Ağ Göl Milli Parkı: Təbiətin Azərbaycan möcüzəsi – VİDEO
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, o cümlədən digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır. Bu da göldə adları “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.
Ağ göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının “Ramsar Siyahısı”na daxil edilmişdir. Ağ göl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir.
Gölün qorunmasında ilk addım 1964-cü ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2 mart tarixində gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin 1298 №-li Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.
Milli Parkın ərazisi yalnız bataqlıqlar deyil, həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir.
Ağ göl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.
Ağ gölün dərinliyi 0,5-2,5 metr arasında dəyişir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalaraq, ən aşağı həddə çatır.
Ağ göl Milli ParkıMilli Parkın ərazisində yayı quraq keçən yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Belə iqlim şəraiti (gölün suyunun bəzən qışda donması müstəsna olmaqla) burada quşlar və məməlilərin məskunlaşması üçün əlverişli şərait yaradır.
Ağ göl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. yayılmışdır.
Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.
Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi su ilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.
Ağ göl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı, fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin güclü populyasiyasına təsadüf olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=56338