Mir Şahin od püskürdü: “MTRŞ 10 milyon manatın hesabatını versin”
Milli Televiziya və Radio Şurası ilə ANS televiziyası arasında problem uzun müddətdir yaranıb. Bu, o vaxt olub ki, ANS milli serialların çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsait barədə MTRŞ-ya suallar ünvanladı. Hətta məktub da göndərdik. Amma MTRŞ bundan yayındı”.
ANS PRESS-in məlumatına görə, bu sözləri ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mir Şahin Ağayev bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, milli serialların çəkilməsi üçün dövlət tərəfindən ANS-ə 40 min manat ayrılmışdı.
“İndi isə biz Şuradan soruşuruq — büdcədən ayrılan 10 milyon manatı hara xərcləyiblər? Qoy xalqın qarşısında cavab versinlər. Bu pullar hara gedib? Onları hara xərcləyirlər? Onlar gözləyirlər ki, biz belə xoş olmayan suallar verməyək. Lakin biz bu və digər tikanlı sualları verməyə davam edəcəyik.
MTRŞ bununla bağlı göndərdiyimiz məktuba cavab vermək əvəzinə ANS-ə xəbərdarlıq və məzəmmətlər etməyə başladı. MTRŞ-nin qəbul etdiyi qərarlar adətən ANS-lə bağlı olub. Düzdür, Şura başqa kanallarla da bağlı qərarlar qəbul edib, ancaq əsasən ANS barədə qərarlar verib, qadağalar qoyub. Azərbaycan prezidentinin söz azadlığı və demokratiya ilə bağlı atdığı addımlar göz önündədir. MTRŞ bəlkə öz-özlüyündə müsbət qurum ola bilərdi, lakin bu qurumun başında duran məmur və ya məmurlar buna imkan vermir.
Biz qanun çərçivəsində sabah məhkəməyə müraciət edəcəyik. Öz hüquqlarıımızı hüquqi yolla müdafiə edəcəkəyik. “Hesabat” verilişinin bağlanması qərarına qarşı mübarizə aparacağıq, məhkəməyə müraciət edəcəyik. Artıq sənədlər hazırlanır və yəqin ki, yanvarın 23-də məhkəməyə müraciət edəcəyik. Artıq söz azadlığının başının üstünü məmurun aldığı ortadadır. MTRŞ-nın qərarı Azərbaycanda demokratiyaya zərbədir”, – deyə Mir Şahin Ağayev bildirib.
Mir Şahin Ağayevin sözlərinə görə, məmurlar Azərbaycanda sovet senzurasını bərpa etmək istəyirlər: “Bu nə deməkdir? 2 cümləyə görə verilişi bağlayırlar. Əgər bu, senzura deyilsə, bəs nədir? Məmurlar jurnalistləri nəzarətə götürməyə çalışırlar ki, biz onların dediyi ilə oturub duraq. Lakin demokratik mətbuat buna yol verə bilməz. Əslində, MTRŞ dekorativ bir orqandır. Prezident ictimai nəzarətin gücləndirilməsini və bütün hadisələrə tənqidi yanaşma tələb edir. Məmurlar isə, əksinə, ictimai nəzarəti və prezidentin demokratik prinsiplərin qorunmasına yönəlmiş siyasətini əngəlləyirlər. Mən əminəm ki, prezident mütləq bu məsələyə münasibət bildirəcək və bu ədalətsiz qərarın ləğvi üçün hər şey edəcək. Mən prezidentə və onun ədalətliliyinə inanıram”.
ANS TV-nin hüquqlarını müdafiə edən hüquqşünas Sevda Məhərrəmova isə bildirdi ki, bu gün ANS-in əməkdaşlarını MTRŞ-nin iclasından qovublar və qərarı onlar olmadan veriblər.
Xatırladaq ki, MTRŞ-nin bu gün keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması – proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=50426