Yaqub Zurufçunun “Kürdüstan” XƏYANƏTİ (VİDEO)
Müğənnin ürəkdən oxuduğu mahnı Azərbaycan torpaqlarını da əhatə edən PKK xəritəsinin fonunda oxunur
Parçalanmış Azərbaycanın bir-birinə həsrət qaldığı bir vaxtda Cənubdan gələn hər bir həzin səsə qarşı həssaslıq duyardıq. Onlardan biri də “Ayrılıq” mahnısı ilə Azərbaycan türklərinin qaysaqlanmış yarasını qoparan Yaqub Zurufçu idi. Əslən Təbrizdən olan Y.Zurufçu hələ sovet hakimiyyəti illərində “Vətən” cəmiyyətinin sayəsində ilk dəfə Azərbaycana gəlmiş və burada böyük təntənə ilə qarşılanmışdı.
Müğənni ABŞ vətəndaşı olsa da, Prezident İlham Əliyevin sayəsində 2009-cu ildənAzərbaycan Respublikasının vətəndaşlığı aldı, elə həmin ildə də “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görüldü. Əlbəttə ki, onun bu ada layiq görülməsi Güney və Quzey Azərbaycandakı soydaşlarımızın çəkdikləri həsrəti bütün dünyaya çatdırmaq üçün oxuduğu mahnıları olub və İrandakı türklərin az qala simvoluna çevrilmiş bu şəxsin Azərbaycana və türkə xəyanət edəcəyi heç kimin ağlına gələ bilməzdi.
Amma son dövrlərin hadisələri göstərir ki, Azərbaycanın “çörəyinin duzu” yoxdur, ya da onu dadanların ağzının tamı yoxdur. Bu yaxınlarda internetdə çox hörmətli Azərbaycanın “Əməkdar artisti”nin ifasında rast gəldiyim “Bura Kürdüstan” mahnısı bunu bir daha sübut etdi. Hansısa müğənninin başqa bir, hətta ermənilərə məxsus mahnını oxuması qəbahətli bir iş deyil. Tarixən, indidə buna bir çox misal gətirmək olar. Amma xalqımızın tarixin sıanqlarından yaranan belə bir məsəli də var: “Avazın yaxşı avazdır, oxuduğun Quran olsa”. Əlbəttə ki, Y.Zurufçunun Müqəddəs Qurandan ayə oxumasını tələb etmək fikrimiz yoxdur. Keçək əsas mətləbə ki, Güneydəki qardaşlarımız demiş, bu zati-möhtərəm hansı qələt iş görüb?
Y.Zurufçu kürd şairi Əlirza Nabdel Oxtayın kürd dilində yazılmış şeirini “Bura Kürdüstan” mahnısı adı altında Azərbaycan dilində oxuyub.
Bu azmış kimi onu da klip halına salıb inetrnetdə yayıblar. Həmin klipin mahiyyəti və xarakterindən də çoxsaylı suallar yaranır.
Əvvəla, Azərbaycanın “Əməkdar Artisti”ni belə bir addım atmağa kim və nə vadar edib? Ə.N.Oxtayı çox istəyirdisə elə kürd dilində oxuyardı, heç kim başa düşməz, onun nə qələt elədiyinin heç bir türk anlamazdı.
İkincisi, “Bura Kürdüstan” mahnısının sevimli müğənnimiz elə şövqlə, elə ürəkdən, hətta az qala marş kimi oxuyur ki, onun millətimizə mənsubluğuna şübhə yaranır. Sizi inandırıram ki, “Var olsun, Kürdüstan” söyləyən bu müğənni heç Azərbaycanın Dövlət Himnini belə ürəkdən oxumaz, bəlkə də ağızdolusu vətənpərvərlikdən danışan bəzi sənətçilərimiz kimi himnimizin sözlərini bilmir.
Üçüncüsü, Y. Zurufçu bu mahnının sözlərini başa düşərək oxuyub, yoxsa? Başa düşməyibsə, lap pis. İnsan öz dilində olan sözlərin mənasını başa düşməyəcək qədər səviyyədən kasad ola bilərmi? Elə deyilsə, qonşumuz, sovet dövründə yoldaşımız, indiki düşmənimiz ermənilər kimi, dastanımızı, əsərlərmizi öz adlarına çıxanların (mətndə Qızıl Üzən çayı, Bisütun dağı, Nizaminin Fərhad və Şirini özününküləşdirilir) cızma-qarasını oxumaqla həm özünü, həm də millətini biabır etdiyinin fərqinə niyə varmayıb?
Dördüncüsü, internet aləmində tez-tez rast gəldiyimiz, PKK başda olmaqla bölgədəki bir çox separatçı təşkilatların yaydıqları, o taylı, bu taylı Azərbaycanın bir hissəsini də əhatə edən “Böyük Kürdüstan” xəritəsinin (bunu da kürd separatçılar daşnakçı erməni qardaşlarından əxz ediblər) fonunda səsləndirdiyin bir mahnı oxunursa, digər sahə təmsilçilərindən daha həssas olan sənətçi kimi ruhun incimirsə, ən azı Azərbaycanın vətəndaşı və “Əməkdar artsisti” kimi vicdanın sızlamalıdır.
Ondan xəbərsiz belə bir addım atılıbsa, bütün yollara baş vurub gecikmiş də olsa, bu ayıbı aradan qaldırmaq lazımdı. Yox əgər belə bir addımı Yaqub Zurufçu bilə-bilə atıbsa, onda ona İraqın şimalında faktiki olaraq M.Bərzani tərəfindən elan ediləcək müstəqil Kürdüstanın hakimiyyətində ən azı mədəniyyət naziri postu vəd edilib.
Nəhayət, çoxsaylı sualların yaranmasına səbəb olan biabırçılığı konkret olaraq bu cür təqdim etmək olar: Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi, Cənubi Azərbaycanın əraziləri “Şərqi Kürdüstan” adlandırılırsa, üstəlik həmin “Böyük Kürdüstan”a Ankara vilayəti başda olmaqla qardaş Türkiyənin az qala ərazisinin yarısı aid edilirsə, təbliğatında da əslən Təbrizdən olan, Azərbaycanın “Əməkdar artisti”nin ifası istifadə edilirsə, bunun adı XƏYANƏTdir.
Qaşqay Ziyəddinoğlu
AzToday.az
Short URL: http://www.cumhuriyyet.net/?p=53863