-ni qınamağa başlayıblar”.
Bunu MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov sosial şəbəkədə profilində yazıb.
“ANS ÇM-in direktoru saytlardan birinə deyib ki, matəm günü “nə etmək lazım olduğunu MTRŞ-dən soruşmaq istəyirdik. Orada heç kimi tapmadıq, heç kim cavab vermədi. Lap elə tutaq ki, MTRŞ qanun pozuntularını müşahidə edib. Bəs onda niyə dərhal həmin qurumların rəhbərlərinə zəng vurub bu barədə xəbərdar etməyib? Niyə bütöv bir gün gözləyib? Gözləyib ki, qanun pozuntuları davam etsin… Nə məqsədlə?”
Əslində bu adama cavab vermək artıq işdir. Çünki bir adam ki, neçə ildir radio direktorudur, amma hələ də radio haqqında qanunvericiliyin elementar tələblərini bilmirsə və bilməməyi bir yana, heç olmasa, bunu pərdələməyə də cəhd eləmirsə, əksinə, danışdığı hər kəlməsində özünü biabır edirsə, beləsinə nə deyəsən.
Məncə, ANS-in lap yuxarı rəhbərliyi bu açıqlamasında dediyi fikirlərə görə onu cəzalandırmalıdır. Çünki necə yəni, sən hələ öz sahəni tənzimləyən qanunları bilmirsən, bununla da radionun nüfuzuna xələl gətirirsən, radionu potensial maliyyə sanksiyaları ilə qarşı-qarşıya qoyursan. Hələ bir utanmadan da dövlət qurumunu ittiham edirsən? Deməli, gözləyirsən ki, MTRŞ sənə zəng edib hər dəfə qanunun bir maddəsini xatırlatsın?
Ümumiyyətlə, ANS-də TV və radio yayımı sahəsində qanunvericiliyi, deyəsən, hələ indi öyrənməyə başlayıblar. Çünki bu barədə kanalın hüquqşünası Şuranın iclasında özü demişdi. Demişdi ki, artıq treninqlərə başlamışıq…
Fürsətdən istifadə edib ANS-də treninq keçənlərdən xahiş edərdim ki, əsas treninqləri ANS ÇM-in direktoruna keçsinlər. Əslində, ANS ÇM radiosunun direktorunun belə özündən böyük danışmağında bizim də günahımız az deyil. Çünki gərək onun müdiri olduğu radioda yol verilən hər qanun pozuntusuna görə Şura 8 min cəza verəydi, onda bilərdilər dövlət qurumu ilə danışmağın tərzini. Yəqin həmin direktor hələ onu da bilmir ki, MTRŞ-nin reklam pozuntusuna görə cərimə eləmək səlahiyyəti var. Bilmirsə, ANS TV-nin proqram direktoru Sevda Həsənovadan soruşsun.
ANS ÇM-in direktoru deyir ki, proqram setkasında dəyişikliyi 6 saata etmək mümkündür. Bəs matəm rəsmən saat 13-də elan olunubsa (əslində AZTV matəmi saat 11.07-də elan etmişdi), setka niyə saat 19.00-a kimi dəyişilmədi və hətta saat 21-dək reklamlar yayımlanır və matəm günü ilə bağlı qanunun tələbləri pozulurdu?
Məsələn, 106 FM və 106.3 radioları setkalarını dərhal qanuna uyğun şəkildə dəyişdilər. Onlar heç 6 saatlıq vaxt lazımdır bəhanəsini qoymadılar.
Digər tərəfdən, MTRŞ yayımçılarla keçirdiyi son toplantıda, məlum oduğu kimi, sərt qərar da vermədi, yalnız tövsiyə verməklə kifayətləndi. Yayımçıların “Günəşli” neft yatağının 10-cu platformasında baş verənləri işıqlandırarakən, cəmiyyəti məlumatlandırarkən çəkdiyi zəhməti, şou-proqramları dayandırmalarını və s. müsbət hal kimi dəyərləndirdi. Yəni, qurum situasiyanı nəzərə alıb yumşaq davrandı. Lakin bunun müqabilində dövlət qurumuna qarşı hörmətsizlik eləmək, yersiz ittihamlar irəli sürmək, nədənsə yalnız ANS-in ağlına gəldi. Amma eybi yox.
Bundan başqa, ANS-in proqram direktoru Sevda Həsənovanın “ANS TV bu hadisə baş verəndə həmişəki kimi ən operativ işləyən yeganə kanal idi. Bu ölkədəki bütün TV-lərdən fərqli olaraq ANS hadisə ilə bağlı bütün məlumatları dərhal tamaşaçıya çatdırırdı” kimi fikirləri isə digər kanallara hörmətsizlikdir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=43733