Mərkəzi Neftçilər Xəstəxanası qiymətləri qaldırdı – VİDEO
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, devalvasiyadan istifadə edib süni qiymət artımı ilə məşğul olanlar ciddi cəzalandırılacaq. Amma görünür bundan heç də hamı ciddi nəticə çıxarmayıb.
Cümhuriyyət.az yenilik.az-a istinadla verdiyi xəbərə görə, devalvasiyanı bəhanə edən Mərkəzi Neftçilər Xəstəxanası da qiymətləri qaldırıb. İnformasiyanı dəqiqləşdirmək üçün saytın əəməkdaşı xəstəxananın qəbul şöbəsi ilə əlaqə saxlayıb.
Xəstəxananın terapiya şöbəsindən cavab verən xanımdan xəstə qismində qiymətlər soruşulduqda bildirib ki, qəbul zamanı 1800 AZN depozit qoyulmalıdır. 2-3 həftə əvvəl depozit 1200 AZN idisə, indi necə qəfil 1800 AZN oldu sualına cavab olaraq xanım bildirib ki, devalvasiya ilə əlaqədar olaraq qiymətlər qaldırılıb.
Xəstəxananın belə addım atmasına hansı əsaslarının olduğuna aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə də əlaqə saxlanıb. Mətbuat xidmətinin rəhbəri Liya Bayramova bu barədə dəqiq məlumatı olmasa da həmin xəstəxananın təsərrüfat hesablı olduğunu bildirərək, tibb ocağının öz mətbuat xidmətilə əlaqə saxlamağı məsləhət görüb. Neftçilər Xəstəxanasının mətbuat xidmətinin rəhbəri Aytən xanımla əlaqə saxlandıqda jurnalisti hansısa əməkdaşla calaşdıracağını bildirsə də, sonra nəticəsi olmayıb.
Amma sual yenə açıq qalır: Mərkəzi Neftçilər Xəstəxanası bu ağır böhran dönəmində qiymətlərdə bu kəskin artımı hansı məntiqlə əsaslandıracaq?
Short URL: http://www.cumhuriyyet.net/?p=50193