Qəbələdə təhsil necə məhv edilir?

27.01.2016 - 01:06

qebele1Son günlər Qəbələ rayonu ilə bağlı bir sıra yazılar dərc edilməkdədir. Cumhuriyyət. az olaraq elektron poçtumuza daxil olan şikayət dolu məktubları incələmək kimi fikrimiz yoxdur. Baxmayaraq ki, dəfələrlə bəyan etmişik ki, qarşı tərəf kimi yazılarda adları keçən şəxs və dövlət qurumlarının da fikirlərini dinləyib dərc etməyə hazırıq, ancaq görünən budur ki, rəsmi qurumların bu təşəbbüsdə olduğunu görmürük. Aldığımız informasiyaya görə Qəbələ rayonunda uzun illərdən bəri yığılıb qalmış problemlər artıq ifşa dönəmini yaşamaqdadır. Rayonda sərt idarəedicilik qaydaları, insanların təhdid, təhqir olunmaları artıq rayon əhalisini cana yığıb.
Rayonda tanınmış idmançı kimi tanınan mənbəmizin dedikləri: “Əvvəl çox sağ olun ki, rayonumuzda baş verənləri nəhayət ki, qələmə aldınız. İnanırsınız ki, rayonda insanlara olunan zülm rayonu partlamaq ərəfəsində olan şara bənzədir. Adamlar dərdini deməyə yer tapmırlar. Bir savadsız yanğınsöndürəni gətirib rayona icra başçısı təyin ediblər. İşi-peşəsi kabinetində kompuyuter arxasında iqra oynamaqdır. Bütün işləri müavini Arif Allahverdiyev aparır. Arifi də ki, Qəbələdə tanımayan yoxdur. Bir nömrəli afyordur. Bu adamın bütün həyatı saxtadır. Diplomu saxta, insanlara qarşı münasibəti saxta, istənilən an uf demədən uzun illərin dostunu, çörək yoldaşını ayaqlaya bilir. Yalnız pul olsun. Rayonda məmurlar bütün vəzifələr üzrə seçilib qoyulub. Elə bil ki, hamısı eyni düşüncədə olan bir yığnaqdır. Baxın, saray boyda bina tikiblər. Nəyə lazımdır?Bu binanın içərisində savadsızlar, qansızlar, ac, yalavac əhalidən xəbərsiz olanlar əyləşiblər. Heç birinin vicdanı zərrə qədər sızlamır ki, insanlar hər həftə oraya gəlir ağlayır, sızlayır dərdini demək istəyir, imdad diləyir. Ümumiyyətlə, icra hakimiyyətində çox vaxt problemi olan şikayətçiləri qəbul etmirlər, rayonda hər şeyi polisin-prokurorluğun ixtiyarına veriblər. Polisə qoldan zorlu, ağıldan kəmləri yığıblar, rəis heyəti əmr etsə ki, get dədəni döyə-döyə şöbəyə gətir, bunu da edəcəklər. Prokurorun öz bazarı, polis rəisinin öz bazarı, icra başçısının öz bazarı var. Qəbələ günü-gündən geriyə doğru gedir. İş yerləri yox, olanlar da bağlanmaqdadır. Hər gün eşidirik ki, filan idarədə, konserv zavodunda filankəs ixtisara düşdü. İcra hakimiyyətinə gedib başçı və sairlərinin qəbuluna düşmək mümkünsüz hala gəlib. Burada elə adamlar var ki, dünənə kimi yeməyə çörək tapmırdı. Axşama kimi camaatla çayxanalarda domino oynayırdı. İndi vəzifəyə keçdikdən sonra heç kimi saymır. Sanki sadə insanlarla aralarında sədd çəkilib. Belə qudurğanlıq olar?Mən idmançı kimi respublikanın çox rayon və şəhərlərində oluram. Qəbələ rayonunda olduğu kimi özbaşnalıq görməmişəm. Rayon polisinin işi-gücü meşələri doğratdırıb satmaqdır. Eşitsələr ki, kim isə maşın alıb, satıb ya azacıq pullanıb, həmin adam mütləq şərlənərək polisə gətirilməlidir ki, son qəpik-quruşunu da orada alsınlar. Prokurorluq şər yuvasıdır. Ora işin düşdüsə çətin qurtara biləsən. Dərini soymamış əl çəkən deyillər. Bəli, son günlər dərc etdiyiniz yazılarınızı rayon əhalisi çox həvəslə oxuyur. Hələ elə müraciətlər olacaq ki, özünüz də dəhşətə gələcəksiniz ki, yəni belə şey ola bilər. Rayonda təhsili məhv ediblər. Balalarımız savadsız böyüyürlər. Məktəblərdə bir müəllim üçün nəzərdə tutulan yerlərə bir neçə müəllimi pərçimləyiblər. Aldıqları cüzü əmək haqqına da direktorlar göz dikiblər. Deyirlər təhsilin müdiri istəyir, hər müəllim filan qədər verməlidir. Müdiri dindirirsən deyir yuxarılar istəyir, baxırsan ki, yuxarılar hər gün daha da imkan sahibinə çevrilirlər, ancaq bizlər sadə müəllimlər evimizə un ala bilmirik. Rayonda adi bir arayış almaq üçün on (10) manatından keçməlisən. Xeyri yoxdur verməlisən. Desən ki, gedirəm prokurorun, icra başçısının yanına, səndən pul istəyən məmur sevinəcək deyəcək ki, düz edirsən tez get. Çünki ora getsən prokuror, başçı səni borclu çıxaracaq. Çünki ayın sonunda onların ciblərinə gedir. Hərbi şəhərciklə bağlı yazdıqlarınız tamamilə doğru, dürüstdür. Burada rayon məmurları işğal planı həyata keçirirlər. Buna görə də min hoqqadan çıxırlar ki, mərkəzi aparat xəbər tutmasın. Ancaq sizlər qəzet, sayt rəhbərləri sadə camaatın yanında olun. İmkan verməyin ki, kasıb insanlar qışın bu çağında çölə atılsınlar. Onsuz da yerli məmurlardan insaf, mürvət gözləməyə dəyməz. Yerli məmurlar Qəbələ camaatı ilə düşmən kimi davranırlar. Elə bil ölkəmizə ermənilər deyil, qəbələlilər güllə atıblar. Burada sadə bir məqam var. Molla demişkən dava yorğan davasıdır. Rayon məmurlarının da davası buradakı mənzilləri ələ keçirməkdir. Ona görə abır-həyalarını çiyinlərinə atıb insanlara divan tuturlar. Şəhərcikdə tam orta məktəb fəaliyyət göstərir. Burada müəllimlər yığışıb laqqırtı vurmaqla günlərini keçirirlər. Hamısı repititorluq edir. Dərs keçən yoxdur. Kimsə istəyir ki, övladını gələcəkdə ali məktəbə göndərsin, rayona yaxud başqa yerə hazırlığa göndərir. Əgər dərs vaxtı gəlib yoxlasanız görərsiniz ki, şagirdin adı məktəbdə gedir, özü dərsdə deyil, hazırlıqdadır. Bu məktəbə də istənilən qədər qeyri ixtisas müəllimləri yığıb doldurublar. Şagird var ki, iki cümlə yazdır görəcəksən ki, nə qədər səhfləri var. Qəbələnin dərdi böyükdür, ancaq əlac qılan yoxdur. İndi ki, problemləri işıqlandırmaq kimi missiyanı boynunuza götürmüsünüz, xahiş edirik bu işi yarımçıq qoymayın. Bircə şeyi yadınızda saxlayın. Bütün ölkə mətbuatı, televiziyaları gecə gündüz Qəbələni cənnət məkan kimi qələmə verirlər. Deyirlər ki, Qəbələdə insanlar firavan, əmin-amanlıq içərisində yaşayırlar. Ancaq mən deyirəm ki, bu başdan-ayağa kimi yalandır. Baxın təəccübləndiniz deyilmi?Elə isə gəlin araşdırın görün Qəbələdə nə qədər eybəcərliklər ortaya çıxacaq”.
Redaksiyadan:Kiv haqqında qanunu rəhbər tutaraq, mənbəni gizli saxlamaq hüququmuz var. Bütün bunlara baxmayaraq Azərbaycanın bir müddət paytaxtı olmuş Qəbələ rayonu haqqında deyilənlər media nümayəndəsi kimi bizim də ürəyimizcə olmadı. Ancaq bütün bu fikir və mülahizələri Qəbələ sakini həm də ali təhsilli müəllim nəql edir. Cumhuriyyət. az olaraq yazıda adları keçən şəxslərin və dövlət qurumlarının fikir və münasibətini dinləyib dərc etməyə hazır olduğumuzu bir daha bəyan edirik.
Elçin İsmayıllı. Cumhuriyyət. az üçün xüsusi olaraq. Bakı-Qəbələ Qəbələ-Bakı.

Short URL: http://www.cumhuriyyet.net/?p=51486

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728