Azərbaycana qaçıb gələn ermənilər hardadırlar və nə işlə məşğuldur?
Ötən ilin sentyabrında Ermənistandan Azərbaycana qaçıb gəlmiş “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan və ailəsi hələ də Bakıda yaşayırlar. Bunu Milli.Az-a erməni ailəsinin ölkəmizə gəlməsində xüsusi rolu olan Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
N.Cəfəroğlunun sözlərinə görə, o, ailə ilə, onların vəziyyəti ilə mütəmadi olaraq yaxından maraqlanır: “Onların ümumi vəziyyətləri normaldır, yaşayışları da yaxşıdır”. Lakin hüquq müdafiəçisi V.Martirosyan və ailəsinin Bakıda nə işlə məşğul olmalarına və bundan sonra da Azərbaycanda qalacağı, yoxsa üçüncü ölkəyə gedib-getməyəkləri ilə bağlı suallara cavab vermək istəmədiyini deyib.
Qeyd edək ki, ötən ilin oktyabrında N.Cəfəroğlu Milli.Az-a bildirmişdi ki, Ermənistandan qaçaraq Azərbaycana sığınan “Milli Azadlıq Hərəkatı”nın rəhbəri Vaan Martirosyan və ailəsi, hələ ki, başqa dövlətə getmək fikrində deyillər və bundan sonra burada, Azərbaycanda, Bakıda qalıb yaşamaq istəyirlər. O, hətta V.Martirosyanın Azərbaycanda qalaraq burada işləmək fikri olduğunu açıqlamışdı: “Vaanın özü rəssamdır, həyat yoldaşı isə ssenaristdir. Yəqin ki, onlar hələlik də olsa, Azərbaycanda bir iş tapa biləcəklər”.
Xatırladaq ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və ailəsi bu ilin sentyabrın 17-də Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəyib. Müxalif yönümlü fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin təzyiqlərinə məruz qaldığını deyən V.Martirosyan özünün, həyat yoldaşı və azyaşlı övladının təhlükəsizliyini təmin etmək üçün ən münasib ölkə kimi məhz Azərbaycanı seçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=54242