Ağsuda sosial narazılıqlar hər ötən gün artmaqdadır – VİDEO
Ağsu rayonundan cumhuriyyət. az-ın elektron poçtuna növbəti şikayət dolu məktub daxil olub. Ağsuda insanların olduqca acınacaqlı durumda yaşadıqlarını sübut edən onlarla faktı cəmiyyətə təqdim etmişik. Buradakı yarıtmaz idarəçilik insanları son vaxtlar etirazlara belə sövq etdi. Ancaq yaxşılığa doğru heç bir şey dəyişmədi. Rayonun icra başçısı Ənvər Seyidəliyev başının dəstəsi ilə yenə də öz bildiyi kimi fəaliyyətdədir. Həmin şikayəti cumhuriyyet.az olaraq olduğu kimi dəyərli oxucularımıza təqdim edirik.
“Mən Əfqan Bahadur oğlu Vahidov, Ağsu rayonunun Çiyni kənd sakiniyəm. Gördüyünüz bu evdə yaşayıram. Evin vəziyyəti çox bərbaddır. Qardaşım Qarabağ müharibəsində şəhid olub. Anam hazırda xəstə olduğu üçün Bakı şəhərində müalicədədir. Atam sağ olanda kəndimizə əhali ilə görüşə gələn icra başçısı Ənvər Seyidəliyev, atama dedi ki, narahat olmayın eviniz yenidən tikiləcək. Sonradan atam dünyasını dəyişdi. Atam öləndən sonra Ənvər müəllim daha bu söhbətin üstünə qayıtmadı. Bu ev 1960-cı ildə tikilib. Hazırda uçulub gedir. Bu ilin yanvar ayında biz yenidən rəhbərliyə müraciət etdik. Rayondan nümayəndələr gəlib evə baxış keçirdilər və bizə bildirdilər ki, narahat olmayın ayın iyirmisindən tikintiyə başlayacağıq. Ancaq artıq fevral ayı yarı olub heç bir xəbər yoxdur. Hazırda bu məsələ ilə bağlı bizlərlə heç kəs maraqlanmır. Bizdən soruşan yoxdur ki, bu uçuq daxmada necə yaşayırsınız?Evin döşəməsi çürüyüb gedib. Yayda evə ilanlar, qışda isə siçanlar doluşur. Evin damı da çürüyüb. Yağan yağış üstümüzə damır. Ağsuda dərdimizi deməyə adam tapmırıq. Hamı yaxşı olacaq deyib bizləri aldadır. Mən ünvanlı sosial yardım almaq üçün müraciət etdim, dedilər ki, sənə düşmür, çünki anan təqaüd alır. Anamın təqaüdü özünün dərmanlarına çatmır. Şəkər xəstəsidir, infarkt keçirib. Bir də ki, atam rəhmətə gedəndə anam təqaüd kartını banka girov qoyub kredit götürdü. Mənim üç azyaşlı məktəbli övladım var. Özüm az qranatda işləyirəm. Aylıq mənə səksən manat əmək haqqı verirlər. Mən bu məbləğlə necə dolanım? Dolana bilmirəm. Rayon rəhbərliyi bizləri eşitmək istəmir. Mən üzümü cənab prezidentimizə tutub ondan kömək istəyirəm. Evimiz bərbad gündədir, dolanışığımız yox dərəcəsindədir, imkansızıq, xahiş edirəm, əlaqədar qurumlar bizlərə kömək etsinlər”.
Redaksiyadan: Yazıda adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq. Qeyd edirik ki, dövlət neft şirkətinin vitse prezidenti Mikayıl İsmayılov əslən Çiyni kəndindəndir.
Elçin İsmayıllı. Cumhuriyyət.az
Short URL: http://www.cumhuriyyet.net/?p=53805