Tələbələr üçün nəqliyyat pulsuz olacaq?
… Onda indiki kimi avtobusun yalnız qabaq qapısından daxil olub arxa qapıdan enmirdilər. Söhbət 10-15 il əvvəldən -təxminən 2000-ci illərdən gedir. Bu o vaxtlar idi ki, avtobusa minəndə kartını tutub ödəniş edib keçmirdin. Yəni, sarı “alabaş”ları, yarıbükülü mindiyimiz “qazel”ləri hələ “BakuBus”ın rahat, qırmızı avtobusları əvəz etməmişdi…
… Sözümün canı odur ki, həmin vaxtlar bizim tələbəlik illərimizə düşürdü. Onda avtobus dayanan kimi şalvarının arxa cibinə 2 yerə qatlanmış dəftər qoyan bir gəncin sivişib qaçdığını, arxasınca sürücünün bir neçə mərtəbəli söyüş söyməsini demək olar ki, hər gün eşidirdik. Çox zaman da elə düşüb qaçan gəncdən sürücünün söyüşündən sonra xəbər tuturduq. Bu gənclər isə əsasən tələbələr olurdu. Bəzən bütün pulunu ay bitməmiş xərcləyib universitetə piyada, bəzən də avtobusdan düşüb yolpulunu vermədən qaçan tələbələr…
Hökumət səviyyəsində qərar qəbul oluna bilər…
Bir çox ölkələrdə tələbələri bu çətinliklərdən qurtarmaq və problemlərini azaltmaq məqsədilə xüsusi güzəştlər edilir. Məsələn, qonşu Türkiyədə təkcə tələbələrə deyil, məktəblilərə də güzəştlər var. Əlbəttə, xərclərin kifayət qədər çox olduğu vaxtda məktəbli və tələbələr üçün heç olmasa, ictimai nəqliyyatın pulsuz olması yükü bir qədər azalda bilər.
Təhsil sahəsində ekspert Etibar Əliyev də Publika.az-a belə bir addımın tələbələr üçün mühüm əhəmiyyət kəsb edə biləcəyini deyib: “Tələbələrə ictimai nəqliyyatda güzəşt olsa, daha yaxşı olardı. İndiki dövrdə tələbələrin xərcləri çoxdur. Ali məktəblərin yataqxana təminatı zəifdir. Bu səbəbdən böyük bir qismi kirayədə qalır. Qiymətlər də bahalaşıb. Heç olmasa, gedişhaqqının pulsuz edilməsi tələbələr üçün mühüm əhəmiyyət kəsb edə bilər. Sovet dövründə bu, dövlət tərəfindən həyata keçirilirdi. Ali məktəblərin birgə təklifi nəticəsində hökumət səviyyəsində qərar qəbul oluna bilər ki, tələbələrə güzəştli kartlar verilsin və ya gedişhaqqından azad olunsunlar”.
Bununla belə, ekspert hesab edir ki, hazırda bu məsələ o qədər də inandırıcı görünmür. Onun sözlərinə görə, ali məktəblərdə də maliyyə vəziyyəti bir o qədər yaxşı deyil və ödənişli təhsil alan tələbələrin böyük bir hissəsi təhsilhaqqını ödəməkdə çətinlik çəkirlər.
Hələ ki, ancaq kitabxanalar pulsuz olacaq…
Azərbaycan ali məktəbləri arasında keçirdiyimiz kiçik sorğu zamanı məlum oldu ki, tələbələrin nəqliyyatdan istifadəsi zamanı güzəştlər hələ aktual deyil. Amma gələcəkdə onlara bir sıra güzəştlərdən yararlanmaq imkanı verəcək tələbə kartları verilə bilər.
Azərbaycan Dillər Universitetinin Mətbuat Xidmətindən verilən məlumata görə, ali məktəbin tələbələrinə verilən kartlardan ilkin mərhələdə yalnız universitetdaxili və kənardakı kitabxanalarda yararlanmaq mümkün olacaq: “Azərbaycan Dillər Universitetinə daxil olan tələbələr üçün ASAN Xidmət tərəfindən kartlar hazırlanır. Hazırlanan tələbə kartları vasitəsi ilə təqaüdlərin əldə olunması, tələbə yeməkxanalarında yerləşdirilən xüsusi aparatlarda ödənişlərin edilməsi rahatlığı, eyni zamanda, müasir imkanlardan istifadə edilməklə innovativ həllər təmin edilib. Universitet daxilində və xaricində tələbələr kartların köməkliyi ilə kitabxanalardan endirimli şəkildə yararlana bilirlər. Gələcəkdə bu sistemin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə qoşulması təmin edildikdən sonra tələbələrin bu kartlardan nəqliyyatda da istifadəsi mümkün olacaq”.
İqtisad Universitetinin Mətbuat Xidmətindən isə hazırda belə bir təklifin olmadığını, nəqliyyat xərclərinin istənilən halda aşağı olduğunu bildirdilər: “İctimai nəqliyyatda sahibkarlar lisenziya alırlar və şəxsi biznes fəaliyyəti göstərirlər. Bu səbəbdən tələbələrə güzəşt onların biznesinə təsir edə bilər. Digər tərəfdən, hazırda ölkədə gedişhaqqı bütün hallarda çox ucuzdur”.
İndi yoxdur, amma gələcəkdə mümkündür…
“BakuBus” MMC-dən də tələbələrə şad xəbər öyrənə bilmədik. Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın bildirdiyinə görə, tələbələrə ictimai nəqliyyatda güzəştlərin olması ilə bağlı MMC-yə hər hansı təklif gəlməyib: ““BakuBus” yeni xidmətdir. Hazırda kartla istifadənin adaptasiyası prosesi gedir. İstənilən halda, yeni xidmət olduğu üçün özünü doğrultmalıdır. Ona görə də tələbələrə güzəştlərin olacağı gözlənilir deyə bilmərik. Hələ ki, bir şey yoxdur. Əlbəttə ki, sonralar ola bilər”.
İtaliyalı tələbələrə velosiped kirayəsində də endirim var…
Bir sıra xarici ölkələrdə tələbələrə nəinki ictimai nəqliyyat xərclərində, o cümlədən, ehtiyac duyduqları bir çox sahələrdə güzəştlər edilir.
Kanadada tələbə bileti demək olar ki, şəxsiyyət vəsiqəsini əvəz edir. Onu həm də bank kartı kimi istifadə etmək olar. Kart vasitəsilə tələbələr ictimai nəqliyyatdan 3 dəfə ucuz istifadə edirlər.
Tələbələr təkcə nəqliyyatda deyil, bu kart vasitəsilə klublarda da güzəştlərdən yararlana bilirlər. Məsələn, əgər kanadalı tələbə hansısa kluba gedib bilyard oynamaq istəsə, məbləğin yalnız 50%-ni ödəyəcək.
Çexiyada məktəbli və tələbələr bütün ictimai nəqliyyatdan güzəştlə istifadə edirlər. Məsələn, əgər Praqa universitetində oxuyan tələbə Prşibramda yaşayırsa, qatarla 25% güzəştdən yararlana bilər.
Bu ölkədə həm də tələbələrə yeməkxanalardan endirimlə istifadə etmək üçün xüsusi kartlar verilir. Həmçinin, tələbələr beynəlxalq ISIC kartından istifadə edib biletlərdə endirim əldə edə bilirlər.
Almaniyada tələbələr tələbə kartları ilə ictimai nəqliyyatda bir neçə yüz avro qənaət edə bilirlər. Bura, həmçinin, beynəlxalq nəqliyyat da daxildir. Bonn şəhərində isə tələbə hətta qatar bileti ilə özündən başqa bir nəfəri də pulsuz apara bilir.
Habelə, universitet ərazisində endirimli qiymətə nahar etmək olar. Burada hər yeməyin iki qiyməti var: biri tələbələr üçün, digəri isə tələbə olmayanlar üçün iki dəfə baha.
Burada əgər endirimli yemək üçün növbəyə dayanmısansa, heç kim səndən tələbə bileti istəməyəcək. Yetər ki, turistə bənzəməyəsən.
İtaliyada isə kitab mağazaları, optika, sürücülük məktəbləri, kafe və restoranlar, teatrlar, muzeylər, trenajor zalları, gözəllik salonları ilə universitetlər arasında müqavilə olduğuna görə tələbələrə bu yerlərdə 10-15% endirim edilir. Universitetlərin ərazisində nahar etmək, surət çıxarmaq və hətta velosiped kirayələmək üçün güzəştlər var.
Hətta qonşu Rusiyada da tələbələr üçün güzəştlər var. Bu güzəştlər şəhərdən asılı olaraq dəyişir. Məsələn, Moskvada tələbə kartı ilə metrodan güzəştlə istifadə etmək olar.
Dövlət muzeyləri və kitabxanalar isə tələbələrə pulsuzdur.
Günün əlverişli olmayan saatlarında olsa belə, 50% endirimlə kinoya bilet almaq olar. Türkiyədə tələbə bileti həm ID kartı, həm də bank kartıdır. Hər bir tələbə üçün ali məktəb həm də bank hesabı açır. Ali məktəb yeməkxanalarında bu kart vasitəsilə çox ucuz qiymətə 3 dəfə yemək mümkündür.
İctimai nəqliyyat vasitələrində də güzəşt var. Əgər tələbə İzmirdən İstanbula getmək istəyirsə, hamı kimi 60 lirə deyil, 45 lirə ödəyəcək. Muzeylər, tarixi abidələrə ekskursiyalar, hətta kino biletlərinə endirimlər var. Əgər kinoya bilet 12 lirədirsə, tələbə cəmi 1-2 lirə ödəyə bilər…
Gülnar Əliyeva, publika.az
Short URL: http://www.cumhuriyyet.net/?p=51189